Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-4/2024 23.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Mirqani oğlunun Cavabdeh qarşı “torpaq sahəsindən cavabdehin çıxarılması və dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər:Torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair) Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Mirqani oğlunun iştirakı ilə İddiaçı Mirqani oğlunun Cavabdeh qarşı “torpaq sahəsindən cavabdehin çıxarılması və dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbi”nə dair iddiası üzrə mülki işə 23 yanvar 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Mirqani oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 06 saylı Qərarı ilə ona və digər ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 2.78 ha çöl pay torpaq sahəsindən cavabdehin məcburi olaraq çıxarılmasına və dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 06 saylı qərarı ilə iddiaçıya və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zərdab rayonu Əlvənd kəndi ərazisindən 2.78 ha torpaq sahəsi verilmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin bir hissəsini zəbt edilmişdir. İddiaçı dəfələrlə cavabdehin həmin torpaq sahəsindən çıxmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də, hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı Mirqani oğlu iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh onun kəndçisidir. Zərdab rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 06 saylı qərarı ilə ona və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zərdab rayonu Əlvənd kəndi ərazisindən 2.78 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. O, hesab edir ki, cavabdeh sözügedən torpaq sahəsini qanunsuz zəbt etmişdir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zərdab rayonu Əlvənd kəndi ərazisindən torpaq sahəsi verilmişdir. O, cavabdehə məxsus torpaq sahəsini zəbt etməmişdir. O, çöl pay torpaq sahəsində iddiaçı ilə qonşudur. Hazırda o, öz torpaq sahəsindədir və iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Odur ki, o, hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Torpağın Mülkiyyət Hüququna dair JN-115 KOD 90503018 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 06 saylı qərarı ilə hazırkı İddiaçı Mirqani oğlu və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Əlvənd kəndi ərazisindən 2.78 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/7473 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı Mirqani oğlu və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.78 ha torpaq sahəsinin 2.04 ha hissəsi Cavabdeh naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 3.55 ha torpaq sahəsinin 2.04 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 manat təşkil edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 06 saylı qərarı ilə iddiaçıya və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zərdab rayonu Əlvənd kəndi ərazisindən 2.78 ha torpaq sahəsi verilmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. İddiaçı dəfələrlə cavabdehin həmin torpaq sahəsindən çıxmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlardan, məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyət Hüququna dair JN-115 KOD 90503018 nömrəli Dövlət Aktından və məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/7473 saylı, xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olundu ki, İddiaçı Mirqani oğlu və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Zərdab rayonu Əlvənd kəndi ərazisində yerləşən 2.78 ha torpaq sahəsinin 2.04 ha hissəsi iddiaçının və ailə üzvlərinin (mülkiyyətçilərin) iradəsinə zidd olaraq Cavabdeh tərəfindən naturada istifadə olunur. Nəticədə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, İddiaçı Mirqani oğluna (və ailə üzvlərinə) məxsus olan hər hansı bir torpaq sahəsini zəbt etmədiyini bildirsə də, öz etirazını əsaslandıra bilməmiş və iddianın rədd edilə bilməsi üçün məhkəməyə hansı bir sübut təqdim etməmişdir. Cavabdeh iddiaya qarşı vermiş olduğu izahatı iddiaçının izahatı ilə yanaşı, məhkəmə tikinti-texniki ekspertizasının -16-16/2-10/7473 saylı, xx.xx.2023-cü il tarixli tarixli rəyi ilə tam şəkildə təkzib edilmişdir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, sadalanan maddi və prosesual qanunvericilik normalarının müdəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı Mirqani oğlunun (və onun ailə üzvlərinin) mülkiyyətində olan sözügedən torpaq sahəsinin 2.04 ha hissəsinin iddiaçının (və onun ailə üzvlərinin) iradəsinə zidd olaraq Cavabdeh tərəfindən istifadə olunmasının heç bir hüquqi əsası yoxdur. Bu iddiaçının mülkiyyət hüququnun pozuntusudur. Məhkəmə hesab edir ki, iddia həm faktiki, həm də hüquqi əsasa malikdir. Ona görə də iddiaçının (və onun ailə üzvlərinin) mülkiyyət hüququnun pozuntusu aradan qaldırılmalı və bu məqsədlə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, İddiaçı Mirqani oğlu tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 100 manat pul Cavabdeh tutularaq iddiaçıya, həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh Məmmədov X1 Mülkiyyət Hüququna dair JN-115 KOD 90503018 nömrəli Dövlət Aktında göstərilən İddiaçı Mirqani oğluna (və onun ailə üzvlərinə) məxsus Zərdab rayonu Əlvənd kəndində yerləşən torpaq sahəsinin zəbt etdiyi 2.04 ha hissəsindən çıxarılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar İddiaçı Mirqani oğlu tərəfindən dövlət büdcəsinə köçürülmüş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişəəsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-4/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-4/2024
23.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver