Məhkəmə qərarları › İş №2(035)-494/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-494/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-494/2024 05.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə. (Açar sözlər:Pul tələbi) X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə 05 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1000 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsindən və tərəflər arasında imzalanaraq təsdiq olnmuş xx.xx.2017-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh 4,52 ha pay torpağının 2,41 hektarını Zərdab Rayon Qoşaoba kəndində məskunlaşan məcburi köçkün İddiaçı aldığı 1000 manat pulun müqabilində əkib becərmək üçün 2026-cı ilədək istifadəsinə vermişdir. Tərəflərin yazılı razılaşmalarına əsasən cavabdehin ailə üzvlərindən hər hansı birinin narazılığı olarsa cavabdeh iddiaçıdan aldığı 1000 manat pulu geri qaytaracağına razı olduğunu bildirmişdir. Lakin, cavabdeh aralarında olan razılaşmalarını pozaraq iddiaçının torpaqdan istifadəsinə imkan verməmiş, nə də ki, iddiaçıdan aldığı 1000 manat məbləğində pulu geri qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehə verdiyi 1000 manat pulu tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məhkəmə bildirişləri göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2015-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək icarə müqaviləsinə, həmçinin cavabdeh tərəfindən təsdiq olunmuş xx.xx.2017-ci il tarixli iltizama əsasən cavabdehə və cavbdehin ailə üzvülərinə məxsus 4,52 ha pay torpaq sahəsinin 2,41 hektarını ondan aldığı 1000 manat pulun müqabilində əkib becərmək üçün 2026-cı ilədək onun istifadəsinə vermişdir. Lakin, cavabdeh aralarında olan razılaşmalarını pozaraq nə torpaqdan istifadəsinə imkan verməmiş, nə də ki, razılaşmalarına əsasən ondan aldığı 1000 manat məbləğində pulu geri qaytarmamışdır. Halbuki, onların aralarında olan yazılı razılaşmalarına əsasən iltizamda qeyd edildiyi kimi əgər cavabdehin ailə üzvlərindən hər hansı birinin narazılığı olarsa cavabdeh ondan aldığı 1000 manat pulu geri qaytaracağını bildirmişdir. Cavabdeh onların aralarında olan razılaşmalarını pozaraq torpaqdan istifadəsinə imkan verməmiş, nə də ki, ondan aldığı 1000 manat məbləğində pulu bugünədək geri qaytarmamışdır. O, dəfələrlə cavabdehə verdiyi 1000 manat pulu tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixindən, xx.xx.2023-cü il tarixinədək bağlanmış icarə müqaviləsindən görünür ki, cavabdehə və cavabdehin ailə üzvülərinə məxsus 4,52 ha pay torpaq sahəsinin 2,41 hektarını İddiaçı aldığı 1000 manat pulun müqabilində əkib becərmək üçün səkkiz il müdətinə icarəyə vermişdir. İşdə olan Cavabdeh tərəfindən imzalanaraq təsdiq olunmuş xx.xx.2017-ci il tarixli iltizamdan görünür ki, cavabdeh 4,52 ha pay torpaq sahəsinin 2,41 hektarını İddiaçı aldığı 1000 manat pulun müqabilində əkib becərmək üçün 2026-cı ilədək istifadəyə verməyi, gələcəkdə ailə üzvülərindən hər hansı birinin narazılığı olarsa 1000 manat pulu geri qaytaracağını və 2,41 hektar torpaq sahəsinin İddiaçı geri alınmasına razı olduğunu bildirmişdir. İşdə olan seriya nömrəsi AA № 343541, qeydiyyat nömrəsi 982 olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyekdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 51-ci maddəsinin 1-ci hissəsinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 51-ci maddəsinin 4-cü hissəsinə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə vəbaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən 1000 manat pulun müqabilində cavabdeh iddiacıya xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdehə və onun ailə üzvülərinə məxsus 4,52 ha pay torpaq sahəsinin 2,41 hektarını icarəyə və xx.xx.2017-ci il tarixdə təstiq olunmuş iltizama əsasən 2026-cı ilə kimi isə əkib becərmək üçün istifadəyə vermişdir. Tərəflərin razılaşmalarına əsasən əgər cavabdehin ailə üzvlərindən hər hansı birinin narazılığı olarsa cavabdeh iddiaçıdan aldığı 1000 manat pulu geri qaytaracağını bildirmişdir. Lakin, cavabdeh tərəflər arasında olan razılaşmalarını pozaraq iddiaçıya torpaqdan istifadəsinə imkan verməmiş, nə də ki, tərəflərin razılaşmalarına əsasən cavabdeh iddiaçıdan aldığı 1000 manat məbləğində pulu geri qaytarmamışdır. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli və cavabdehdən 1000 manat miqdarında pul alınaraq iddiaçıya verilməlidir. Cavabdehə dəfələrlə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına üzrsüz səbəbdən gəlməmişdir. Buda ona dəlalət edir ki, cavabdeh iddianı qəbul etmişdir. Belə olan halda məhkəmə qətnamənin çəkişmə prinsipinə riayət edilməklə qəbul edilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, hazırkı iddia maddi zərərin ödənilməsi ilə bağlı olduğundan və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, eləcə də cavabdehdən tutulmalı olan 1000 manat təşkil etdiyindən həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh 1000 manat pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar