Məhkəmə qərarları › İş №2(035)-64/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-64/2024

11.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-64/2024 11.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Mənzildən çıxarılma tələbi) X8 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 11 yanvar 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Zərdab rayonu Dəliquşçu kəndi, İ.Əfəndiyev küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdehlə 2005-ci ildə nikah aktı rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahlarından iki övladları olmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X3 özünün, xx.xx.2007-ci il təvəllüdlü X2 cavabdehin (ananın) yanında saxlanılması qət edilmişdir. Həmin Məhkəmənin 2(035)-486/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə birgə nikah dövründə əldə edilmiş özünün mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin və vaz 2104 markalı **- CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə cavabdehin mülkiyyət hüququnun tanınması və həmin əmlakların ½ hissəsinin onların arasında bölünməsi qət edilmişdir. Həmin qətnamədən hazırki cavabdehin nümayəndəsi (vəkil) X7 apellyasiya şikayəti vermiş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-486/2022 saylı qətnaməsi dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Cavabdehlə birgə nikaha daxil olmamışdan əvvəl 2001-ci ildə valideynlərinin və onun iştirakı ilə Dəliquşçu kəndi İ.Əfəndiyev küçəsində yerləşən fərdi yaşayış evi tikilmişdir. Həmin yaşayış evi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdeh hazırda qanunsuz və əsassız olaraq heç bir hüquqi əsası və aidiyyəti olmayan həmin evə gələrək orada yaşayacağını bildirmişdir. Bununla bağlı AR DİN 102 zəng mərkəzinə məlumat verilmişdir. Məsələnin məhkəmə qaydasında həll olunmalı olduğu bildirilmişdir. Cavabdehə məlum olduğu kimi birgə nikah dövründə əldə edilmiş əmlaklar qanuni olaraq məhkəmə qaydasında bölünmüşdür. Hazırda cavabdeh könüllü olaraq sözügedən evdən çıxmasından imtina edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə 2004-cü ildə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2005-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikahın pozulması, birgə nikahından doğulan xx.xx.2005-ci il təvəllüdlü X3 özünün, xx.xx.2007-ci il təvəllüdlü X6 hazırki cavabdehin (ananın) yanında (himayəsində) saxlanılması qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən hazırki cavabdeh tərəfindən verilmiş iddia qismən təmin edilmiş, cavabdehlə birgə birgə nikahı dövründə əldə edilən, özünün mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin və Vaz 2104 markalı 90CR 052 dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə Cavabdeh mülkiyyət hüququnun tanınması və həmin əmlaklar ½ hissədə onların arasında bölünməsi qət edilmiş, cavabdehin iddiası üzrə digər və iddia tələbinin Zərdab rayon Dəliquşçu kəndi İlyas Əfəndiyev küçəsində yerləşən fərdi yaşayış evinin dəyərinin müəyyən olunub həmin məbləğin ½ hissədə hazırki cavabdehlə onun arasında bölünməsinə gəlincə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin tələblərinə əsasən daşınmaz əmlaklarla bağlı hüquqlar dövlət qeydiyyatından keçirilməlidir. Mülki qanunvericiliyin tələblərinə əsasən dövlət qeydiyyatına alınmayan hüquqlara dövlət tərəfindən təminat verilmir. Bundan başqa həmin işə baxılarkən hazırki cavabdehin atası şahid Valik Hüseynovun ifadəsindən müəyyən olunmuşdur ki, sözügedən ev onun valideyinlərinin iştirakı ilə hələ o, Cavabdeh ilə evlənməmişdən qabaq tikilmişdir. Hazırki Cavabdeh həmin evə dair texniki pasport və hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Özünün isə məhkəməyə təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********05 saylı məktubundan müəyyən olunmuşdur ki, sözügedən ev daşınmaz əmlak olaraq dövlət qeydiyyatından keçməmişdir. Sözügedən ev daşınmaz əmlak olaraq dövlət qeydiyyatından keçmədiyi, evin kimin (cavabdehin, onun valideyinlərinin və ya başqasının) mülkiyyətində olması bəlli olmadığı halda evin onlar arasında bölünməsi mümkün olmamış və hazırki cavabdeh həmin tələbinin təmin olunmalı olmasını məhkəmə iclasında əsalandıra bilməmişdir. Ona görə də iddia həmin hissədə də təmin edilməmişdir. Həmin qətnamədən hazırki cavabdehin nümayəndəsi (vəkil) X7 apellyasiya şikayəti vermiş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-486/2022 saylı qətnaməsi dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Buna baxmayaraq Cavabdeh heç bir hüquqi əsası olmadan, qanunsuz olaraq hazırda sözügedən evə (sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, qanuni əsaslarla ayrılmış həyətyanı torpaq sahəsində tikildiyi üçün özünün həmin evə mülkiyyət hüququ (“gözlənilən mülkiyyət”) hüququ vardır) gələrək hazırda orada yaşayır. Özüdə həmin evdə yaşamış, lakin cavabdeh həmin evə gəldikdən sonra məcbur olub ata evində yaşayır. Artıq cavabdeh onun üçün tam yad bir insandır, onunla sözügedən evdə birlikdə yaşamaları mümkün deyil, dəfələrlə cavabdehdən konüllü olaraq sözügedən evdən çıxmasını tələb etsə də, cavabdeh evdən çıxmaqdan imtina etmişdir. Bununla əlaqədar mediasiyaya müraciət etsə də, aralarında razılıq olmadığından mediator prosesi davam etdirmək qərarına gəlməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə 2004-cü ildə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2005-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından iki uşaqları xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X6 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə aralarındakı nikahın pozulması, birgə nikahından doğulan xx.xx.2005-ci il təvəllüdlü X1 hazırki iddiaçının, xx.xx.2007-ci il təvəllüdlü X4in özünün yanında (himayəsində) saxlanılması qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onun tərəfindən verilmiş iddia qismən təmin edilmiş, hazırki iddiaçı ilə birgə nikah dövründə əldə edilən, hazırki cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin və Vaz 2104 markalı 90CR 052 dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınması və həmin əmlaklar ½ hissədə hazırki iddiaçı ilə aralarında bölünməsi qət edilmiş, iddia tələbinin digər və Zərdab rayon Dəliquşçu kəndi İlyas Əfəndiyev küçəsində yerləşən hazırda mübahisələndirilən fərdi yaşayış evinin dəyərinin müəyyən olunub həmin məbləğin ½ hissədə hazırki iddiaçı ilə onun arasında bölünməsi hissəsində təmin edilməmişdir. Qeyd edir ki, hazırda sözügedən evə 2004-cü ildə gəlin köçmüş, həmin vaxt ev 2 otaqlı olmuş, sonradan əlavə 2 otaq artırılmış, ev 4 otaqlı olmuşdur. Həmin otaqların üçü təmir olunmuş, biri isə təmir olunmamışdır. Həmin ev dövlət qeydiyyatından keçməmişdir. Lakin hesab edir ki, həmin evə gəlin gələrək, iddiaçı ilə orada yaşamış, evdə əlavə təmir işləri görüldüyündən onunda həmin evə haqqı var. İddiaçı ilə münasibətlərini qaydasına salıb, barışmaq istəyir. Hazırda qızı Gülayla həmin evdə yaşayır və onun həmin evdən çıxmaq fikri yoxdur. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-222/2022 saylı, xx.xx.2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Zərdab rayon Dəliquşçu kənd icra nümayəndəliyində xx.xx.2005-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2007-ci il təvəllüdlü X2 hazırki cavabdehin (ananın), xx.xx.2005ci il təvəllüdlü X1 isə hazırki iddiaçının (atanın) yanında (himayəsində) saxlanılması qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-486/2022 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahı dövründə əldə edilən, hazırki İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin və Vaz 2104 markalı 90CR 052 dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə Cavabdeh mülkiyyət hüququ tanınması və həmin əmlakların ½ hissədə tərəflərin arasında bölünməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-222/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, hazırki Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-486/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Dəliquşçu kənd Bələdiyyəsində xx.xx.2001-ci il tarixdə bələdiyyənin sədr müavini Şirvan Mehralıyev, aqronom İlham Mehralıyev, üzvü Eldəniz Bədəlov, Sərdar Mehralıyev və kənd sakini İddiaçı iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, iyirmi iki hektar adlanan sahədən kəndin inkişafı üçün nəzərdə tutulan sahədən 12 sot ölçülərək İddiaçı həyətyanı sahə kimi verilmişdir. İşdə olan mediator X5 tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli MŞŞ/1/MT018/2023- 02342 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etmiş, tərəflər arasında razılıq olmadığı üçün mediator prosesi davam etdirmək qərarına gəlməmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.4-cü maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulunərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir.Müvafiq olaraq,bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. (§124) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin halları ilə müəyyən olunur ki, tərəflər 2004-cü ildə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2005-ci ildə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından iki uşaqları doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-222/2022 saylı qətnaməsinə əsasən tərəflərin arasındakı nikahın pozulması, birgə nikahlarından doğulan xx.xx.2005-ci il təvəllüdlü X3 hazırki iddiaçının, xx.xx.2007-ci il təvəllüdlü X6 hazırki cavabdehin (ananın) yanında (himayəsində) saxlanılması qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(035)486/2022 saylı qətnaməsinə əsasən hazırki cavabdeh tərəfindən verilmiş iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahları dövründə əldə edilən, hazırki İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin və Vaz 2104 markalı 90CR 052 dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə Cavabdeh mülkiyyət hüququnun tanınması və həmin əmlaklar ½ hissədə tərəflərin arasında bölünməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Beləki, həmin iş üzrə hazırki cavabdehin iddia tələbinin Zərdab rayon Dəliquşçu kəndi İlyas Əfəndiyev küçəsində yerləşən fərdi yaşayış evinin dəyərinin müəyyən olunub həmin məbləğin ½ hissədə hazırki iddiaçı ilə onun arasında bölünməsinə gəlincə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin tələblərinə əsasən daşınmaz əmlaklarla bağlı hüquqlar dövlət qeydiyyatından keçirilməlidir. Mülki qanunvericiliyin tələblərinə əsasən dövlət qeydiyyatına alınmayan hüquqlara dövlət tərəfindən təminat verilmir. Bundan başqa həmin işə baxılarkən hazırki cavabdehin atası şahid Valik Hüseynovun ifadəsindən müəyyən olunmuşdur ki, sözügedən ev hazırki iddiaçının valideyinlərinin iştirakı ilə hələ İddiaçı Cavabdeh ilə evlənməmişdən qabaq tikilmişdir. Hazırki Cavabdeh həmin evə dair texniki pasport və hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Hazırki iddiaçının isə məhkəməyə təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********05 saylı məktubundan müəyyən olunmuşdur ki, sözügedən ev daşınmaz əmlak olaraq dövlət qeydiyyatından keçməmişdir. Sözügedən ev daşınmaz əmlak olaraq dövlət qeydiyyatından keçmədiyi, evin kimin (cavabdehin, onun valideyinlərinin və ya başqasının) mülkiyyətində olması bəlli olmadığı halda evin onlar arasında bölünməsi mümkün olmamış və hazırki cavabdeh həmin tələbinin təmin olunmalı olmasını məhkəmə iclasında əsalandıra bilməmişdir. Ona görə də iddia həmin hissədə də təmin edilməmişdir. Həmin qətnamədən hazırki cavabdehin nümayəndəsi (vəkil) X7 apellyasiya şikayəti vermiş, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-486/2022 saylı qətnaməsi dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Buna baxmayaraq Cavabdeh heç bir hüquiqi əsası olmadan, qanunsuz olaraq hazırda sözügedən evə (sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, qanuni əsaslarla ayrılmış həyətyanı torpaq sahəsində tikildiyi üçün İddiaçı həmin evə mülkiyyət hüququ (“gözlənilən mülkiyyət”) hüququ vardır) gələrək hazırda orada yaşayır. Məhkəmə qeyd etməyi lazım bilir ki, müvafiq torpaq ayırma sənədləri əsasında inşa edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verən sənədlərdən birinə malik olan evlər həmin reyestrdə qeydə alınmasa da onların sahiblərinin “gözlənilən mülkiyyət” hüququ vardır və onlar özbaşına tikili sayıla bilməz. Məhkəmə hesab edir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)- 486/2022 saylı qətnaməsinə əsasən tərəflərin arasında birgə nikah dövründə əldə etdikləri əmlak bölündüyündən, hazırki sözügedən evə dair isə, yəni Zərdab rayonu Dəliquşçu kəndi İlyas Əfəndiyev küçəsində yerləşən fərdi yaşayış evinin dəyərinin müəyyən olunub həmin məbləğin ½ hissədə tərəflər arasında bölünməsinə dair hissədə iddia təmin edilmədiyindən yenidən həmin faktlar mübahisələdirilməməli və sübut edilməməlidir. Cavabdeh iddiaçı ilə nikahlarının ləğv olunmasından sonra keçmiş ailə üzvü kimi hazırda sözügedən evə gəlib yaşamasına əsas verən hər hansı bir razılaşmanın olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa işin yuxarıda müəyyən olunan hallarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı ilə nikahları ləğv olunduğundan və ailə dağıldığından artıq tərəflər arasında ümumiliyə əsas verən heç bir hal mövcud deyildir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli qərarındakı hüquqi mövqeyini rəhbər tutataraq hesab edir ki, haqqında mübahisə qaldırılan Zərdab rayonu Dəliquşçu kəndi İ.Əfəndiyev küçəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlak kimi dövlət qeydiyyatından keçrilməsə də, sözügedən yaşayış evi iddiaçıya Dəliquşçu Bələdiyyəsi tərəfindən 2001-ci ildə verilmiş 12 sot həyətyanı torpaq sahəsində tərəflərin birgə nikahlarından əvvəl 2001-ci ildə iddiaçının valideyinləri tərəfindən inşa edildiyi sübuta yetirilmişdir. Odur ki, İddiaçı iş üzrə iddia tələbinin həm qanuni, həm də faktiki əsası olduğundan onun iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müüəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununlada, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də,köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının ödəmiş olduğu dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh Zərdab rayonu Dəliquşçu kəndi İ.Əfəndiyev küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar