Məhkəmə qərarları › İş №2(035)-680/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-680/2024

16.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-680/2024 16.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və evdən istifadə hüququnun tanınması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: evə köçürülmə və evdən istifadə hüququnun tanınması tələbi) X16 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və evdən istifadə hüququnun tanınması tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, eləcə də xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X5 2017-ci ildə gəlin gəldiyi hazırda Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən evə köçürülməklə həmin evdən istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və hazırda mübahisə qaldırılan Zərdab rayonu, Qoşaoba kəndi, H.Aslanov küçəsində yerləşən 10 saylı evə gəlin gəlmişdir. Birgə nikahlarından üç uşaqları-xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X8 doğulmuşdur. Uşaqları-xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X7 hazırda sözügedən evdə doğulmuş, cehiz əşyaları, əmlakları da həmin evdədir. Bu illər ərzində İlqar onunla yola getməmiş, mütamadi olaraq sözsöhbət yaratmış, mart ayında əri İlqarla növbəti dəfə söz-söhbət olduğu vaxt cavabdeh anası ilə birgə onu söyüb evdən çıxartmışlar. Həmin vaxtdan Ucar rayonu, Bərgüşad kəndində valideynlərinin yanında uşaqlarla birgə yaşayır. Hazırda öz evinə qayıdıb yaşamaq istəyir. Cavabdeh onun köçməsinə razı olmadığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və hazırda sözügedən Zərdab rayonu, Qoşaoba kəndi, H.Aslanov küçəsində yerləşən 10 saylı evə gəlin gəlmişdir. Cavabdehlə birgə nikahlarından üç uşaqları-xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X8 doğulmuşdur. Uşaqlarıxx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X7 hazırda sözügedən evdə doğulmuş, 2023-cü ilin mart ayına kimi uşaqlarla birgə həmin evdə yaşamış, özünə məxsus cehiz əşyaları, əmlakları da hazırda həmin evdədir. Cavabdeh onunla yola getməmiş, mütamadi olaraq ailədə söz-söhbət yaratmış, 2023-cü ilin mart ayında cavabdehlə növbəti dəfə söz-söhbət olduğu vaxt cavabdeh anası ilə birgə onu təhqir edib evdən çıxarmışlar. Həmin vaxtdan Ucar rayonu, Bərgüşad kəndində valideynlərinin yanında uşaqlarla birgə yaşamış, qızı xx.xx.2024-cü il təvəllüdlü X8 da Bərgüşad kəndində yaşadığı ata evində doğulmuşdur. Sonradan cavabdeh oğlu-xx.xx.2018-ci il təvəllüdlü X9 ondan icazə almadan gəlib özü ilə aparmış, uşağı ona qaytarmamışdır. Hazırda oğlu Vüqar cavabdehin yanında qalır. Uşaqların saxlanılması üçün Ucar Rayon Məhkəməsinə aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin qətnaməsinə əsasən hazırki cavabdehdən uşaqları Gülsarə və Ruxsarənin saxlanılması üçün aliment tutulması qət edilmişdir. Uşaqlarla valideynlərinin yanında yaşamaq onun üçün çox çətindir, hazırda sözügedən evə köçüb yaşamaq istəyir. Lakin cavabdeh buna razı deyil. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş. birgə nikahlarından üç uşaqları-xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X8 doğulmuşdur. Cavabdehlə birgə yaşamaq qeyri mümkündür. 2023-cü ilin mart ayından ayrı yaşayırlar. İddiaçı özü çıxıb evdən getmişdir. Uşaqlardan oğlu Vüqar özünün yanında, qızları Gülsarə və Ruxsarə isə iddiaçının yanında qalır. Ucar Rayon Məhkəməsinin qətnaməsinə əsasən ondan uşaqları Gülsarə və Ruxsarənin saxlanılması üçün aliment qət edilmişdir. İddiaçı sözügedən evə gəlin gəlsədə, hazırda həmin evin heç bir sənədi yoxdur. Məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, Ucar rayon Qeydiyyat şöbəsində Cavabdeh və X6 nikahı haqqında 21 avqust 2017-ci il tarixdə 191 № li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Feyzullayev, arvada Feyzullayeva soyadı verilmişdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə, Kürdəmir regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X8 doğulmuşdur. İşdə olan Zərdab rayon İHB-nin Qoşaoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 183 saylı arayışdan görünür ki, İddiaçı hazırda ünvan 2 ünvanda qeydiyytda olmasına baxmayaraq hazırda Ucar rayonu, Bərgüşad kəndində yaşayır. İşdə olan mediator X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024- 01184 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Rafiq qızı ailə mübahisəsi ilə əlaqədar ilkin olaraq mediasiyaya müraciət etmiş, mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəmə elektron sistemi vasitəsilə məhkəməyə göndərilən 3 dekabr 2024-cü il tarixli 3-21-3-36/2-5213/2024 saylı arxiv məlumatlarının verilməsi barədə məktubdan görünür ki, ünvan 4 ünvanında Cavabdeh adına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlığının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə görə Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 135.1-ci maddəsinə görə bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 135.4-cü maddəsinə görə ppəşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1 və 158.1.2-ci maddələrinin mənasına görə əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 180.1-ci maddəsinə görə Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə görə Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2010-cu il tarixli S.Süleymanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 oktyabr 2009-cu il tarixli qərarına əsasən mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsindən və 34-cü maddəsinin 4 və 5-ci hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəlləsinin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəalarından digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalınmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri olması təsbit olunmuşdur. Beləliklə də, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. 20-ci maddəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı cavbdeh Cavabdehlə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və hazırda sözügedən Zərdab rayonu Qoşaoba kəndi, H.Aslanov küçəsində yerləşən 10 saylı evə gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından 3 uşaqları doğulmuşdur. Uşaqlardan xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X2 evdə doğulmuş, 2023-cü ilin mart ayına kimi iddiaçı ilə birgə həmin evdə yaşamışlar. 2023-cü ilin mart ayında tərəflərin arasında yaranmış mübahisəyə görə iddiaçı uşaqları Vüqar və Gülsarə ilə birlikdə Ucar rayonunun Bərgüşad kəndində valideynlərinin yanında yaşamış, xx.xx.2024-cü il təvəllüdlü X1 doğulmuşdur. Sonradan cavabdeh oğlu Vüqarı özü ilə aparmış, iddiaçı isə uşaqları Gülsarə və Ruxsarə ilə hazırda valideynlərinin Bərgüşad kəndində yaşadıqları evdə qalır. İddiaçı uşaqlarla birlikdə hazırda sözügedən, gəlin köçdüyü Zərdab rayonu, Qoşaoba kəndi, H.Aslanov küçəsiində yerləşən 10 saylı evə köçüb yaşamaq istəyir. Lakin cavabdeh iddiaçının həmin evdə yaşamasını istəmir. Ona görə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi ev dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarı ilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı 2017-ci ildə cavabdehin razılığı ilə sözügedən evə gəlin kimi köçərək 2023-cü ilin mart ayına kimi həmin evdə yaşadığından, cavabdehlə birgə nikahlarından 3 övlad dünyaya gətirməklə ailə təsərrüfatı formalaşdırdığından iddiaçının həmin evdən istifadə hüququ yaranmışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına, iş materiallarına və tərəflərin məhkəmə iclasında verdikləri izahatlara əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslı və qanunidir. İddiaçının sözügedən evdən istifadə hüququ vardır. Onun bu hüququnu həyata keçirməsinə təminat verilməli və bu məqsədlə iddia təmin edilməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumu ödəsə də, həmin məbləğin cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. İddiaçı, xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh yaşadığı Zərdab rayonu Qoşaoba kəndi, H.Aslanov küçəsində yerləşən 10 saylı evə köçürülsün və həmin evdən istifadə hüququ tanınsın. İddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar