Məhkəmə qərarları › İş №2(035)-695/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-695/2024

20.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-695/2024 20.11.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü tərəf X1 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməklə etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə. (Açar sözlər: Əmək Müqaviləsinin etibarsız hesab edilməsi tələbi) X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü tərəf X1 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməklə etibarsız hesab edilnməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 noyabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü tərəf X1 Xidmətinə qarşı iddia ərizəsı və iddia tələbinin dəqiqləşməsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, xxxxxxx000300 saylı əmək müqaviləsinə xitam verilməklə etibarsız hesab edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xxxxxxx000300 saylı əmək müqaviləsinə əsasən iddiaçı ticarət obyektində (Sədərək Ticarət Mərkəzində) satıçı kassir vəzifəsinə işə qəbul edilmişdir. Lakin, müqavilə bağlandığı vaxtdan təxminən bir neçə ay Cavabdeh məxsus mağazada satıçı kassir vəzifəsində işləsə də, həmin vaxtdan sonra aralarındakı əmək münasibətinə xitam verilmişdir. Lakin, işdən çıxdıqdan sonra işdən azad olmağı ilə bağlı ərizə yazmaq üçün dəfələrlə işlədiyi yerə getsədə, artıq mağazanın bağlandığını görmüşdür. Bununla bağlı, 2021-ci ildən hal-hazırkı, vaxtadək cavabdehin fəaliyyət göstərib göstərməməsi barədə məlumat əldə edə bilməyib. Lakin hal-hazırkı vaxtadək Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron sistemində aktiv əmək müqaviləsinin olması qeyd edilmişdir. O, əmək müqaviləsi üzrə bildirişin ləğv edilməsi ilə bağlı, Cavabdeh qeydiyyatda olduğu Zərdab rayonu, Gəlmə kəndinə və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Xidmətinə müraciət etsədə, müraciətinə cavab olaraq bildirilmişdir ki, Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin Əmək və Məşğulluq sisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətlərinə aid olmadığı bildirilərək işəgötürənə müraciət edilməsini, işəgötürən tərəfindən icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, onda müqavilənin ləğvi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. Onun tərəfindən cavabdehə müraciət edilərək onunla bağlanmış Əmək Müqaviləsinə xitam verilməsini xahiş etsədə, lakin, bu günə kimi ona heç bir cavab verilməmişdir. Ona görə də yuxarıda göstərilən iddia tələbi ilə o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh və üçüncü tərəf X1 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xxxxxxx000300 saylı əmək müqaviləsinə əsasən iddiaçı ticarət obyektində (Sədərək Ticarət Mərkəzində) satıçı kassir vəzifəsinə işə qəbul edilmişdir. Lakin, iddiaçı müqavilə bağlandığı vaxtdan təxminən bir neçə ay Cavabdeh məxsus mağazada satıçı kassir vəzifəsində işləsə də, həmin vaxtdan sonra aralarındakı əmək münasibətinə xitam verilmişdir. Lakin, iddiaçı işdən çıxdıqdan sonra işdən azad olmağı ilə bağlı ərizə yazmaq üçün dəfələrlə işlədiyi yerə getsədə, artıq mağazanın bağlandığını görmüşdür. Bununla bağlı, iddiaçı 2021-ci ildən hal-hazırkı, vaxtadək cavabdehin fəaliyyət göstərib göstərməməsi barədə məlumat əldə edə bilməmişdir. Lakin, hal-hazırkı vaxtadək Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron sistemində iddiaçının aktiv əmək müqaviləsinin olması qeyd edilmişdir. İddiaçı əmək müqaviləsi üzrə bildirişin ləğv edilməsi ilə bağlı, Cavabdeh qeydiyyatda olduğu Zərdab rayonu, Gəlmə kəndinə və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Xidmətinə müraciət etsədə, müraciətinə cavab olaraq bildirilmişdir ki, Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin Əmək və Məşğulluq sisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətlərinə aid olmadığı bildirilərək işəgötürənə müraciət edilməsini, işəgötürən tərəfindən icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, onda müqavilənin ləğvi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. Onun tərəfindən cavabdehə müraciət edilərək onunla bağlanmış Əmək Müqaviləsinə xitam verilməsini xahiş etsədə, lakin, bu günə kimi ona heç bir cavab verilməmişdir. Ona görə də yuxarıda göstərilən iddia tələbi ilə iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Əmək müqaviləsi haqqında bildirişdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xxxxxxx000300 saylı əmək müqaviləsinə əsasən o, Cavabdeh rəhbər olduğu müəssisədə satıcı kassir vəzifəsində çalışdığı deyd edilmişdir İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Mərkəzi Aran regional şöbəsinin №3-17-5/1-M-36168/2023 saylı, xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin Əmək və Məşğulluq sisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətlərində olmadığı bildirilmişdir. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin Əmək və Məşğulluğun sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada məhkəməyə müraciət edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar Əmək Müqaviləsinin bildirişinin Əmək və Məşğulluq alt sisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınmasına dair tələbi irəli sürülməli olduğunu bildirilmişdir. İşdə olan mediator tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № MŞŞ/MT-018/2024- 00789 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 337-1-ci maddəsinə görə bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsinin verdiyi izahatdan və tədqiq edilən iş materiallarından müəyyən olundu ki, İddiaçı bağlanmış xx.xx.2021-ci il tarixli, xxxxxxx000300 saylı əmək müqaviləsinə əsasən o, cavabdehin ticarət obyektində (Sədərək Ticarət Mərkəzində) satıçı kassir vəzifəsinə işə qəbul edilmişdir. Lakin, iddiaçı müqavilə bağlandığı vaxtdan Cavabdeh məxsus mağazada satıçı kassir vəzifəsində işləsə də, həmin vaxtdan sonra aralarındakı əmək münasibətinə xitam verilmiş lakin, elektron informasiya sistemində qeydiyyatdan keçməmişdir. Ona görə də, o, bağlanmış əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilməsi üçün X1 Xidmətinə müraciət etmiş və Xidmətin Mərkəzi Aran regional şöbəsindən ona cavab verilmişdir ki, Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin Əmək və Məşğulluq sisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətlərində olmadığı bildirilmişdir.Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin Əmək və Məşğulluğun sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, onda müqavilənin ləğvi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İddiaçı tərəfindən cavabdehə müraciət edilərək onunla bağlanmış Əmək Müqaviləsinə xitam verilməsini xahiş etsədə, lakin, bu günə kimi heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2003-cü il tarixli Qərarının qanuniliyinin yoxlanılmasına dair Plenumun Qərarına əsasən “Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər” (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, xxxxxxx000300 saylı əmək müqaviləsinə xitam verilməklə etibarsız hesab edilsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar