Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-737/2025 29.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən cavabdehin çıxarılması tələbi”nə dair mülki iş üzrə Açar sözlər:(Torpaq tələbi) X1 Elxan oğlunun sədrliyi Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması tələbinə” dair iddiası üzrə mülki işə 29 dekabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarə müqaviləsi əsasında mülkiyyətində olan Zərdab rayon, Çallı kəndində yerləşən 4.0167 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına və dövlət rüsumununa görə ödənilmiş 100 manat pulun ona geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Çallı kənd bələdiyyəsinin mülkiyyətində olan 4.0167 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2015-ci il tarixdə keçirilmiş açıq hərracının qalibi olaraq xx.xx.2015-ci il tarixdə Çallı kənd bələdiyyəsi ilə onun arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Sözü gedən müqaviləyə əsasən Zərdab rayon Çallı kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 4.0167 ha torpaq sahəsi 50 il müddətinə ona icarəyə verilmişdir. Torpaq sahəsindən bir müddət təyinatına uyğun şəxsi məqsədləri üçün istifadə etsədə, lakin, sonradan əsassız olaraq onun icarəsində olan torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən maneələr yaradılmışdır. Belə ki, cavabdeh əsassız olaraq onun icarəsində olan torpaq sahəsini zəbt edərək özünə məxsus heyvanlarını otarmışdır. İddiaçı cavabdehdən torpaq sahəsinin boşaldılmasını xahiş etsədə cavabdeh buna məhəl qoymayaraq çıxmayacağını bildirmişdir. Onun yaranmış vəziyyətlə əlaqədar aidiyyəti qurumlara müraciətləri hazırki vaxta kimi nəticəsiz olaraq qalmışdır. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Çallı kənd bələdiyyəsinin mülkiyyətində olan 4.0167 ha torpaq sahəsinin icarə qaydasında əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2015-ci il tarixdə keçirilmiş açıq torpaq hərracının qalibi olmuşdur. Buna əsasən xx.xx.2015-ci il tarixdə Çallı kənd bələdiyyəsi ilə onun arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Zərdab rayon Çallı kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 4.0167 ha torpaq sahəsi 50 il müddətinə ona icarəyə verilmişdir. O, torpaq sahəsindən bir müddət təyinatına uyğun şəxsi məqsədləri üçün istifadə etsədə, lakin, sonradan cavabdeh tərəfindən əsassız olaraq onun icarəsində olan torpaq sahəsindən istifadəsinə maneələr yaradılmışdır. Belə ki, cavabdeh əsassız olaraq onun icarəsində olan torpaq sahəsini zəbt edərək özünə məxsus heyvanlarını otarmışdır. O, cavabdehdən torpaq sahəsinin boşaldılmasını xahiş etsədə cavabdeh buna məhəl qoymayaraq çıxmayacağını bildirmişdir. İddiaçı yaranmış vəziyyətlə əlaqədar aidiyyəti qurumlara müraciətləri hazırki vaxta kimi nəticəsiz olaraq qalmışdır. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, xx.xx.2015ci il tarixli icarə müqaviləsinə əsasən Zərdab rayon Çallı kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 4.0167 ha torpaq sahəsi iddiaçıya 50 il müddətinə icarəyə verilmişdir. Hazırda iddiaçının istifadəsində olan 4.0167 ha torpaq sahəsinə onun tərəfindən heç-bir manelər yoxdur. Odur ki, iddianın təmin olunmasına etiraz etmir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayonu Çallı bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsindən görünür ki, Zərdab rayonu Çallı bələdiyyəsinin mülkiyyətində olan 4.0167 ha torpaq sahəsi əkinçilik məqsədi ilə 50 il müddətinə İddiaçı icarəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** Qeydiyyat nömrəli, xx.xx.2014-ci il tarixli Çıxarışdan görünür ki, Zərdab rayonu Çallı bələdiyyənin mülkiyyətində olan 4.0 167 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulların istehsalı məqsədi ilə İddiaçı icarəsinə verilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. İşdə olan mütəxəssis rəyindən görünür ki, baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 3.76 hektar torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış **********0017 kadastr nömrəli Torpaq sahəsinin plan ölçüsü sənədində göstərilən 4.0167 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Zərdab rayon Çallı kənd bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən Zərdab rayon Çallı kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 4.0167 ha torpaq sahəsi 50 il müddətinə İddiaçı icarəyə verilmişdir. İddiaçı torpaq sahəsindən bir müddət təyinatına uyğun şəxsi məqsədləri üçün istifadə etsədə, lakin, sonradan əsassız olaraq onun icarəsində olan torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən maneələr yaradılmışdır. Belə ki, cavabdeh əsassız olaraq onun icarəsində olan torpaq sahəsini zəbt edərək özünə məxsus heyvanlarını otarmışdır. İddiaçı dəfələrlə cavabdehin həmin torpaq sahəsindən çıxmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlardan, məhkəmə iclasında tədqiq edilən xx.xx.2015-ci il tarixli icarə müqaviləsindən, ********** Qeydiyyat nömrəli, xx.xx.2014-ci il tarixli Çıxarışdan və mütəxəssis rəyindən müəyyən olundu ki, iddiaçının icarəsində olan Zərdab rayonu Çallı kəndi ərazisində yerləşən 4.0167 ha torpaq sahəsi iddiaçının iradəsinə zidd olaraq Cavabdeh tərəfindən naturada istifadə olunaraq mal-qarasını otarmışdır. Nəticədə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına, tərəflərin məhkəmə iclasında verdikləri izahatlara və məhkəmə iclasında cavabdehin iddianı qəbul etməsini və işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 100 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. ********** Qeydiyyat nömrəli, xx.xx.2014-cü tarixli Çıxarışa əsasən İddiaçı icarəsində olan Zərdab rayonu Çallı kəndində yerləşən 4.0167 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-737/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-737/2025
29.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver