Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-752/2025 10.09.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsinin hakimi Abbasov Cavid Mehman oğlu, Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi Zərdab Rayon Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Zərdab rayonu, Kəndəbil kəndində yerləşən 0.29 ha torpaq sahəsinin onun tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Ərizəçi hazırki ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, iddiaçının hüquqi marağı Zərdab rayonunun Kəndəbil kəndində yerləşən 0.29 ha torpaq sahəsi üzərində mirasın qəbul edilməsi faktının tanınmasından ibarətdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilən arayışdan görünür ki, mübahisə predmeti olan torpaq sahəsi paylar müəyyən edilmədən 7 nəfərin ümumi birgə mülkiyyətindədir. Göründüyü kimi, iddiaçı öz ərizəsində torpaq üzərində paylar müəyyən edilmədən birbaşa vərəsəlik hüququna istinad etməklə tələbini dəqiq ifadə etməmiş, iddianın predmeti tələbin göstərilən natamamlığı səbəbindən qeyri-müəyyən qalmışdır. Bundan əlavə, iddia tələbinin yönəldiyi subyekt dairəsi də iddiaçı tərəfindən düzgün müəyyən olunmamışdır. Belə ki, iddianın predmeti torpaq sahəsinin tam həcmi ilə bağlı subyektiv hüququn əldə edilməsindən ibarət olsa da, torpağın digər mülkiyyətçiləri ərizəyə cavabdeh olaraq əlavə edilməmiş, beləcə, mübahisənin toxunduğu maraqlar dairəsi gözlənilməmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. X4 10-cu bəndinə görə məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Azərbaycan Respublikası 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlər əsasında hesab edirəm ki, Ərizəçi ərizəsi geri qaytarılmalı, xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam olaraq ərizəçiyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci ildə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ərizəçiyə izah olunur ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Cavid Abbasov
Məhkəmə qərarları › İş №2(035)-752/2025
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-752/2025
10.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver