Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-755/2025 05.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Dövlət su X3 su meliorasiya xidməti publik hüquqi şəxs və Zərdab Su X1 İdarəsinə qarşı “Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv olunmasını, işə bərpa edilməsini və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə” dair mülki iş üzrə. Açar sözlər: (İşə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi) X17 Elxan oğlunun sədrliyi Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi İddiaçı Cavabdeh Azərbaycan Dövlət su X3 su meliorasiya xidməti publik hüquqi şəxsin nümayəndələri X15 və X10 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Dövlət su X3 su meliorasiya xidməti publik hüquqi şəxs və Zərdab Su X1 İdarəsinə qarşı “Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv olunmasını, işə bərpa edilməsini və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 05 noyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Dövlət su X3 su meliorasiya xidməti publik hüquqi şəxs və Zərdab Su X1 İdarəsinə qarşı iddia ərizəsı ilə məhkəməyə müraciət edərək Əmək müqaviləsinə xitam verilməsinə dair cavabdeh Zərdab Su X1 İdarəsi ilə bağlanmış xx.xx.2024-cü il tarixli, 328-K nömrəli əmrin ləğv olunmasını, işə bərpa edilməsini, məcburi iş buraxma (xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək) dövr üçün 6952 manat məbləğində əmək haqqının, Mediasiya sesssiyasının keçirilməsinə görə ödədiyi 50 manat və iddia ərizəsinin tərtib edilməsinə görə ödədiyi 50 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən 2018-ci ilə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X19 modul tipli sutəmizləyici qurğularda baş mütəxəssis, 2018-ci ildən isə 2 nömrəli Regional Sukanal İdarəsinin Zərdab Rayon Sukanal Sahəsində mühəndis qrup rəhbəri və usta vəzifələrində işləmişdir. O, hesab edir ki, cavabdehlər tərəfindən onun əmək hüquqları pozulmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin xəbərdarlıq məktubuna əsasən əmək məcəlləsinin 69-cu maddəsnin 3-cü hissəsinə əsasən onun başqası ilə müqavilə bağlamış kimi göstərmiş və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehlər onunla heç bir əmək müqaviləsi bağlamamış, nədə ki, Əmək Məcəlləsinin 77-ci maddənin 4-cü hissəsinə uyğun olaraq ona veriləsi kompensasiyalarıda ala bilməmişdir. Cavabdeh onu başqa işəgötürənlə əmək müqaviləsi bağlamış kimi göstərərək qanunsuz olaraq onu vəzifəsindən azad etmişdir. Cavabdehlər belə bir qanun pozuntusuna yol versələr də, hazırda onu yeni işlə təmin etməmişlər. Ona görə də, hazırda qüvvədə olan “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq məsələnin mediasiya vasitəsi ilə həll edilməsi üçün fərdi qaydada fəaliyyət göstərən mediatora müraciət etsə də, məsələnin mediasiya vasitəsi ilə həlli mümkün olmamışdır. Ona görə də, o, yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə təqdim olunmuş etiraz: Cavabdeh Zərdab Su X1 İdarəsi məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki,İddiaçı cavabdehlər Azərbaycan Dövlət su X3 su meliorasiya xidməti publik hüquqi şəxs və Zərdab Su X1 İdarəsinə qarşı “Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv olunmasını, işə bərpa edilməsini və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə” dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və iddia rədd edilməlidir. Belə ki, İddiaçı ştatı ixtisara düşdüyü üçün İddiaçı xx.xx.2025-ci il tarixində su təmizləyici qurğularının istismarı sahəsində təmizləyici çilingər vəzifəsi təklif olunmuşdur. Lakin, İddiaçı çilingər peşəsindən imtina etmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli, 328-K nömrəli əmrlə xitam verilmişdir. İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi tarixdən 8 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi üzrə prosessual müddət ötürüldüyü üçün iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 2011-ci ildən 2018-ci ilə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X19 modul tipli sutəmizləyici qurğularda baş mütəxəssis, 2018-ci ildən isə 2 nömrəli Regional Sukanal İdarəsinin Zərdab Rayon Sukanal Sahəsində mühəndis qrup rəhbəri və usta vəzifələrində işləmişdir. Bütün tapşırıqları, vəzifə borcunu artıqlaması ilə və vicdanla yerinə yetirən işçi olmuşdur. Kollektiv arasında hörmət və nüfuzunu qazanmışdır. O, hesab edir ki, cavabdehlər tərəfindən onun əmək hüquqları pozulmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin xəbərdarlıq məktubuna əsasən, o, əmək məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqası ilə əmək müqaviləsi bağlanmış kimi göstərilmiş və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 328-K nömrəli əmr, əmək kitabçası və son haqq-hesab pulu ona 17.10. 2024-cü il tarixdə təqdim edilmişdir. Lakin, 2 nömrəli Regional Sukanal İdarəsi xx.xx.2024-cü il tarixdə X4 İstismar İdarəsi üzrə işə qəbul üçün siyahı tərtib etmiş və həmin siyahının 44-cü sırasında onunda adı işə qəbul edilmiş kimi qeyd olunmuşdur. Onunla heç bir əmək müqaviləsi bağlanmamış, nədə, ki, 77-ci maddənin 4-cü hissəsinə uyğun olaraq ona veriləsi kompensasiyalarıda ala bilməmişdir. Cavabdeh onu başqa işəgötürənlə əmək müqaviləsi bağlamış kimi göstərərək qanunsuz olaraq onu vəzifəsindən azad etmişdir. Cavabdehlər belə bir qanun pozuntusuna yol versələr də, hazırda onu yeni işlə təmin etməmişlər. Odur ki, hazırda qüvvədə olan “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq məsələnin mediasiya vasitəsi ilə həll edilməsi üçün fərdi qaydada fəaliyyət göstərən mediatora müraciət etsə də, məsələnin mediasiya vasitəsi ilə həlli mümkün olmamışdır. Ona görə də, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti PHŞnin Zərdab Su X1 İdarəsinin nümayəndəsi X15 izahatında göstərmişdir ki, İddiaçı cavabdehlər Azərbaycan Dövlət su X3 su meliorasiya xidməti publik hüquqi şəxs və Zərdab Su X1 İdarəsinə qarşı “Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv olunmasını, işə bərpa edilməsini və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə” dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, hesab edir ki, iddia tələbi əsassızdır və iddia rədd edilməlidir. Belə ki, iddiaçı X7 ştatı ixtisara düşdüyü üçün Rafiq İsrafilova xx.xx.2025-ci il tarixində su təmizləyici qurğularının istismarı sahəsində təmizləyici çilingər vəzifəsi təklif olunmuşdur. Lakin, iddiaçı X12 çilingər peşəsindən imtina etmişdir. Eyni zamanda qeyd edir ki, iddiaçı əmrin surəti, əmək kitabçası və son-haqq hesab pulunu vaxtında əldə etsədə lakin məhkəməyə 8 ay sonra müraciət etmiş və bununlada qanunvericiliklə müəyyən olunmuş prosessual müddəti ötürmüşdür. Müəyyən olunmuş prosessual müddətin ötürülməsi səbəbi ilə iddiaçının iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti PHŞnin Zərdab Su X1 İdarəsinin nümayəndəsi X2 Seymur Arif oğlunun izahatına uyğun izahat verərək qanunvericiliklə müəyyən olunmuş prosessual müddətin ötürülməsi səbəbi ilə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X18 izahat verərək bildirmişdir ki, 2024cü ilin avqust ayına kimi Zərdab Su X1 İdarəsinin rəisi vəzifəsində işləmişdir. Sonradan həmin idarə Zərdab Su X1 İdarəsinin tərkibinə verilmişdir. O hazırda Zərdab Su X1 İdarəsin rəis müavini vəzifəsində işləyir. Onun yerinə təzə rəis gəldikdən sonra ona yeni ştat cədvəlini təqdim etmişdir. Ancaq həmin ştat cədvəlində iddiaçı X7 adının olmadığını gördükdə, o, Rafiq İsrafilova bildirmişdir ki, onun adı yeni ştat cədvəlində yoxdur. X20 Su X1 İdarəsində adı usta kimi gedirdi. Rafiq İsrafilov ona bildirmişdir ki, baş idarədən danışıb usta ştatı gətizdirəcəkdir. Lakin, bir müddət keçdikdən sonra usta ştatını gətizdirə bilmədiyi üçün o, Rafiq İsrafilova çilingər ştatına təyin edilməsi təklif edilmişdir. Lakin, Rafiq İsrafilov ali təhsilli olduğu üçün çilingər ştatından imtina etmişdir. Sonrada usta ştatı verilməmişdir. Bundan sonra Rafiq İsrafilovun 65 yaşı tamam olduğu üçün təzədən işə bərpa oluna bilməmişdir. İddiaçıya son haqq-hesab pulu tam şəkildə ödənilmişdir. Mülki işdə olan sənədlər: İş matereallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Aktın surətindən görünür ki, su təmizləyici qurğularda mühəndis qrup rəhbəri vəzifəsi olmadığı üçün İddiaçı su təmizləyici qurğularının istismarı sahəsində təmirçi çilingər peşəsi təklif olunmuşdur. Lakin, İddiaçı ona təklif olunan işdə işləməkdən imtina etmişdir. İş matereallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı başqa işəgötürənlə əmək müqavilə bağladığına görə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi ləğv edilmişdir. İşdə olan mediator X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, № MŞZ/MT-050/2025- 00059 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdehlərin nümayəndəsi mediasiya sesiyasında iştirak etməmişlər. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 70.3-cü maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilə bilər. 71-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün- işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin,294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu qərarına əsasən Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izaһatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, iddiaçı 2011-ci ildən 2018-ci ilə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X19 modul tipli sutəmizləyici qurğularda baş mütəxəssis, 2018-ci ildən isə 2 nömrəli Regional Sukanal İdarəsinin Zərdab Rayon Sukanal Sahəsində mühəndis qrup rəhbəri və usta vəzifələrində işləmişdir. xx.xx.2024-cü il tarixdə 328-K saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü hissəsinə görə xitam verilmişdir. Məhkəmə ilk öncə iddianın “əmək müqaviləsinə xitam verilməsi tələbinə dair əmrin ləğv olunması” hissəsinə qiymət verərək bildirir ki, cavabdeh məhkəmə zalında verdiyi izahatlarında əmək kitabçasını və əmrin surətini işdən azad olunduğu günü əldə etdiyini bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı əmək kitabçasını və əmrin surətini əldə etdiyi tarixdən etibarən bir aylıq iddia müddəti axımı başlamışdır. İddia müddətinin axımı 17.11. 2024-cü il tarixdə sona çatmışdır. İddiaçı mediasiya təşkilatına xx.xx.2025-ci il tarixdə məhkəməyə isə xx.xx.2025-ci ildə müraciət etmişdir. Bununlada qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüş və iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman eyni zamanda məhkəmə iclasında ötürülmüş iddia müddətinin üzürlü hesab olunaraq bərpa olunmasına dair ərizə və sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia tələbindəki “işə bərpa olunması və məcburi iş buraxmaya görə əməkhaqqı” tələbinə münasibətdə isə məhkəmə bildirir ki, həmin tələblər “əmək müqaviləsinə xitam verilməsi tələbinə dair əmrin ləğv olunması” tələbi ilə sıx bağlı olaraq ilkin tələbin nəticəsinə uyğun olaraq qiymət verilməlidir. Tələbin birinci hissəsi üzrə iddia müddəti ötürüldüyündən ümumilikdə tələb təmin oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X5rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş iddia əsassız olduğundan rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Nəticə: Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Dövlət su X3 su meliorasiya xidməti publik hüquqi şəxs və Zərdab Su X1 İdarəsinə qarşı “Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv olunmasını, işə bərpa edilməsini və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə” dair iddiası təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Dövlət su X3 su meliorasiya xidməti publik hüquqi şəxs və Zərdab Su X1 İdarəsinə qarşı “Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə” dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-755/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-755/2025
05.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver