Məhkəmə qərarları › İş №2(036)-1095/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1095/2023

26.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1095/2023 26.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, cavabdeh İmişli Mənzil Kommunal X3 direktoru X6 iştirakı ilə, İddiaçı cavabdeh İmişli Mənzil Kommunal X2rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi barədə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, İmişli Mənzil Kommunal X3 direktoru Ceyhun Süleymanovun onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 31 saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli Mənzil Kommunal X4 yaşıllıq fəhləsi vəzifəsində işləyirdi. Birliyin direktorunun xx.xx.2023-cü il tarixli, 31 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə göstərilmişdir ki, guya o, 21-27 dekabr 2022-ci il və 16-17 yanvar 2023-cü il tarixlərdə işdə olmamışdır. Halbuki, o, həmin günlərdə işdə olmuşdur. Onun işdə olmaması barədə direktora qərəzli şəkildə yalan məlumat verilmiş, direktor isə məsələni araşdırmadan qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Hesab edir ki, onun barəsində verilmiş əmr qanunsuz olduğundan ləğv edilərək əvvəlki işinə bərpa olunmalı və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir.

3. 12 avqust 2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı həmin tarixdən İmişli Mənzil Kommunal X4 yaşıllıq fəhləsi vəzifəsinə qəbul edilmişdir.

4. İmişli Mənzil Kommunal X3 direktor müavini N.Məmmədovun 13 dekabr 2022-ci il tarixli təqdimatından görünür ki, İddiaçı 01 dekabr 2022-ci il tarixdən 13 dekabr 2022-ci il tarixədək işdə olmamışdır.

5. İmişli Mənzil Kommunal X3 direktor müavini N.Məmmədovun 27 dekabr 2022-ci il tarixli təqdimatından görünür ki, İddiaçı 21 dekabr 2022-ci il tarixdən 27 dekabr 2022-ci il tarixədək işdə olmamışdır.

6. 27 dekabr 2022-ci il tarixli akta əsasən həmin aktı imza edən şəxslər İmişli Mənzil Kommunal X3 direktor müavini N.Məmmədov, yaşıllıq sahəsinin nəzarətçisi F.Əliyev, nəzarətçi Ə.İbadov, aqronom A.Şahbazov və mexannik Z.Xəlilov təsdiq etmişlər ki, İddiaçı 27 dekabr 2022-ci il tarixdə işə çıxmadığına görə izahatı alınması üçün Birliyə dəvət olunmasına baxmayaraq izahat verməkdən imtina etmişdir.

7. 05 yanvar 2023-cü il tarixli akta əsasən həmin aktı imza edən şəxslər İmişli Mənzil Kommunal X3 direktor müavini N.Məmmədov, yaşıllıq sahəsinin nəzarətçisi F.Əliyev, nəzarətçi Ə.İbadov, aqronom A.Şahbazov və mexannik Z.Xəlilov təsdiq etmişlər ki, İddiaçı heç bir üzürlü səbəb olmadan 05 yanvar 2023-cü il tarixdə işdə olmamışdır.

8. 06 yanvar 2023-cü il tarixli akta əsasən həmin aktı imza edən şəsclər İmişli Mənzil Kommunal X3 direktor müavini N.Məmmədov, yaşıllıq sahəsinin nəzarətçisi F.Əliyev, nəzarətçi Ə.İbadov, aqronom A.Şahbazov və mexannik Z.Xəlilov təsdiq etmişlər ki, İddiaçı heç bir üzürlü səbəb olmadan 06 yanvar 2023-cü il tarixdə işdə olmamışdır.

9. İmişli Mənzil Kommunal X3 direktor müavini N.Məmmədov 17 yanvar 2023-cü il tarixdə Birliyin direktoruna təqdimatla müraciət edərək İddiaçı 27 dekabr 2022-ci il tarixdən 06 yanvar 2023-cü il tarixədək işdə olmaması səbəbindən barəsində tədbir görülməsini xahiş etmişdir.

10. İmişli Mənzil Kommunal X3 direktoru X10 09 yanvar 2023-cü il tarixdə “Xidməti iş” HİF İmişli Rayon Həmkarlar İttifaqının Komitəsi İmişli MKTİB-nin ilk təşkilatına təqdimatla müraciət edərək İddiaçı 27 dekabr 2022-ci il, 05 yanvar 2023-cü il və 06 yanvar 2023-cü il taxlərində işdə olmaması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə münasibət bildirilməsini xahiş etmişdir.

11. “Xidməti iş” HİF İmişli Rayon Həmkarlar İttifaqının Komitəsi İmişli MKTİB-nin ilk təşkilatının 13 yanvar 2023-cü il tarixli iclas protokoluna əsasən həmkarlar təşkilatı İmişli Mənzil Kommunal X4 yaşıllıq fəhləsi vəzifəsində işləyən İddiaçı heç bir üzürlü səbəb olmadan 27 dekabr 2022-ci il tarixdən 06 yanvar 2023-cü il tarixədək işdə olmaması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq vermişdir.

12. İmişli Mənzil Kommunal X3 direktor müavini vəzifəsini əvəz edən Nahid Abışov 17 yanvar 2023-cü il tarixdə Birliyin direktoruna təqdimatla müraciət edərək İddiaçı 16 yanvar 2023-cü il tarixdən 17 yanvar 2023-cü il tarixədək işdə olmaması səbəbindən barəsində tədbir görülməsini xahiş etmişdir.

13. İmişli Mənzil Kommunal X3 direktoru X6 17 yanvar 2023-cü il tarixli, 31 nömrəli əmrinə əsasən İmişli Mənzil Kommunal X4 yaşıllıq fəhləsi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 55JY5UG000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

14. 18 yanvar 2023-cü il tarixli, 07 nömrəli bildirişə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdar edilmişdir.

15. 17 mart 2023-cü il tarixli arayışa əsasən İddiaçı işlədiyi 8 günün əmək haqqı olaraq 166,22 manat və istifadə etmədiyi 19 günün son haqq-hesabı olaraq 205,20 manat, ümumilikdə 319,56 manat məbləğində pul vəsaiti onun ********************8 nömrəli hesabına köçürülmüşdür. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri

16. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

18. Məhkəmə iclasında cavabdeh İmişli Mənzil Kommunal X3 direktoru X10 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İmişli Mənzil Kommunal X9 ilə İddiaçı arasında 12 avqust 2020-ci il tarixdə əmək müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən iddiaçı müqavilənin bağlandığı tarixdən yaşıllıq fəhləsi işinə qəbul edilmişdir. Lakin, işçi İddiaçı heç bir üzürlü səbəb olmadan mütəmadi olaraq işə gəlməmişdir. Bununla da o, əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək müqavilənin şərtlərini pozmuşdur. Bu barədə müvafiq aktlar tərtib olunmuş, eyni zamanda 13 yanvar 2023-cü il tarixdə X7 iclası keçirilmiş və iclasda işçi İddiaçı heç bir üzürlü səbəb olmadan mütəmadi olaraq işə gəlməməsi məsələsi müzakirə olunaraq onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Bundan sonra onun 17 yanvar 2023cü il tarixli, 31 nömrəli əmri ilə işçi İddiaçı ilə İmişli Mənzil Kommunal X9 arasında bağlanmış 12 avqust 2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, İddiaçı ilə əmək münasibətlərinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verildiyindən iddia tələbi əsassızdır. Ona görə də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş edir.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərdi ki, hazırda İmişli Mənzil Kommunal X4 ambardar vəzifəsində işləyir və eyni zamanda 3 ildir ki, “Xidməti iş” HİF İmişli Rayon Həmkarlar İttifaqının Komitəsi İmişli MKTİB-nin ilk təşkilatının (sədri) nümayəndəsidir. 09 yanvar 2023-cü il tarixdə İmişli MKTİB-nin həmkarlar təşkilatına İmişli Mənzil Kommunal X3 yaşıllıq fəhləsi İddiaçı üzürsüz səbəbdən işə çıxmaması məsələsinin müzakirə olunması ilə bağlı Birliyin direktorunun təqdimatı daxil olmuşdur. 13 yanvar 2023-cü il tarixdə həmkarlar təşkilatının iclası keçirilmiş və müəyyən olunmuşdur ki, İddiaçı heç bir üzürlü səbəb olmadan 27 dekabr 2022-ci il tarixdən 06 yanvar 2023-cü il tarixədək işə çıxmamışdır. Bu səbəbdən həmkarlar təşkilatı tərəfindən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.

20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayından İmişli Mənzil Kommunal X4 mexanik vəzifəsində işləyir. 13 yanvar 2023-cü il tarixdə İmişli Rayon Həmkarlar İttifaqının Komitəsi İmişli MKTİB-nin ilk təşkilatının iclası olmuş və o da həmin iclasda iştirak etmişdir. O, idarə rəhbərliyi ilə birlikdə mütəmadi olaraq ərazilərə çıxaraq işçilərin işə davamiyyətinə nəzarət etmişlər. O, İddiaçı adlı işçini tanımır və onu ümumiyyətlə heç vaxt işdə görməmişdir. Rəhbərlik tərfindən dəfələrlə xəbərdarlıqlar edilərək işə çağırılmış, lakin İddiaçı işə gəlməmişdir.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, İmişli Mənzil Kommunal X4 nəzarətçi vəzifəsində işləyir. 13 yanvar 2023-cü il tarixdə İmişli Rayon Həmkarlar İttifaqının Komitəsi İmişli MKTİB-nin ilk təşkilatının iclası olmuş və o da həmin iclasda iştirak edərək İddiaçı tanımadığını bildirmişdir. İclasdan əvvəl idarənin işçiləri bildirmişdir ki, “Şəhidlər xiyabanı” ərazisində fəhlə işləyən İddiaçı işə gəlmir.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, hazırda heç bir yerdə işləmir, təqaüdçüdür. İddiaçı “Şəhhidlər xiyabanı” ərazisində təmizlik işləri apararkən görmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

25. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

26. Maddə 68 “a”. Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

27. Maddə 70 «ç» bəndi: İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.

28. Maddə 71.2-ci bəndi: Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

29. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

30. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

31. Maddə 76.2. Əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

32. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X7 qabaqcadan razılığı alınmaqla ləğv edilir.

33. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

34. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

35. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

41. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır.

42. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı ilə cavabdeh İmişli Mənzil Kommunal X9 arasında 12 avqust 2020-ci il tarixdə bağlamış əmək müqaviləsinə Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla ləğv edilmiş və işçiyə son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və işlədiyi günlərin əmək haqqı) ödənilmişdir.

43. İddiaçı İmişli Mənzil Kommunal X9 ilə aralarında bağlanmış 12 avqust 2020-ci il tarixli əmək müqaviləsin 3.1-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəlikləri (işə vaxtında gəlib-getmək, şəhər ərazisində park və xiyabanlarda təmizlik işləri aparmaq, rəhbərliyin tapşırıqlarını yerinə yetirmək və.s) yerinə yetirməyərək heç bir üzürlü səbəb olmadan mütəmadi olaraq işə getməmiş və bununla da o, əmək vəzifələrini kobud şəkildə pozmuşdur.

44. İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işəgötürən İmişli Mənzil Kommunal X1 bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olmuşdur.

45. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

46. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

47. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

49. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslanaraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh İmişli Mənzil Kommunal X2rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar