Məhkəmə qərarları › İş №2(036)-1133/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1133/2024

21.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1133/2024 21.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: doğumun qeyd edilməsi faktının müəyyən edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı ərizəçinin X3nun xx.xx.1932-ci ildə İmişli rayonunun Ölcələr kəndində anadan olması faktının müəyyən edilməsi və doğum akt qeydində atası X10, anası X6 yazılması barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. Ərizəçi maraqlı şəxsə qarşı ərizəçinin X3nun xx.xx.1932-ci ildə İmişli rayonunun Ölcələr kəndində anadan olması faktının müəyyən edilməsi və doğum akt qeydində atası X10, anası X6 yazılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1971-ci ildə İmişli rayonunun Ölçələr kəndində anadan olmuş, valideynləri X8 və X4 vəfat etmişlər. X3 şəxsiyyət vəsiqəsindəki qeydə əsasən xx.xx.1932-ci ildə İmişli rayonunun Ölçələr kəndində anadan olmuş, xx.xx.2016-cı ildə vəfat etmişdir. Ailəsinin, yəni onun, valideynləri X8 və X1, nənəsi X2 birgə mülkiyyətlərində İmişli rayonunun Ölçələr kəndində 1.7978 ha torpaq sahəsi var. Onların hər üçü vəfat etmişlər və mərhumlardan qalmış mirası vərəsə kimi qəbul etmiş və idarə edir. Hazırda vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etmişdir. Notarius bildirmişdir ki, mərhum atasının doğum şəhadətnaməsi yoxdur və olmalıdır. Hazırda həmin doğum sənədini almaq istədikdə İmişli rayon Qeydiyyat şöbəsi arayış vermişdir ki, mərhum atasının doğumunun qeyd edilməsi barədə sənəd aşkar edilməmiş və 1936-cı ilə qədər ümumiyyətlə, doğum akt kitabı olmamışdır. Ona görə də qanuni formada tərtib edilmiş sənəd olmadığından ərizəçiyə məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. Vətəndaşlıq vəziyyətini qeydə alan orqanda olmadığından həmin hüquqmüəyyənedici sənədi başqa qaydada əldə etmək mümkün deyildir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. AZE seriyalı 03575433 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1932ci il tarixdə İmişli rayonunun Ölçələr kəndində doğulmuşdur.

9. AZ-İ seriyalı 814455 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə ölmüşdür.

10. Maraqlı şəxs tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli 3-16-5/69-177 saylı arayışdan görünür ki, xx.xx.1932-ci ildə İmişli rayonunun Ölçələr kəndində anadan olmuş X5 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə yoxlama aparılmış, barəsində nə İmişli rayon qeydiyyat şöbəsinin arxivində nə də “Vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat informasiya sistemində doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları İmişli rayon Ölçələr kənd İ.N.-nin 1936- 1940-cı illərə dair ilkin, İmişli rayon qeydiyyat şöbəsinin 1949-1965-ci illərə dair bərpa akt qeydləri üzrə yoxlanılmışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

12. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

13. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

14. Eyni zamanda, ərizəçi atasının doğum haqqında şəhadətnaməsinin verilməsi üçün maraqlı şəxsə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

15. Məhkəmə hesab edir ki, ərizəçinin atası mərhum X8 həqiqətən xx.xx.1932-ci il tarixdə İmişli rayonunun Ölçələr kəndində doğulması, atasının X10, anasının X6 olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir.

16. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin atasının doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X5 doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi, atasının adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən X5 xx.xx.1932-ci il tarixdə İmişli rayonunun Ölçələr kəndində doğulması, atasının X10, anasının X6 olmasına dair doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir.

VI. Nəticə:

17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. X5 xx.xx.1932-ci ildə İmişli rayonunun Ölcələr kəndində doğulmasının qeyd edilməsi faktı, atasının X10, anasının isə X6 olduğu müəyyən edilsin. Qətnamə xx.xx.1932-ci il təvəllüdlü X5 adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar