Məhkəmə qərarları › İş №2(036)-134/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-134/2024

23.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-134/2024 23.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 Qafil qızının, X11, İddiaçı4, İddiaçı5 və X2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki mübahisə (açar sözlər: mülkiyyət hüququ, torpaq sahəsindən çıxarılma) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Qafil qızının, X11, İddiaçı4, İddiaçı5 və X2 Cavabdeh qarşı cavabdehin özbaşına qanunsuz zəbt etdiyi İmişli rayonunun Cəfərli kəndində yerləşən iddiaçıların birgə mülkiyyətlərində olan 1,6016 hektar torpaq sahəsindən çıxarılması və torpaq sahəsini zəbt etməsi nəticəsində vurduğu 3000 manat məbləğində maddi zərərin ödənilməsi, habelə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçılara verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçılar cavabdehə qarşı cavabdehin özbaşına qanunsuz zəbt etdiyi İmişli rayonunun Cəfərli kəndində yerləşən iddiaçıların birgə mülkiyyətlərində olan 1,6016 hektar torpaq sahəsindən çıxarılması və torpaq sahəsini zəbt etməsi nəticəsində vurduğu 3000 manat məbləğində maddi zərərin ödənilməsi, habelə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçılara verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılara ümumi birgə mülkiyyətlərinə İmişli rayonunun Cəfərli kəndində İmişli rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,6016 ha torpaq sahələri vardır. Bu barədə daşınmaz əmlakın dövlət reyestr xidmətindən **********84 nömrəli Çıxarış, Torpaq sahəsinin planı və ölçüsü sənəd verilmişdir. Ailə üzvlərinin razılığı ilə torpaq sahəsini İddiaçı1 idarə edir. Qeyd edilən torpaq sahəsindən islahatdan bəri İddiaçı1 istifadə etmişdir. 2022-ci ilin sentyabr ayında şumladıqları həmin torpaq sahəsinə taxıl əkməyə getmişdir. Cavabdeh demişdir ki, bu sahə, habelə ona bitişik qardaşının torpaq sahəsi onundur və iddiaçını torpaq sahəsinə buraxmamışdır. İddiaçı1 dövlət orqanlarına müraciət etmişdir ki, gəlib yerində torpaq sahəsini sənədləşdirib mülkiyyət sənədi versinlər. Nəhayət bu il mütəxəssislər gəlib torpaq sahəsini ölçüb ona göstərmişlər və çıxarış vermişlər. Məlum olmuşdur ki, cavabdeh torpaq sahəsni qeyri-qanuni olaraq zəbt etmiş və cavabdeh həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. İddiaçıların xüsusi mülkiyyətlərində olan torpaq sahəsini boşaltmasını cavabdehdən dəfələrlə tələb etsələr də, cavabdeh həmin torpaq sahəsindən çıxmır və iddiaçıları torpaq sahələrinə buraxmır. Cavabdeh iddiaçılara məxsus torpaq sahəsini zəbt edib qanunsuz olaraq istifadə etdiyinə görə Çıxarışa əsasən, iddiaçıların xüsusi mülkiyyətlərində olan torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edib torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. 1 il torpaq sahələrində əkin apara bilmədiylərindən 3000 manat məbləğində maddi zərər çəkmişlər. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Digər iddiaçılar və cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

9. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. 22.01.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İmişli rayonu, Cəfərli kəndində yerləşən 1,6016 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə pay üzrə iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

11. JN-191 saylı 90704018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, cavabdehə və onun ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,46 ha torpaq sahəsi verilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/5491 nömrəli ekspert rəyindən görünür ki, Reyestr nömrəsi **********84 olan xx.xx.2024 cü il tarixli çıxarışa və BB 141966 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu, Cəfərli kəndində yerləşən 1.6016 ha torpaq sahəsinin hüdudları (sərhədləri) müəyyən edilmişdir. JN 0191 saylı Dövlət Aktı ilə Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş imişli rayonu Cəfərli kəndində yerləşən 1.46 ha torpaq sahəsinin X6 X10 (TEKUİS-ə) əsasən hüdudları (sərhədləri) müəyyən edilmişdir. JN 0192 saylı Dövlət Aktı ilə X5 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu Cəfərli kəndində yerləşən 1.39 ha torpaq sahəsinin JN 0192 saylı planda qeyd edilən 0.7286 ha(0.73ha) hissəsinin X6 X10 (TEKUİS-ə) əsasən hüdudları (sərhədləri) müəyyən edilmişdir. JN 0192 saylı Dövlət Aktı ilə X5 və ailə üzvləririn ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu Cəfərli kəndində yerləşən 1.39 ha torpaq sahəsinin JN 0192 A saylı planda qeyd edilən 0.6651 ha(0.67 ha) hissəsinin X6 X10 (TEKUİS-ə) əsasən hüdudları (sərhədləri) müəyyən edilmişdir JN 0193 saylı Dövlət Aktı ilə X3 və ailə üzvlərinin Ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu Cəfərli kəndində yerləşən 0.56 ha torpaq sahəsinin X6 X10 (TEKUİS-ə) əsasən hüdudları (sərhədləri) müəyyən edilmişdir. Mübahisəli ərazidə yerləşən, Reyestr nömrəsi **********83 olan xx.xx.2024 cü il tarixli çıxarışa və B 142292 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X7 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, imişli rayonu Cəfərli kəndində yerləşən, hal-hazırda Cavabdeh istifadəsində olan 0.56 ha torpaq sahəsinin də hüdudları (sərhədləri) müəyyən edilərək tərtib edilmiş sxemdə göstərilmişdir. İddiaçı1 iddia etdiyi mübahisəli torpaq sahəsi Reyestr nömrəsi **********84 olan xx.xx.2024 cü il tarixli çıxarışa və B 141966 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu Cəfərli kəndində yerləşən 1.6016 ha torpaq sahəsinə aiddir və Cavabdeh və digər ailə üzvləri tərəfindən istifadə olunur. JN 0191, JN 0192 və JN 0193 saylı Dövlət Aktına əsasən planda sərhədləri göstərilmiş 1.46, 1.39 (0.73 və 0.67) və 0.56 ha torpaq sahələrinin X6 X10 (TEKUİS-ə) əsasən yerləşdiyi ərazilər mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir.

13. Məhkəmə hesab edir ki, iddiaçıların bu iddiası onun qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının müdafiəsindən irəli gəlir.

14. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkivyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

16. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

18. Həmçinin məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülkiyyət hüququnun ümum bəşəri dəyərlər sırasında olması qəbul edilmiş bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmışdır.

19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «lnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı protokolunun l-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».

20. «İnsan hüquqları haqqında Ümumi Bəyunnamə»nin 17-ci maddəsinə əsasən, hər bır insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

21. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlarda "mülkiyyət" hüquqları sayıla bilər,

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

23. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

24. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1 -ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

25. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh, iddiaçılara məxsus 1.6016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt etməklə qanunsuz sahibliyinə keçirmiş və oradan istifadə edir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələrinin tələblərinə əsasən iddiaçılara məxsus 1.6016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz sahibliyə keçirilmiş hissəsi iddiaçılara geri qaytarılmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

27. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

29. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/5491 nömrəli ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin torpaq sahəsinin zəbt olunub-olunmaması ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur.

30. Məhkəmə iddia tələbinin maddi zərər hissəsinə münasibətdə qeyd edir ki, iddiaçılar tələbində maddi zərərə görə 3000 manat məbləğin ödənilməsini tələb etsələr də, göstərilən iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz.

31. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İmişli rayonunun Cəfərli kəndində yerləşən iddiaçıların birgə mülkiyyətlərində olan 1,6016 hektar torpaq sahəsindən çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir.

32. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği cavabdehdən, qalan 25 manat məbləği iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. VI. Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İmişli rayonunun Cəfərli kəndində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 Qafil qızının, X11, İddiaçı4, İddiaçı5 və X2 birgə mülkiyyətlərində olan 1,6016 hektar torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği Cavabdeh, qalan 25 manat məbləği iddiaçılar İddiaçı1, İddiaçı2 Qafil qızıdan, X8, İddiaçı4, İddiaçı5 və X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X4, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar