Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1485/2021 28.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X10 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan İmişli rayonunun Muradxanlı kəndində yerləşən evindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmidir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Bakı şəhərində daimi qeydiyyatdadır. Uzun müddət Bakı şəhərində yaşamış, on il olarki İmişli şəhərinə gəlmişdir. Cavabdeh Bakıda olan evini satmış və İmişli rayonunun Ağamməmədli kəndində heyvandarlıqla məşğul olmağa başlamışdır. Cavabdeh ondan xahiş etmişdir ki, bəzi əşyaları onun evinə qoysun sonra götürəcək. O da, icazə vermişdir. Üç il olar ki, cavabdehlər hər ikisi onun evində qalırlar. İndi isə evdən çıxmırlar. Onun öz uşaqlarının yaşamağa yeri yoxdur. Dəfələrlə təkidlə tələb etsə də, cavabdehlər ona məxsus evdən çıxmırlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onlar hazırda yaşadıqları İmişli rayonunun Muradxanlı kəndində yerləşən evə iddiaçının razılığı ilə köçmüşlər. Həmin ev yaşayış üçün əlverişsiz olduğundan onun üstünə xərc qoyaraq evin tavanın düzəltdirmişdir. Problemin yaranmasının səbəbkar isə iddiaçının oğludur. Belə ki, o əvvələr Bakıda yaşamış ailəsi dağılıqdan sonra bura qayıtmışdır. Hazırda onların evdən çıxmağını o tələb edir. Onun başqa yaşayış yeri yoxdur. Ona görə də hesab edir ki, iddia təmin olunmamalıdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 işin hallarına dair Cavabdeh1 izahatına uyğun izahat verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, İddiaçı İmişli rayonunun Əlipənahlı kəndində anadan olmuş, hazırda İmişli rayonunun Muradxanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-394D kodlu, 90700008 saylı şəhadətnaməyə əsasən İmişli rayon AİK-nin 14 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0.25 hektar torpaq sahəsi İddiaçı, X2, X5, X6, X1, X8 və X3 ümumi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-394A kodlu, 90700008 saylı şəhadətnaməyə əsasən İmişli rayon AİK-nin 14 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0.26 hektar torpaq sahəsi İddiaçı Etibar oğlu, X2, X5, X6, X1, X8 və X3 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 may 2021-ci il tarixli, 183 saylı arayışdan görünür ki, İddiaçı Muradxanlı kəndində özünə məxsus çiy kərpicdən tikilmiş iki mərtəbəli dörd otaqdan ibarət yaşayış evi vardır. İşin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus İmişli rayonunun Muradxanlı kəndində yerləşən evində heç bir qanuni əsaslar olmadan yaşayır, mülkiyyətçinin tələbinə məhəl qoymayaraq həmin mənzili tərk etmir, əksinə öz mülkiyyəti kimi evdə təmir işləri aparır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü və 43-cü maddələrinin 1-ci bəndlərinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus İmişli rayonunun Muradxanlı kəndində yerləşən evindən çıxarılmalıdır. Göstərinləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus İmişli rayonunun Muradxanlı kəndində yerləşən evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1485/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1485/2021
28.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver