Məhkəmə qərarları › İş №2(036)-1523/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1523/2024

11.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1523/2024 11.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı X6 - Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə GİRİŞ HİSSƏSİ: İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İddiaçı X6 və onun vəkili X5, Cavabdeh, Üçüncü şəxs İmişli şəhər Bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X6 - Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı X6 - Cavabdeh qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəsiyyətnamə ilə ona məxsus olan 0,06 ha torpaq sahəsində inşa edilmiş yaşayış evindən Cavabdeh çıxarılmasını və həmin yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun atası Babaşov Vəli Qəhrəman oğluna İmişli rayon X15 İcraiyyə Komitəsinin 15 fevral 1977-ci il tarixli 3 saylı qərarı ilə ona 0,06 ha həyatyanı torpaq sahəsi verilmişdir. Rayon X15 İcraiyyə Komitəsinin 26 sentyabr 1980-cı tarixli 18 saylı qərarı ilə atası Vəli Babaşova ayrılmış 0.06 ha torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. İcazə əsasında atası həmin yerdə yaşayış evi tikdirmişdir. Hal hazırda həmin ünvan İmişli şəhəri, Pənah Həsənov küçəsi, ev 126 kimi qeydiyyatdadır. Atası əvvəlcə xx.xx.1980-cı ildə çiy kərpicdən ev tikmiş, həmin evə xx.xx.1988-ci ildə Qeydiyyat vəsiqəsi verilərək mülkiyyət kimi sənədləşdirilmişdir. Çiy kərpicdən tikilən evə xx.xx.1990-cı ildə texniki pasport verilmişdir. Atası Babaşov X7 şəhəri, Pənah Həsənov küçəsi, 126 saylı ünvanda yerləşən mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsini və evini xx.xx.2005-ci ildə notarius vasitəsi ilə ona vəsiyyət etmişdir. Bu vəsiyyətnamənin verilməsinə bütün ailə üzvülərinin, o cümlədən mərhum qardaşı Babaşov Əyyamın razılığı ilə evi atası ona vəsiyyətnamə ilə bağışlamışdır. Sonradan çiy kərpicdən ev qəzalı vəziyyətə düşdüyünə görə 2011-ci ildə İmişli rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlara tərəfindən çiy kərpicdən olan evin qəzalı olduğu müəyyən edilmiş və onların köməyi ilə həmin həyətdə ikinci bir ev tikildi. Qardaşı Babaşov Əyyam Vəli oğlu əvvəlcə Babaşova Şərafət Səməd qızı ilə evli olmuş, onlar boşandıqdan sonra qardaşı İmişli rayonu, Murğuzallı kənd sakini Cavabdeh ilə tanış olduqdan sonra, sonuncu 2008-ci ildən gəlib atasının evinə girmiş və qardaşı ilə yaşamağa başlamışdır. Lakin, Zülfiyyə həmin evdə qalarkən həm atasını, həm də qardaşını döyüb işgəncə vermiş, bu münasibəti çox adam bilməsin deyə onları müxtəlif vaxtlarda yaşadığı Bəhrəmtəpə qəsəbəsinə gətirib öz evində saxlamışdır. Bundan əlavə qardaşını sonradan ağır xəstəliyə tutulduğuna görə öldüyü vaxta qədər iki il müddətində evində özü baxmışdır. Dəfn mərasimlərini də bacılarının köməyi ilə özü vermişdir. Onu da qeyd edir ki, qardaşı Əyyam xəstələndiyi vaxt və ondan əvvəldə Zülfiyyə vəsiyyətnamə ilə ona verilmiş evdə və torpaq sahəsində deyildir. Murğuzallı kəndində yaşamışdır. Nə də ki. Zülfiyyə qardaşı ilə yaşadığı dövrdə vəsiyyətnamə ilə ona verilmiş evdə heç vaxt qeydiyyatda olmamışdır. Anası Babaşova Güllübəyim Soltan qızı xx.xx.2003-cü ildə, qardaşı Babaşov Əyyam Vəli oğlu xx.xx.2020-ci ildə, atası Babaşov Vəli Qəhrəman oğlu isə xx.xx.2020-ci ildə vəfat etmişlər. Atası vəfat etdikdən sonra o, bütün kommunal xərcləri, o cümlədən 0,06 ha torpaq vergisini, işıq, su və qaz xərclərini də adına gələn qəbzlər əsasında özü ödəmişdir. Cavabdeh atasının vəfatından sonra həmin evdə heç kimin olmadığını görüb yaşayış evinin açarını dəyişdirib özbaşına olaraq atasının ona vəsiyyət etdiyi evdə uşağı ilə yaşamağa başlamışdır. Dəfələrlə onu zəbt etdiyi evdən çıxmağı tələb etsə də sonuncu buna heç bir əhəmiyyət verməmiş, qanunsuz hərəkətlərini davam etdirir. Bu səbəbdən o, Cavabdeh vəsiyyətnamə ilə ona verilmiş evdən çıxarılmasını tələb etsə də o, həmin evdən çıxmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı X16 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 vəkili X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, İmişli şəhəri, Pənah Həsənov küçəsi, 126 saylı ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində inşa edilmiş ev çiy kərpicdən və qəzalı vəziyyətdə olduğu üçün Azərbyacan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən ev tikilmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 izahatında bildirdi ki, o, İmişli rayonu, Xoşçobanlı bələdiyyəsində müavin vəzifəsində işləyir. İmişli şəhəri, Pənah Həsənov küçəsi, 126 saylı ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində inşa edilmiş ev çiy kərpicdən və qəzalı vəziyyətdə olduğu üçün Azərbyacan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən ev tikilmişdir. Vəli Babaşov vəfat edəndən sonra həmin evdə onların birinci gəlini qeydiyyatda olub. Həmin torpaq sahəsi İmişli şəhər bələdiyyəsinə məxsus olmuşdur. Həmin torpaq sahəsində 4 (dörd) nəfərə ev inşa edilib. Birinci gəlin onlardan ev tələb edtiyi üçün onlar da bacısı Cavabdeh evdən çıxarmaq qərarına gəlmişlər. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs İmişli şəhər Bələdiyyəsinin nümayəndəsi X8 iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

Məhkəmə, iddiaçı və onun vəkilinin, cavabdehin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş İİİ JQ 495004 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, Babaşova İlhamə Vəli qızı xx.xx.1975-ci il tarixdə İmişli şəhərində anadan olmuş, atası Babaşov Vəli Qəhrəman oğlu, anası Babaşova Gülllübəyim Soltan qızıdır; İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 18 nömrəli iclas protokoluna dair çıxarışdan görünür ki, Babaşov Vəli Qəhrəman oğluna yaşayış sahəsi 60 kv.m yardımçı sahəsi 35 kv.m olmaqla fərdi yaşayış evi tiktirməsinə icazə verilmişdir; İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş Vİ JQ 345315 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə Babaşova İlhamə Vəli qızı arasında xx.xx.1993-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında qeyd kitabında 20 nömrəli qeyd aparılmışdır. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında xx.xx.2020-ci il tarixli AZ İİ 112575 nömrəli şəhadətnamənin surətindən görünür ki, Babaşov Vəli Qəhrəman oğlu xx.xx.2020-ci il tarixdə dəqiqləşdirilməmiş ürək dayanması səbəbindən vəfat etmişdir; xx.xx.2005-ci il tarixli vəsiyyətnamədən görünür ki, İmişli rayonu, P.Həsənov küçəsi, ev 126-da yerləşən yaşayış evini həyətyanısı ilə birlikdə Babaşova İlhamə Vəli qızına vəsiyyət etmişdir; İmişli Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-22RA/2-113/2024 saylı məktubundan görünür ki, Babaşov Vəli Qəhrəman oğluna şəhərin keçmiş “Şərq” küçəsindəki torpağı hesabına 0.06 hektar torpaq sahəsi olması barədə İmişli şəhər ZDS İK-nin xx.xx.1977-ci il tarixli qərarı və eyni zamanda İmişli rayon XDS İK-in xx.xx.1980-ci il tarixli 18 №-li protokoluna əsasən bu torpaq sahəsində yaşayış sahəsi 60 kv.m, yardımçı sahəsi 35 kv.m olmaqla fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi ilə bağlı qərarlar mövcuddur; İmişli Şəhər ZDS icraiyyə komitəsinin xx.xx.1997-ci il tarixli qərarından görünür ki, Babaşov Vəli Qəhrəman oğluna yaşadığı Şərq küçəsindəki torpağı hesabına 0,06 hektar həyətyanı torpaq sahəsi verilməsi təsdiq edilmişdir; xx.xx.1977-ci il tarixli ərizədən görünür ki, Babaşov Vəli Qəhrəman oğlunun həyətyanı torpaq sahəsi olmadığı üçün İmişli rayon XDS İcraiyyə Komitəsinə ərizə ilə müraciət etmişdir; İmişli RTB H/T-nin xx.xx.1977-ci il tarixli məktubdan görünür ki, İmişli rayon birliyində traktorçu işləyən Babaşov Vəli Qəhrəman oğluna torpaq sahəsi verilməsi üçün İmişli rayon ZDS-nin İcraiyyə Komitəsinə ərizə ilə müraciət edilmişdir; İmişli rayon X2 Təşkilatının xx.xx.1977-ci il tarixli 13 nömrəli protokolundan çıxarışından görünür ki, İmişli rayon birliyində traktorçu işləyən Babaşov Vəli Qəhrəman oğluna torpaq sahəsi verilmişdir; İmişli rayon Texnika Birliyinin 65 nömrəli arayışından görünür ki, Babaşov Vəli Qəhrəman oğlu rayon texnika birliyində traktorçu-maşinist vəzifəsində işləmişdir; Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında xx.xx.2022-ci il tarixli 115 nömrəli çıxarışdan görünür ki, Babaşov Vəli Qəhrəman oğluna Şərq küçəsindəki torpağı hesabına 0,06 hektar həyətyanı torpaq sahəsi verilməsi təsdiq edilmişdir; xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı İmişli şəhər bələdiyyəsinin hesabına İmişli şəhəri P.Həsənov küçəsi 126 ünvanında yerləşən torpaq sahəsi üçün torpaq vergisi olaraq 1,80 manat məbləğində pul ödəmişdir; xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı İmişli şəhər bələdiyyəsinin hesabına İmişli şəhəri P.Həsənov küçəsi 126 ünvanında yerləşən torpaq sahəsi üçün əmlak vergisi olaraq 38 manat məbləğində pul ödəmişdir; xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, Cavabdeh İmişli şəhəri P.Həsənov küçəsi ev 278 ünvanında yerləşən fərdi yaşayış evində suyun istehlak haqqı olaraq 2 manat məbləğində pul ödəmişdir; xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı İmişli şəhəri P.Həsənov küçəsi 126 ünvanı üçün təbii qazın istehlak haqqı olaraq 36 manat məbləğində pul ödəmişdir; xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, Cavabdeh İmişli şəhər bələdiyyəsinin hesabına İmişli şəhəri P.Həsənov küçəsi 126 ünvanı üçün torpaq vergisi olaraq 1 manat məbləğində pul ödəmişdir; xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, Cavabdeh İmişli şəhər bələdiyyəsinin hesabına İmişli şəhəri P.Həsənov küçəsi 126 ünvanı üçün əmlak vergisi olaraq 4 manat məbləğində pul ödəmişdir; İşdə olan JN 1378A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli 01 saylı qərarına əsasən ayrılmış İmişli şəhəri P.Həsənov küçəsi 126 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsi ilə Babaşov Vəli Qəhrəman oğlu, Babaşova Güllübəyim Soltan qızı, Babaşov Əyyam Vəli oğlu, X9, Babaşova Fidan Əyyam qızı və Babaşov Saleh Əyyam oğlunun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/8803 nömrəli 02 aprel 2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İmişli rayon Aqrar İslahat Komissiyasının 25,01.2006-ci il tarixli 01 saylı qərarı ilə JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi xx.xx.2006-cı ildə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyani torpaq sahəsi olmuşdur. Hazırda da yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olmaqla həyətyani torpaq sahəsidir. İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı ilə JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və həyətyani torpaq sahəsi kimi istifadə olunur. İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı ilə JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi eyni ərazidir. İmişli rayon Aqrar islahat Komissiyasının xx.xx.2006-ci ii tarixli 01 saylı qərarı ilə JN- 1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatları üçünçü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. - İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı ilə JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum Babaşov Vəli Qəhrəman oğluna və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsində olan fərdi yaşayış evi JN-1378A 90701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan ərazinin hüdudları daxilində yerləşir texniki pasportda göstərilən texniki göstəricilərə uyğundur və istifadə üçün yararlıdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. Tətbiq edilən hüquq

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli № 439 saylı fərmanına əsasən:

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin Fərman ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: .............. 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar. ............ Həmin sənədlər əsasında İmişli rayonu, P.Həsənov küçəsi, ev 126-da yerləşən yaşayış evi və həyətyanı sahəsinə üzərində potensial mülkiyyət hüququ olan Babaşov Vəli Qəhrəman oğlu xx.xx.2005-ci il tarixli vəsiyyətnamə əsasında subyektiv hüquqlarını ölümündən sonra qızı Babaşova İlhamə Vəli qızına ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1182. Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

5. Məhkəmənin mövqeyi

Beləliklə məhkəmə araşdırması zamanı, tədqiq edilən sübutlarla müəyyən edilmişdir ki, İmişli Şəhər ZDS icraiyyə komitəsinin xx.xx.1997-ci il tarixli qərarı ilə Babaşov Vəli Qəhrəman oğluna yaşadığı Şərq küçəsindəki torpağı hesabına 0,06 hektar həyətyanı torpaq sahəsi verilməsi təsdiq edilmişdir, İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 18 nömrəli iclas protokoluna dair çıxarışdan görünür ki, Babaşov Vəli Qəhrəman oğluna yaşayış sahəsi 60 kv.m yardımçı sahəsi 35 kv.m olmaqla fərdi yaşayış evi tiktirməsinə icazə verilmişdir, xx.xx.2005-ci il tarixli vəsiyyətnamə ilə İmişli rayonu, P.Həsənov küçəsi, ev 126-da yerləşən yaşayış evini həyətyanısı ilə birlikdə Babaşova İlhamə Vəli qızına vəsiyyət etmişdir. JN 1378A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən dən görünür ki, İmişli şəhəri P.Həsənov küçəsi 126 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsi Babaşov Vəli Qəhrəman oğlu, Babaşova Güllübəyim Soltan qızı, Babaşov Əyyam Vəli oğlu, X9, Babaşova Fidan Əyyam qızı və Babaşov Saleh Əyyam oğlunun mülkiyyətinə verilmişdir. Hazırki iddia tələbi ilə vəsiyyətnamə ilə ona məxsus olan 0,06 ha torpaq sahəsində inşa edilmiş yaşayış evindən Cavabdeh çıxarılmasını və həmin yaşayış evinin boşaldılaraq ona təhvil verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2005-ci il tarixli vəsiyyətnamə ilə Babaşova İlhamə Vəli qızına vəsiyyət edilmiş İmişli rayonu, P.Həsənov küçəsi, ev 126-da yerləşən yaşayış evi və həyətyanı sahəsinə heç bir subyektiv hüququ olmadığı üçün iddia təmin edilməlidir. Bunun əksinə olaraq iddiaçı İmişli rayonu, P.Həsənov küçəsi, ev 126-da yerləşən yaşayış evi və həyətyanı sahəsinə xx.xx.2005-ci il tarixli vəsiyyətnamə əsasında subyektiv hüquqlar əldə etmişdir. Belə ki, həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində Babaşov Vəli Qəhrəman oğlunun İmişli Şəhər ZDS icraiyyə komitəsinin xx.xx.1997-ci il tarixli qərarına və İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 18 nömrəli iclas protokoluna əsasən mülkiyyət hüququ gözləntisi yaranmışdır. Həmçinin , cavabdeh tərəfindən subyektiv hüququnun mövcudluğu ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, xx.xx.2005-ci il tarixli vəsiyyətnamə ilə Babaşova İlhamə Vəli qızına vəsiyyət edilmiş İmişli rayonu, P.Həsənov küçəsi, ev 126-da yerləşən fərdi yaşayış evi və həyətyanı sahəsindən Cavabdeh çıxarılmalı və iddiaçı X10 təhvil verilməli, ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat Cavabdeh tutularaq iddiaçı X10 ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. xx.xx.2005-ci il tarixli vəsiyyətnamə ilə Babaşova İlhamə Vəli qızına vəsiyyət edilmiş İmişli rayonu, P.Həsənov küçəsi, ev 126-da yerləşən fərdi yaşayış evi və həyətyanı sahəsindən Cavabdeh çıxarılsın və fərdi yaşayış evi və həyətyanı sahəsi iddiaçı X10 təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat Cavabdeh tutularaq iddiaçı X10 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar