Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1579/2025 19.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi X3 maraqlı şəxs İmişli regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki iş (açar sözlər: doğum faktının müəyyən edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi X3 və vəkili X4 iştirakları ilə, Ərizəçi X3 maraqlı şəxs İmişli regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı ərizəçinin 22 yanvar 1964-cü ildə Ermənistan SSRnin Sisyan rayonunda doğulması faktının müəyyən edilməsi, doğum tarixi qrafasında 22 yanvar 1964-cü il, doğum yeri qrafasında Ermənistan SSR Sisyan rayonu, ölkə qrafasında Ermənistan, ata qrafasında X10, ana qrafasında X8 məlumatlarının qeyd edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. Ərizəçi maraqlı şəxsə qarşı ərizəçinin 22 yanvar 1964-cü ildə Ermənistan SSR-nin Sisyan rayonunda doğulması faktının müəyyən edilməsi, doğum tarixi qrafasında 22 yanvar 1964-cü il, doğum yeri qrafasında Ermənistan SSR Sisvan rayonu, ölkə qrafasında Ermənistan, ata qrafasında X10, ana qrafasında X8 məlumatlarının qeyd edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X2 1960-cı illərdə keçmiş Ermənistan SSR-nin Sisyan rayonunda kənd təsərrüfatı və heyvandarlıq sahəsində işləmişdir. Ərizəçi, bacı və qardaşlarının bəziləri Ermənistan SSR-nin Sisyan rayonunda doğulmuşlar. O cümlədən, ərizəçi Ermənistan SSR-nin Sisyan rayonunda 22 yanvar 1964-cü ildə anadan olmuşdur. Onun X2, anası isə X11 olmuşdur. Hər ikisi vəfat etmişlər. Ərizəçiyə Sisyan rayon VVAQ şöbəsindən doğum haqqında şəhadətnamə verilmiş və sonradan o, Azərbaycan SSR X29 Təhsil Komitəsinin Azərbaycan SSR İmişli rayon 123 nömrəli kənd texniki məktəbinə daxil olmuş və heyvandarlıq kompleksi üzrə operator ixtisası üzrə 776436 nömrəli 20 avqust 1985-ci il tarixli diplom almışdır. Ərizəçi X12 ilə 26 yanvar 1987ci ildə rəsmi nikaha daxil olmuş və Heydarova soyadını qəbul etmişdir. İlkin soyadı isə Abbasova olmuşdur. Nigah haqqında şəhadətnamədə X5 22 yanvar 1964-cü il tarixdə Ermənistan SSR-nin Sisyan rayonunda anadan olduğu qeyd edilmişdir və rəsmi nikahdan sonra ərizəçi- X9 rəsmi olaraq X1 tanınmışdır. Sonradan ona Ermənistan SSR-nin Sisiyan rayonunun VVAQ tərəfindən verilmiş doğum haqqında şəhadətnamə itmişdir. Hazırda Ermənistanla heç bir əlaqə olmadığı üçün Sisyan rayonunun VVAQ şöbəsindən ona doğum haqqında şəhadətnamə verilməsi barədə doğum haqqında akt qeydindən çıxarış etmək mümkün deyildir və ərizəçinin doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olmadığı üçün əlil övladı ilə bağlı müəyyən prosedur hərəkətləri edə bilmir və güzəştləri, həmçinin torpağa mülkiyyət hüququna dair sənədi əldə edə bilmir. Göstərilən faktları şahidlər də məhkəmədə təsdiq edə bilərlər.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən ərizəçi X6 ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən şahid X15 izahatında bildirmişdir ki, ərizəçi X6 onun bacısıdır. X2 Ermənistan SSR-nin Sisyan rayonunda kolxozun fermasında işləmişdir. O, 9 yaşı olanda, yəni 22 yanvar 1964-cü ildə bacısı Heydarova (Abbasova) Nurcahan Behbud qızı Ermənistan SSR-nin Sisyan rayonunda doğulmuşdur.
5. Məhkəmə iclasında iştirak edən şahid X16 şahid X15 ilə eyni məzmunlu izahat vermişdir.
6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.
7. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.23-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2-1-ci maddəsinə əsasən doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
10. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları: 2.6-1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-1 -ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən doğumun ilkin uçotu aparılır. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. İmişli regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.1996-cı il tarixdə İmişli rayonunun Hacalmuradlı kəndində ölmüşdür.
12. AZ-İ 627190 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə İmişli rayonunun Hacalmuradlı kəndində ölmüşdür.
13. AZ-İİ 293908 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2023-cü il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində ölmüşdür.
14. xx.xx.1987-ci il tarixli nikah haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, xx.xx.1964-cü il tarixdə doğulmuş X9 ilə xx.xx.1961-ci il tarixdə doğulmuş X12 arasında nikah bağlanmış, arvada Heydarova soyadı verilmişdir.
15. 07.08.1997-ci il tarixli doğum haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X17 xx.xx.1987-ci il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində doğulmuş, anası X6, atası X12 qeyd edilmişdir.
16. İmişli regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X16 xx.xx.1959-cu il tarixdə İmişli rayonunun Rəsullu kəndində anadan olmuş, anası X7r.
17. İmişli regional «ASAN Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli rəydən görünür ki, X5 doğumu haqqında akt qeydi nə İmişli rayon qeydiyyat şöbəsinin arxivində nə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Ərizəçi tərəfindən İmişli «ASAN Xidmət» mərkəzinin qeydiyyat şöbəsinə bu qeydin varlığını təsdiq edən heç bir sənəd təqdim edilməmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
19. Həmin Qərarın 4.1 -ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
20. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
21. Məhkəmə iclasında müəyyən edildi ki, Heydarova (Abbasova) Nurcahan Behbud qızı xx.xx.1964-cü il tarixdə Ermənistan SSR-nin Sisyan rayonunda doğulmuş, xx.xx.1987ci il tarixdə X12 ilə nikaha daxil olmuş, arvada Heydarova soyadı verilmişdir. Heydarova (Abbasova) Nurcahan qızının doğulması bardə akt qeydi aparılmış, lakin həmin akt qeydi barədə sənədlər itmiş və hazırda həmin qeydi təsdiq edən sənədlərin əldə olunması və ya bərpası mümkün deyildir.
22. Məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1964-cü il tarixdə Ermənistan SSR-nin Sisyan rayonunda doğulması, atasının X10, anasının isə X8 olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir.
23. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Heydarova (Abbasova) Nurcahan Behbud qızının doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən Heydarova (Abbasova) Nurcahan Behbud qızının 22 yanvar 1964-cü ildə Ermənistan SSR-nin Sisyan rayonunda doğulması, atasının X10, anasının isə X8 olmasına dair doğumun faktı müəyyən edilməlidir.
VI. Nəticə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Heydarova (Abbasova) Nurcahan Behbud qızının 22 yanvar 1964-cü ildə Ermənistan SSR-nin Sisyan rayonunda doğulması faktı, atasının X10, anasının isə X8 olduğu müəyyən edilsin. Qətnamə 22 yanvar 1964-cü il təvəllüdlü Heydarova (Abbasova) Nurcahan Behbud qızının adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev.