Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1586/2024 24.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə yaşayış hüququ tanınmaqla köçürülmə” tələbinə dair mülki mübahisə (açar sözlər: mənzilə köçürülmə) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddiaçının azyaşlı uşaqları X5, X3 və X6 ilə birlikdə qeydiyyatda olduqları cavabdehin yaşadığı və sahiblik etdiyi İmişli şəhəri, M.Əzizbəyov küçəsi 81 nömrəli evin 42 saylı mənzilinə yaşayış hüquqları tanınmaqla köçürülmələri barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı iddiaçının azyaşlı uşaqları X5, X3 və X6 ilə birlikdə qeydiyyatda olduqları cavabdehin yaşadığı və sahiblik etdiyi İmişli şəhəri, M.Əzizbəyov küçəsi 81 nömrəli evin 42 saylı mənzilinə yaşayış hüquqları tanınmaqla köçürülmələri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, X4 ilə 2010-cu ildə faktiki evlənmişlər və xx.xx.2012-cı ildə rəsmi nikah qeyd etdirmişlər. İddiaçını cavabdehə məxsus İmişli şəhəri, M.Əzizbəyov küçəsi 8 nömrəli evin 42 saylı 3 otaqlı mənzilinə gəlin gətirmişlər, həmin mənzildə pasport qeydiyyatına aldırmışlar və orada əri ilə yaşamışdır. Ev sahibi cavabdeh, anası və bacısı da həmin mənzidə yaşayırmışlar. İddiaçının həmin mənzildə 3 uşağı anadan olmuşdur. X5 xx.xx.2011-ci ildə, X3 xx.xx.2014-cü ildə və X6 xx.xx.2015-ci ildə anadan olmuşlar. Əri Zaur işləmək üçün 1 il əvvəl X2 şəhərin getmişdir. Bundan sonra iddiaçının azyaşlı uşaqları ilə qara günləri başlamışdır. Baldızları və qaynanası onu incitməyə başlamışlar. Hətta iddiaçını və uşaqlarını döydüklərinə görə polisə də şikayət etmişdir. Baldızları və qaynanası onu uşaqları ilə 5 ay bundan əvvəl döyüb evdən çıxartmışlar və iddiaçı İsmayıllı şəhərinə atası evinə gedib qalmağa məcbur olmuşdur. İddiaçı gözləmişdir ki, bəlkə ər tərəf insafa gəlıb onu uşaqları ilə qeydiyyatda olduğu evə gətirdilər. Lakin bir nəticə olmayınca iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hazırda mənzilsiz qalmışdır. İddiaçının əmlakı da qeydiyyatda olduğu, cavabdehə məxsus mənzildədir.
II. Tərəflərin mövqeləri:
3. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, həmin ev ona məxsusdur. İddiaçının həmin evdə yaşamasını istəmir. İddiaçıya müvəqqəti yaşamaq üçün yer vermişdir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2- ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 758284 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X1 arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında qeyd kitabında 321 saylı qeyd aparılmışdır. Nikahdan sonra arvada “Ələkbərova” soyadı verilmişdir.
10. RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, İmişli şəhəri, M.Əzizbəyov küçəsi, ev 81, mənzil 42 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
11. Məhkəmə tədqiqatı zamanı zamanı müəyyən olundu ki, İmişli şəhəri, M.Əzizbəyov küçəsi, ev 81, mənzil 42 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla RX seriyalı ******* saylı Çıxarış ilə rəsmiləşdirilmişdir. İddiaçı cavabdehin gəlini olmaqla 2010cu ildən cavabdehə məxsus mənzilə gəlin köçmüş və həmin vaxtdan orada qeydiyyatdadır.
12. Hazırda iddiaçı mübahisə predmeti olan mənzilə yaşayış hüquqları tanınmaqla köçürülmələrini tələb etdiyindən məhkəmə tərəfindən müəyyən edilməli fakt iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması ilə bağlıdır. Bunun üçün qanunvericilikdə istifadə hüququnun yaranması əsaslarına diqqət yetirilməlidir. Məlum olduğu kimi, şəxsin yaşayış sahəsinə qeydiyyata düşməsi özlüyündə yaşayış sahəsinə istifadə hüququnun yaranmasını ehtiva etmir.
13. İddiaçının mübahisəli mənzilə dair cavabdeh ilə yaxud hər hansı şəxslə hansısa müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla ona məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan mənzildə qeydiyyatda olsa belə, bu hal iddiaçının həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir.
14. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə məxsus mənzildə qeydiyyatda olması onun həmin mənzilə istifadə hüququnun olmasına dəlalət etmir. Belə ki, iddiaçının qeyd olunan mənzilin mülkiyyətçisi olan cavabdehin gəlini olmaqla onun ailə üzvü sırasına aid deyil, və o, digər qohumlar sırasına aiddir, yəni iddiaçı Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdehdən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi cavabdehin bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından yaşayış sahəsinə istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Bu halda da iddiaçı həmin mənzilə yaşayış hüquqları tanınmaqla köçürülmələrini tələb edə bilməz.
15. Odur ki, iddiaçı, cavabdehin ailə üzvi hesab olunmadığından, habelə onun yaxın qohumu qismində çıxış etmədiyindən, əvvəl onunla birgə yaşasa da, onunla birgə ümumi təsərrüfat aparmadığından, iddia təmin oluna bilməz.
16. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
VI. Nəticə:
17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı iddiaçının azyaşlı uşaqları X5, X3 və X6 ilə birlikdə qeydiyyatda olduqları cavabdehin yaşadığı və sahiblik etdiyi İmişli şəhəri, M.Əzizbəyov küçəsi 81 nömrəli evin 42 saylı mənzilinə yaşayış hüquqları tanınmaqla köçürülmələri barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev