Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1611/2023 04.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının cavabdeh Fərzəliyeva Gülnar Vəkil qızına qarşı əmlakın çıxarılması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdeh Fərzəliyevə Gülnar Vəkil qızının şəxsi cehiz əmlaklarını İmişli rayonu, Yuxarı Qaralar kəndində yerləşən sahibliyində və istifadəsində olan yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvlərilə birlikdə İmişli rayonu, Yuxarı Qaralar kəndində birgə mülkiyyətlərində olan torpaq sahəsində yerləşən yaşayış evində yaşayır. X1 2021-ci ilin iyul ayının sonunda Fərzəliyevə Gülnar Vəkil qızı ilə faktiki nikah münasibətlərinə girməklə evlənmiş və həmin vaxt cavabdehin cehiz əmlakı müvəqqəti olaraq onun evə yığılmışdır. Qısa müddət yaşadıqdan sonra oğlu ilə cavabdehin xasiyyəti uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuşdur. Fərzəliyevə Gülnar Vəkil qızı 2021-ci ilin sentyabr ayının 23-də çıxıb atası evinə getmişdir. Cavabdeh ona məxssus evdə yaşamadığı halda cehiz əmlakını onun evindən çıxarmır. Fərzəliyevə Gülnar Vəkil qızı onun sahiblik etdiyi evdə qeydiyyatda yoxdur və oğlu ilə rəsmi nikahı olmadığından onun ailə üzvü sayılmır. Onun evi 2 otaq, bir mətbəx və 1 zaldan ibarət olmaqla darısqaldır. Belə ki, həmin evdə o, həyat yoldaşı, 2 oğlu, digər oğlumun həyat yoldaşı və 2 uşaqı olmaqla 7 nəfər yaşayır. Cavabdehin də cehizi (şifoner, taxt, kamot, televizor, divan, stol, stul, paltaryuyan və xırda əşyalar) evin bir hissəsini tutub. Dələlərlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh evini boşaltmayacağını bildirmişdir.
3. JN-152A Kod 90708018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə müəyyən olur ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə İmişli rayonu, Qaralar kəndi ərazisində 0,20 hektar həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsində iddiaçıya məxsus 92.20 kv.m sahəsi olan yaşayış evi və 107.20 kv.m sahəsi olan başqa tikintilər mövcuddur. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
4. Cavabdeh Fərzəliyeva Gülnar Vəkil qızının iddia ərizəsinə qarşı yazılı etirazı olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
5. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Cavabdeh Fərzəliyeva Gülnar Vəkil qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq Аzərbaycan Respublikasının Konistitusiyası
8. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
9. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
11. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
12. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
13. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
14. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
19. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
20. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.
21. Belə ki, iş materialları ilə müəyyən olur ki, JN-152A Kod 90708018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə müəyyən olur ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə İmişli rayonu, Qaralar kəndi ərazisində 0,20 hektar həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsində iddiaçıya məxsus 92.20 kv.m sahəsi olan yaşayış evi və 107.20 kv.m sahəsi olan başqa tikintilər mövcuddur. İddiaçı ailə üzvlərilə birlikdə həmin torpaq sahəsində yerləşən yaşayış evində yaşayır. İddiaçının oğlu Sahil Əhmədov 2021-ci ilin iyul ayının sonunda Fərzəliyevə Gülnar Vəkil qızı ilə faktiki nikah münasibətlərinə girməklə evlənmiş və həmin vaxt cavabdehin cehiz əmlakı müvəqqəti olaraq iddiaçıya məxsus yaşayış evinə yığılmışdır. Qısa müddət yaşadıqdan sonra Sahil Əhmədov ilə cavabdehin xasiyyəti uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuşdur. Fərzəliyevə Gülnar Vəkil qızı xx.xx.2021-ci il tarixdə çıxıb atası evinə getmişdir. Cavabdeh iddiaçıya məxssus evdə yaşamadığı halda cehiz əmlakını onun evindən çıxarmır. Fərzəliyevə Gülnar Vəkil qızı qeyd olunan evdə qeydiyyatda yoxdur və iddiaçının oğlu ilə rəsmi nikahı olmadığından onun ailə üzvü sayılmır. Hazırda cavabdehin cehiz əmlakı-şifoner, taxt, kamot, televizor, divan, stol, stul, paltaryuyan və digər xırda əşyalar iddiaçıya məxsus yaşayış evində qalmaqla, onun sahiblik və istifadə hüququnu pozur və xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən həmin əmlaklar çıxarılıb aparılmamışdır.
22. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».
25. Prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir.
26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
27. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
28. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
29. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilib, cavabdeh Fərzəliyevə Gülnar Vəkil qızına məxsus cehiz əmlakları- şifoner, taxt, kamot, televizor, divan, stol, stul, paltaryuyan və digər xırda əşyalar İddiaçı məxsus İmişli rayonu, Yuxarı Qaralar kəndində yerləşən yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçının cavabdeh Fərzəliyeva Gülnar Vəkil qızına qarşı əmlakın çıxarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Fərzəliyevə Gülnar Vəkil qızına məxsus cehiz əmlakları- şifoner, taxt, kamot, televizor, divan, stol, stul, paltaryuyan və digər xırda əşyalar İddiaçı məxsus İmişli rayonu, Yuxarı Qaralar kəndində yerləşən yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev