Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1652/2022 14.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon dövlət arxivindən verilmiş 19 aprel 2022-ci il tarixli, 52 saylı arayışın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, İmişli rayon dövlət arxivindən verilmiş 19 aprel 2022-ci il tarixli, 52 saylı arayışında onun adı Qurbanov (Rzayev) Qurban Sahib oğlu kimi göstərilmişdir. O, həmin arayışdan qeyd olunan (Rzayev) soyadının çıxarılmasını tələb etsə də Dövlət arxivi tərəfindən düzəlişlər edilməsindən imtina edilmiş və əsas göstərilmişdir ki, kolxoz tərəfindən dövlət arxivinə təqdim olunan sənədlərdə hər iki soyad, yəni Qurbanov (Rzayev) soyadları qeyd olunmuşdur, düzəliş edilməsi mümkün deyil, məhkəməyə müraciət olunmalıdır. Bu yanlışlığa görə o, həmin arayışdan istifadə edə bilmir, həmin arayış isə onun əmək fəaliyyətini təsdiq edən yeganə sənəd olmaqla hüquq müəyyənedici sənəddir. Sənəddəki yanlışlıq onun əmək pensiyası almaq hüququnu məhdudlaşdırmışdır. Odur ki, bütün bunların nəzərə alınmasını və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan İmişli rayon dövlət arxivindən verilmiş 19 aprel 2022-ci il tarixli, 52 saylı arayışın surətinə əsasən Qurbanov (Rzayev) Qurban Sahib oğlu 1973-1990 və 1994-1995-ci illərdə İmişli rayon Nizami adına kolxozunda işləmişdir. İş materiallarında olan İmişli RİHB-nın Bəcirəvan kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi İmişli rayon Nizami adına kolxozunda işləyərkən onun soyadı Rzayev kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, İmişli rayon dövlət arxivindən verilmiş 19 aprel 2022-ci il tarixli, 52 saylı arayışın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İmişli rayon dövlət arxivindən verilmiş 19 aprel 2022-ci il tarixli, 52 saylı arayışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1652/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1652/2022
14.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver