Məhkəmə qərarları › İş №2(036)-1780/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1780/2024

24.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1780/2024 24.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “İmişli Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh “İmişli Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsə qarşı iddiaçı ilə bağlanmış əmək miüqaviləsinə xitam verilməsi barədə 17 yanvar 2024-cü il tarixli 18-1-46/3-1-53/2024 saylı əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməyi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin dəlilləri: İddiaçı idda ərizəsində qeyd etmişdir ki, o, “İmişli Mərkəzi Rayon Xəstəxanası” X5 Səhiyyə xidmətlərinin təşkili şöbəsində mühafizəçi vəzifəsində işləmişdir. “İmişli Mərkəzi Rayon Xəstəxanası” X5 direktoru X4 17 yanvar 2024-cü il tarixli 18-1-46/3-1-53/2024 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin əmri qanunsuz hesab edir. Belə ki, əmrdə guya onun bir iş günü üzürsüz səbəbdən işə çıxmamağı göstərilsə də, bu, doğru deyildir. Həmişə vaxtlı-vaxtında işdə olmuşdur. Lakin səhiyyənin təşkili şöbəsində dəqiq uçot aparılmadığından guya onun işdə olmadığı göstərilib. X6 Rayon Xəstəxanasında yerinə yetirdiyi halda, işə gedib-gəlmə uçotu qeyri-qanuni olaraq Bəhrəmtəpə qəsəbəsində yerləşən tibb məntəqəsində aparılır. Qərəzli şəkildə guya onun işdə olmamağı barədə məlumat verilib və müdiriyyət də bunu araşdırmadan onunla əmək müqaviləsinə qanunsuz olaraq xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə işin, istehsalın əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Onun işində belə hallar olmayıb. Ondan həmin faktla bağlı izahat alınmamışdır. Onunla əmək müqaviləsinə xitam verilməsi yerli həmkarlar təşkilatında müzakirə olunmamışdır. Direktor onunla ədavətli olduğundan onu haqsız yerə işdən çıxarmışdır. O, mübahisənin həlli üçün mediatora müraciət etmiş, mediasiya xərc ödəmişdir. Cavabdeh tərəf gəlmədiyinə görə mediator ona ilkin mediasiya sessiyasınd iştirak edilməməsi barədə arayış vermişdir. Ona görə də məhkəməyə iddia ərizəsi verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, İddiaçı cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ya qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək “İmişli Rayon Mərkəzi Xəsəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-46/3-1-53/2024 saylı əmrinin ləğv edilməsini, əvvəlki işinə bərpa edilməsini və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini tələb etmişdir. İddia tələbi əsassızdır, ona görə də rədd edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi üçün heç bir əsas olmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə əvvəlki iş yeri olan Səhiyyə xidmətlərinin təşkili şöbəsində mühafizəçi vəzifəsinə bərpa edilsə də, o, heç bir üzürlü səbəb göstərmədən davamlı olaraq işə gəlməmişdir. İddiaçı vaxtlı-vaxtında işdə olduğunu iddia etsə də, iddia ərizəsinə əlavə edilmiş aktlardan görünür ki, o, xx.xx.2023- cü il tarixdən sonra işə gəlməmiş və bu, xəstəxananın səlahiyyətli şəxslərinin iştirakı ilə aktlaşdırılmışdır. İddiaçı işə gəlməməyinin səbəbləri barədə izahatı alınarkən o, “...işimi Bəhramtəpə həkim məntəqəsində davam etdirməliyəm..." göstərməklə işə gəlmədiyini təsdiq etmiş və bunu və əsl iş yerinin Bəhramtəpə həkim məntəqəsi olması ilə əlaqələndirmişdir. Xitam əmri verilmədən öncə həmkarların razılığı alınmışdır. Bununla yanaşı qanunla müəyyən olunmuş iddia müddəti ötürüldüyü üçün iddia müddəti tətbiq edilərək iddia tələbi rədd edilməlidir. Belə ki, işçinin işdən azad edilməsi haqqında əmr xx.xx.2024-cü il tarixdə verilmiş, həmin əmr 18.01,2024-cü il tarixli məktuba əlavə edilməklə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. Bununla bağlı poçt qəbzi etiraza əlavə edilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (2-ci hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (3-cü hissə). İddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq mübahisələndirdiyi əmri rəsmi qaydada əldə etdiyi gündən sonrakı 1 təqvim ayı ərzində hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda o, həmin müddəti ötürməklə iddianı məhkəməyə vermişdir. İddiaçının özü də iddia ərizəsində iddia müddətini ötürdüyü etiraf etmiş və iddia müddətini ötürməsinin səbəbini mediasiya prosesinin tətbiqi ilə əlaqələndirərək hesab etmişdir ki, buna görə iddia müddətinin buraxılması üzürlü hesab edilməlidir. İddiaçının müddətlə bağlı bu arqumenti tamamilə əsassızdır. Belə ki, işdən də göründüyü kimi, iddiaçı yanvar ayında əldə etdiyi əmrin mübahisələndirilməsi ilə bağlı mediasiya təklifini cavabdehə may ayında göndərənədək artıq qanunla müəyyən olunmuş iddia müddətini iki aydan artıq ötürmüşdü. Ona görə də hər bir halda iddia müddəti tətbiq edilməlidir. Əlavə olaraq nəzərə alınmalıdır ki, mediasiya prosesinin tətbiqi buraxılmış iddia müddətinin bərpası üçün deyil, iddia müddətininin axımının dayandırılması üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 379-cu maddəsinə əsasən, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə, iddia müddətinin axımı dayandırılır. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, yuxarıda göstərilənləri və qanunvericiliyin tələblərini rəhbər tutaraq, iş üzrə iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında verilən izahatlar: İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “İmişli Mərkəzi Rayon Xəstəxanası” X5 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və iştirakı olmadan keçirilməsini və iddia ərizəsinə etiraz edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan 17 yanvar 2024-cü il tarixli 18-1-46/3-1-53/2024 saylı əmrinin surətindən görünür ki, "İmişli Rayon Mərkəzi Xəstəxanası" X5 Səhiyyə xidmətlərinin təşkili şöbəsində mühafizəçi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 17 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndində sadalanan halda heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün xitam verilmiş və işçiyə 0 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. İş materiallarında olan 059150 saylı xx.xx.2000-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Bəhrəmtəpə bələdiyyəsində bağban vəzifəsinə qəbul olunmuş və xx.xx.2005-ci il tarixdə Bəhrəmtəpə bələdiyyəsində bağban vəzifəsindən azad edilmişdir. xx.xx.2011-ci il tarixdə 1 May qəsəbə xəstəxanasına bağban vəzifəsinə işə qəbul olmuşdur. xx.xx.2021-ci il tarixdə “İmişli Mərkəzi Rayon Xəstəxanası” X5də mühafizəçi vəzifəsinə qəbul olunmuş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinir 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndində sadalanan halda heç bir üzrlü səbəb göstərmədən bütün iş günü işə gəlməməsi ilə əlaqədar xitam verilmişdir. İş materiallarında olan 18 yanvar 2024-cü il tarixli 18-1-46/2-Z-1-70/2024 saylı məktubun surətindən görünür ki, 20.11,2023-cü il tarixdə əvvəlki iş yeriniz olan Səhiyyə xidmətlərinin təşkili şöbəsində mühafizəçi vəzifəsinə bərpa edildiyiniz təqdirdə həmin tarixdən xx.xx.2024-cü il tarixə qədər heç bir üzrlü səbəb olmadan işə gəlməmisiniz. Bu barədə rəsmi sənədlər tərtib edilmiş (akt, təqdimat, xidməti məktub və s.) və sizə dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin siz həmin xəbərdarlıqlardan nəticə çıxarmayaraq əmək funksiyanızı və vəzifə öhdəliklərinizi kobud şəkildə pozmusunuz. Odur ki, bütün bu sadalanan halları nəzərə alaraq 20.11,2023-cü il tarixdə sizinlə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinir 70ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndində sadalanan halda heç bir üzrlü səbəb göstərmədən bütün iş günü işə gəlməməniz ilə əlaqədar xitam verilmişdir. İş materiallarında olan 19 yanvar 2024-cü il tarixli poçt qəbzinin – məxaric qəbzinin surətindən surətindən görünür ki, İddiaçı “İmişli Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxs tərəfindən müvafiq sənədlər göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Sabirabad 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası ilə əlaqədar ərizə ilə Mediasiya Təşkilatına müraciət etmişdir. İş materiallarında olan 24705 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı 50 manat məbləğində pul vəsaitini Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına köçürmüşdür. İş materiallarında olan 6813 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı 10 məbləğində manat pul vəsaitini Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına köçürmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Həmin Məcəllənin 296-cı maddəsinə əsasən:

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 35. İddia müddətlərinin axımının dayandırılması

35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddiaçı cavabdehin 17 yanvar 2024-cü il tarixli 18-1-46/3-1-53/2024 saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməyi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələb edir. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsini şərtləndirən iki hüquqi əsasın araşdırılaraq qiymət verilməsi vacibdir. Bunlara, birincisi, tərəflərin əmək münasibətlərində olması, ikincisi iddiaçının iddia etdiyi kimi həqiqətən 17 yanvar 2024-cü il tarixli 18-1-46/3- 1-53/2024 saylı əmrin qanunsuz olaraq qəbul edilməsi. Tərəflərin əmək münasibətlərində olması işin mübahisəsiz halıdır. İddiaçı cavabdeh qurumda müxtəlif vəzifələrdə, son olaraq isə “İmişli Mərkəzi Rayon Xəstəxanası” X5 Səhiyyə xidmətlərinin təşkili şöbəsində mühafizəçi vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə - xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İddiaçının iddia tələbinin təmin edilməsi üçün araşdırılaraq hüquqi qiymət verilməli olan növbəti hüquqi əsas (addım) isə həqiqətən də mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsasların olub-olmaması ilə bağlıdır. Lakin məhkəmə hesab edir ki, növbəti addım kimi qeyd edilən məsələni araşdırmağa ehtiyac qalmır, çünki cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir, iddiaçı özü də iddia ərizəsində buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında, onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə nəticələncəkdir. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçı cavabdehin 17 yanvar 2024-cü il tarixli 18-1-46/3-1-53/2024 saylı əmrinin ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli hazırki iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Bununla da, iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçıla cavabdeh arasında olan əmək müqaviləsi cavabdehin 17 yanvar 2024-cü il tarixli 18-1-46/3-1-53/2024 saylı əmri ilə ləğv edilmişdir. İddiaçı isə işdən azad edilməsindən xx.xx.2024-cü il tarixdə məlumatlı olmuşdur. Belə ki, 19 yanvar 2024-cü il tarixli poçt qəbzinin – məxaric qəbzinin surətindən surətindən görünür ki, İddiaçı “İmişli Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxs tərəfindən müvafiq sənədlər göndərilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə gec müraciət etməsini mübahisənin həlli üçün mediatora müraciət etməsi, mediasiya xərci ödəməsi, cavabdeh tərəf gəlmədiyinə görə mediator ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilməsi və. Ona görə də məhkəməyə iddia ərizəsi verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilməli olması ilə əsaslandırmışdır. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Sabirabad 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası ilə əlaqədar ərizə ilə Mediasiya Təşkilatına müraciət etmişdir. İddiaçı 50 manat və 10 manat məbləğində pul vəsaitini xx.xx.2024-cü il tarixdə Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına köçürmüşdür. Belə olan halda da, iddiaçı heç bir üzrlü səbəb olmadan 1 aylıq iddia müddətini ötürərək cavabdehin 17 yanvar 2024-cü il tarixli 18-1-46/3-1-53/2024 saylı əmrinin ilə bağlı yaranmış əmək mübahisə ilə bağlı ona məlum olduğu vaxtdan təxminən 5 aydan sonra mediasiya təşkilatına müraciət etmişdir. İşin məhkəmədə araşdırılması zamanı müəyyən edildi ki, 19 yanvar 2024-cü il tarixli İddiaçı “İmişli Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxs tərəfindən cavabdehin 17 yanvar 2024-cü il tarixli 18-1-46/3-1-53/2024 saylı əmri iddiaçıya göndərilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən məlumatlı olmuşdur. (hətta, əmrin tarixi, nömrəsi və əmək müqaviləsinin ləğvi əsasları əmək kitabçasında da göstərilmişdir). İddiaçı özü də iddia ərizəsindən iddia müddəti müddətini ötürməsini bildirərək, onun üzrlü hesab edilməsini mediasiya təşkilatına müraciət etməsi ilə əsaslandırmağa çalışmışdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, İddiaçı “İmişli Mərkəzi Rayon Xəstəxanası” X5ə qarşı cavabdehin 17 yanvar 2024-cü il tarixli 18-1-46/3- 1-53/2024 saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq,

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar