Məhkəmə qərarları › İş №2(036)-1868/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1868/2024

24.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1868/2024 24.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəb-lisey X1, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəb-liseyə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi və məlumatların təkzib edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı cavabdeh İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəb-liseyinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəbərdarlıq edilməyi barədə İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəb-liseyin direktoru Yusif Hüseynov (tarixi və nömrəsi bəlli deyil) tərəfindən verilmiş əmrin ləğv edilməsi və 60 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsini dəqiqləşdirərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin digər cavabdeh kimi cəlb edilməsini və İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəb-liseyin xx.xx.2024-cü il tarixli 61 nömrəli xəbərdarlıq barədə əmrinin ləğv edilməsi, məktəbin pedaqoji şura iclasının çağırılması və günahsız olduğunun, qayda pozuntusuna yol vermədiyi, xx.xx.2024 tarixli şura iclasında elan edilmiş və haqqında mənfi rəy yaradan məlumatlara təkzib verilməsinin cavabdehlərə həvalə edilməsi və 60 manat mediasiya xərcinin cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1 saylı məktəb-liseyin rus dili müəlliməsidir. X12 xx.xx.2024-cü il tarixdə məlumat verdi ki, bu gün pedaqoji şura olacaq. Məktəbin xx.xx.2024-cü il tarixdə keçirilmiş pedaqoji şurasında mətnini oxumaqla elan etdi ki, rus dili müəllimi İddiaçı və hərbi hazırlıq müəllimi Səbuhi Məmmədovu xəbərdarlıq edir. Həmin həftə qeyd edilən xəbərdarlıqların surətinin ona təqdim edilməsi üçün ona 2 (iki) dəfə şifahi müraciət etmiş, vaxtı yoxdur və sair səbəblər gətirməklə xahişini təmin etməmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə ona yazılı müraciət tərtib etmiş, müraciətini həmin gün, saat 14:00-da təlim tərbiyə işləri üzrə direktor müavininə təhvil vermişdir. Təhvil verdikdən sonrakı 1 saat ərzində dəfələrlə otağına yaxınlaşmış, vaxtı yoxdur, məşğuldur bildirməklə direktor xəbərdarlıqları ona təqdim etməmişdir. xx.xx.2024cü il tarixdə səhər saatlarında yenidən ona yaxınlaşıb, yazılı müraciətinə uyğun xəbərdarlıqların ona təqdim edilməsini bir daha xahiş etmişdir. Bildirir ki, xəbərdarlıqlar ona poçtla, 10 gündən sonra göndəriləcək. Direktora “Azərpoçt” vasitəsi ilə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə keçirilmiş pedaqoji şurada elan edilən xəbərdarlıqların təsdiq edilmiş surətinin ona təcili təqdim edilməsini xahiş etmişdir. Müraciətinə hazırkı vaxta kimi cavab verilməyib. Pedaqoji şura iclasında direktor xəbərdarlığın mətnini oxumaqla elan etdi ki, “Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2014-cü il 16 may 06 N-li əmrə əsasən təsdiq edilmiş müəllimlərin etik davranış qaydalarını əsas götürərək qərara alıram: Məktəbin hərbi hazırlıq müəllimi X7, məktəbin rus dili müəllimi İddiaçı Qeyd olunan qərarın 3.9-cu maddəsi - müəllimin pedaqoji əxlaqi normalara riayət etməli, müəllim nüfuzunu yüksək tutmalı, ziyalılıq nümayiş etdirməlidir. 4.1-müəllim təhsilalanların münasibətinə qarşılıqlı hörmət, hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir. 4.1.3-müəllim təmkinli davranmalıdır, hər bir vəziyyətdən özünü ələ almağı bacarmalıdır. 4.1.9 - müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onlara şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir. Qeyd olunan maddələrə tələblər pozulduğu üçün hər iki müəllimə xəbərdarlıq edilsin”. Hadisənin əsl mahiyyəti aşağıdakı kimi olmuşdur. 23 may saat 09:45-də rus dili dərsini keçmək üçün 36-cı otağın qapısını açarkən hərbi hazırlıq müəllimi Səbuhi Məmmədov gəlmiş və “bu sinifdə mən dərs keçəcəm” demişdir. O, deyəndə ki, “siz 22-ci otaqda dərs keçirsiz”, cavabı bu oldu ki, “o sinfin açarını tapmadım və mən axtarmalı deyiləm, 36-cı otaq mənimdir və mən burda dərs keçəcəm”. Müəllimlər otağında Səbuhi müəllim bərk səslə ona “sən” deyə müraciətlə səs-küy yaratdı. O, 22-ci otağın açarını axtarıb tapmış və İXa sinfini orada dərs keçmək üçün aparmışdır. Əgər bu hərəkətləri günahdırsa və ya orada hər hansı qayda pozuntusu varsa qoy məhkəmə ona qiymət versin, Yusif müəllim ona qarşı qərəzlidir. Dəfələrlə tələb etməyinə baxmayaraq Yusif müəllim ona xəbərdarlığın surətini verməmiş və bu səbəbdən iddianın əsaslandırmasını aparmaq mümkün olmur. Xəbərdarlıq məhkəməyə təqdim edildikdən sonra ona dair ətraflı münasibət bildirəcəkdir. Mübahisənin mediasiya qaydasında həlli ilə bağlı direktora xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Eyni zamanda bununla bağlı xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasına Yusif müəllim gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X13 iddia tələbini müdafiə edib, dəqiqləşmiş iddia ərizəsinə uyğun izahat verərək və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəbliseyin direktoru X8 iddia tələbinə etiraz edərək, əmrin qanuni olmasını ona görə ləğv edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil- Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X11 iddia tələbinə etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etirazın dəlilləri: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Qeyd olunanlardan belə qənaətə gəlinir ki, xəbərdarlıq intizam tənbehi sayılmır və fərdi əmək mübahisəsinin həlli üçün xəbərdarlıqdan məhkəməyə müraciət hüququ əmək qanunvericiliyində nəzərdə tutulmamışdır. 23 may 2024-cü il tarixdə saat 09:45 radələrində İmişli şəhər 1 saylı humanitar məktəb liseydə 3-cü dərs saatı zamanı gənclərin çağırışaqədərki hazırlığı rəhbəri X9 ilə rus dili müəllimi İddiaçı arasında sinif otağının hansı fənnin tədrisi üçün ayrılması barədə fikir ayrılığı yaranmaqla sözlü münaqişə baş vermiş və bir birilərinə qarşı yüksək səs tonu ilə rəftar edərək digər şəxslərə mənfi nümunə olmaqla “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozmuşdurlar. Həmin Qaydaların 2.4.1-ci bəndinə əsasən təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır. 5.2.4-cü bəndinə əsasən müəssisə rəhbəri etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir. Qeyd olunanlar nəzərə alınaraq, 23 may 2024-cü il tarixdə S.V.Məmmədov və İddiaçı izahatları alınmaqla 27 may 2024-cü il tarixli 61 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən onlara xəbərdarlıq elan olunmuşdur. Odur ki, İddiaçı tərəfindən irəli sürülmüş iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - “Azemis” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, əmək müqaviləsi məlumatında işəgötürən xanasında “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil- Muğan Regional Təhsil İdarəsi”, VÖEN xanasında **********, vəzifə xanasında müəllim, əmək haqqı xanasında 928.91 sözləri qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş pedoqoji şurada elan edilmiş xəbərdarlıqların təsdiq edilmiş surətlərinin ona təqdim edilməsi xahiş olunmuşdur; - İmişli Rayon VVAQ şöbəsi tərəfindən verilmiş V-JQ seriyalı, 283634 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə İddiaçı arasında xx.xx.1990-cü il tarixdə nikah bağlanmış nikah 56 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Aslanova” soyadı verilmişdir; - İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin xx.xx.2024-cü il tarixli 61 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsini və “Təhsilverənlərin etik davranış qaydaları”nı əsas götürərək əmr edirəm: Məktəbin GÇQH müəllimi X9 və məktəbin rus dili müəllimi X10 “Təhsilverənlərin etik davranış qaydaları”nın tələblərini pozduqları üçün onlara Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq elan edilsin; - xx.xx.2024-cü il tarixli iddiaçının İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin direktoruna verdiyi izahatından görünür ki, 23 may saat 09:45-də rus dili dərsini keçmək üçün 36-cı otağın qapısını açarkən hərbi hazırlıq müəllimi Səbuhi Məmmədov gəlmiş və “bu sinifdə mən dərs keçəcəm” demişdir. O, deyəndə ki, “siz 22-ci otaqda dərs keçirsiz”, cavabı bu oldu ki, “o sinfin açarını tapmadım və mən axtarmalı deyiləm, 36-cı otaq mənimdir və mən burda dərs keçəcəm”. Müəllimlər otağında Səbuhi müəllim bərk səslə ona “sən” deyə müraciətlə səs-küy yaratdı. O, 22-ci otağın açarını axtarıb tapmış və İXa sinfini orada dərs keçmək üçün aparmışdır; - xx.xx.2024-cü il tarixli X2 izahatından görünür ki, 23 may saat 09:45-də dərs keçmək üçün məktəbin hərbi hazırlıq sinifindən istifadə etmək üçün istəmişdir. Sinifə gedən zaman məktəbin rus dili müəllimi İddiaçı ilə sinifin qarşısında onun sinifə girməyinə maneə olaraq onu təhqir etmiş və oda qarşılığı olaraq ona öz etirazını bildirmişdir. Nəticədə müəllimlər otağında qarşılıqlı ittihamlarla bir-biriləri ilə mübahisə etmişlər; İş materiallarında olan 06 iyun 2024-cü il tarixli poçt qəbzinin – məxaric qəbzinin surətindən surətindən görünür ki, İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəb-liseyin direktoru X3 İddiaçı tərəfindən əmrin təqdim edilməsi barədə müvafiq ərizə göndərilmişdir. İş materiallarında olan 10 iyun 2024-cü il tarixli poçt qəbzinin – məxaric qəbzinin surətindən surətindən görünür ki, İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəb-liseyin direktoru X8 tərəfindən İddiaçı müvafiq ərizə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞS/MT023/2024-01377 nömrəli Sabirabad 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, iddiaçı 60 manat məbləğində pul vəsaitini Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına köçürmüşdür. İş materiallarında yaddaş qurğusunda (filəş kartda) olan audio-video yazıya baxış zamanı müəyyən edilmişdir ki, məktəbin GÇQH müəllimi X9 və məktəbin rus dili müəllimi X10 yüksək səslə mübahisə etmişlər. Həmin vaxt mübahisə müəllimlərin otağında başlasa da, otağın qapısının açıq olduğu və şagirdlərin dəhlizdən keçməsi müşahidə olunur. Daha sonra X4 dəhlizə çıxaraq, yüksək səslə X9 ilə mübahisəni davam edərək, uzaqlaşması görünür. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 23 may 2024-cü il tarixdə saat 09:45 radələrində İmişli şəhər 1 saylı humanitar məktəb liseydə 3-cü dərs saatı zamanı gənclərin çağırışaqədərki hazırlığı rəhbəri X9 ilə rus dili müəllimi İddiaçı arasında sinif otağının hansı fənnin tədrisi üçün ayrılması barədə fikir ayrılığı yaranmaqla mübahisə baş vermiş və bir-birilərinə qarşı yüksək səs tonu ilə rəftar edərək digər şəxslərə mənfi nümunə olmaqla “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozmuşdurlar. - İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin xx.xx.2024-cü il tarixli 61 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsini və “Təhsilverənlərin etik davranış qaydaları”nı əsas götürərək əmr edirəm: Məktəbin GÇQH müəllimi X9 və məktəbin rus dili müəllimi X10 “Təhsilverənlərin etik davranış qaydaları”nın tələblərini pozduqları üçün onlara Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq elan edilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin digər cavabdeh kimi cəlb edilməsini və İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəb-liseyin xx.xx.2024-cü il tarixli 61 nömrəli əmrinin ləğv edilməsi, məktəbin pedaqoji şura iclasının çağırılması və günahsız olduğunun, qayda pozuntusuna yol vermədiyi, xx.xx.2024 tarixli şura iclasında elan edilmiş və haqqında mənfi rəy yaradan məlumatlara təkzib verilməsinin cavabdehlərə həvalə edilməsi və 60 manat mediasiya xərcinin cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər isə iddianı qəbul etməyərək, iddiaçının “Təhsilverənlərin etik davranış qaydaları”nın tələblərini pozduqları üçün onlara Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq edilməsinin qanuni olmasını və iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçının iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 33.1. Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir. 33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır: 33.3.5. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş Təhsilverənlərin etik davranış Qaydalarına əsasən: 2.4.1. təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır. 2.2.1. təhsilverən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Təhsilverən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. 3.1. Təhsilverən öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində cəmiyyət və dövlətin maraqları naminə keyfiyyətlə, səmərəli və peşəkarlıqla yerinə yetirməyə borcludur. 3.2. Təhsilverən icra və əmək intizamına riayət etməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır. 5.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir. 5.2.2. təhsilverənin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli, onun təhlili və müzakirəsini aparılmalıdır. 5.2.4. etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir. Məhkəmə tərəflərin tələb və etirazında istinad etdiyi digər hallar üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. İntizam tənbehləri kimi isə töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək müəyyən edilmişdir. Xəbərdarlığın isə intizam tənbehi sayılmaması təsbit edilmişdir. Göründüyü kimi xəbərdarlıq ümumiyyətlə intizam tənbehi sayılmamaqla fərdi əmək mübahisəsinin predmeti ola bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, xəbərdarlıq barədə əmrin ləğv edilməsini mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ yaranmadığı üçün iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbinin məktəbin pedaqoji şura iclasının çağırılması və iddiaçının günahsız olduğunun, qayda pozuntusuna yol verməməsi, xx.xx.2024 tarixli şura iclasında elan edilmiş və haqqında mənfi rəy yaradan məlumatlara təkzib verilməsinin cavabdehlərə həvalə edilməsi edilməsi hissəsində İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin xx.xx.2024-cü il tarixli 61 nömrəli xəbərdarlıq barədə əmrinin əsasını təşkil edən faktlar təsdini tapdığı üçün təmin edilə bilməz. Belə ki, iş materiallarında yaddaş qurğusunda (filəş kartda) olan audio-video yazıya baxış zamanı müəyyən edilmişdir ki, məktəbin GÇQH müəllimi X9 və məktəbin rus dili müəllimi X10 yüksək səslə bir-biri ilə mübahisə etmişlər. Həmin vaxt mübahisə müəllimlərin otağında başlasa da, otağın qapısının açıq olduğu və şagirdlərin dəhlizdən keçməsi müşahidə olunur. Daha sonra X4 dəhlizə çıxaraq, yüksək səslə X9 ilə mübahisəni davam edərək, uzaqlaşması görünür. Bununla da, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəb-liseyinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin qarşı İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəb-liseyin xx.xx.2024-cü il tarixli 61 nömrəli əmrinin ləğv edilməsi, məktəbin pedaqoji şura iclasının çağırılması və günahsız olduğunun, qayda pozuntusuna yol vermədiyi, xx.xx.2024 tarixli şura iclasında elan edilmiş və haqqında mənfi rəy yaradan məlumatlara təkzib verilməsinin cavabdehlərə həvalə edilməsi və 60 manat mediasiya xərcinin cavabdehlərdən onun xeyrinə tutulmasına dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə:

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar