Məhkəmə qərarları › İş №2(036)-1898/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1898/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1898/2021 07.12.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 və Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, İmişli Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyi və Şirvan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsində qanunsuz əkilmiş ağacların köçürülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, İmişli Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyi və Şirvan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin onun mülkiyyətində olan İmişli şəhəri, X.Bəylərov küçəsində yerləşən 0,6903 ha torpaq sahəsində qanunsuz əkdikləri ağacların öz hesablarına köçürülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İmişli şəhəri, X.Bəylərov küçəsində yerləşən 0,6903 ha torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdeh təşkilatlar 2021-ci ilin fevral ayında ona məxsus torpaq sahəsində 600-dən çox ağac əkmişdir. Həmin ağaclar İmişli yaşıllaşdırma idarəsinin (İmişli Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyi) və Şirvan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin razılığı il əkilmişdir. Həmin ağacların onun torpaq sahəsində olması mülkiyyətində olan torpaq sahəsindən özü istədiyi kimi istifadə etməsinə mane olur və bununla da onun əmlak hüquqları pozulur. Pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə ağacların ona məxsus torpaq sahəsindən köçürülməsini aidiyyəti təşkilatlardan tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X1 işin hallarına dair İddiaçı izahatına uyğun izahat verərək iddia tələbini müdafiə etdi və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X3 iddianı iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisə predmeti olan ağaclar yolun mühafizə zolağında əkilmişdir, həmin ağacların iddiaçıya məxsus torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır və iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdehlər İmişli Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyi və Şirvan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə gəlməmiş cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 15.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi: **********63) Çıxarışın surətindən görünür ki, İmişli şəhəri, X.Bəylərov küçəsində yeri müəyyən edilmiş 0.6903 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyətində olan İmişli şəhəri, X.Bəylərov küçəsində yeri müəyyən edilmiş 0.6903 ha torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dəvət olunmuş mütəxəssislərinin (mütəxəsisslər: X4 və X5) iştirakları ilə müayinəsi zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən ümumilikdə 0.34 ha torpaq sahəsində şam ağacları əkilmişdir, həmin ağacların əkildiyi 0.20 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir, 0.14 ha hissəsi isə yolun mühafizə zolağında əkilmişdir. Məhkəmə qeyd edir ki, əvvəla heç kəs cəmiyyətin maraqları naminə öz mülkiyyətindən məhrum edilə bilməz, bunun üçün qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər mövcud olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 164.1 və 164.2-ci maddələrinə əsasən «Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır…», «Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər…». Göründüyü kimi həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan ağacların iddiaçının xüsusi mülkiyyətində olan tоrpаq sаhəsinin 0.20 hissəsində əkilməsini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da onun mülkiyyət hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cаvаbdeh Cavabdeh1 tərəfindən İddiaçı оğlunun xüsusi mülkiyyətində olan 0.0603 ha tоrpаq sаhəsinin 0.20 ha hissəsində əkilmiş ağaclar başqa əraziyə (xüsusi mülkiyyətdə olmayan) köçürülməli və torpaq sahəsi Cavabdeh1 hesabına əvvəlki vəziyyətinə bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cаvаbdeh Cavabdeh1 tərəfindən İddiaçı оğlunun xüsusi mülkiyyətində olan 0.0603 ha tоrpаq sаhəsinin 0.20 ha hissəsində əkilmiş ağaclar başqa əraziyə (xüsusi mülkiyyətdə olmayan) köçürülsün və torpaq sahəsi Cavabdeh1 hesabına əvvəlki vəziyyətinə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar