Məhkəmə qərarları › İş №2(036)-1930/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1930/2023

05.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1930/2023 05.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X2, X3, İddiaçı5 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı Aqrar İslahat Komissiyasının Qərarının etibarsız hesab edilməsi və torpaq üzrə mülkiyyət hüququnun bərpa edilməsi tələbi barədə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, X2, X3, İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edib, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 07 saylı qərarının etibarsız hesab edilməsi və həmin komissiyanın xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə verilmiş 3.21 ha pay torpağına mülkiyyət hüququnun bərpa edilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X2, X3 və İddiaçı5 3597.17 kvm həyətyanı torpaq sahəsi və 3.21 ha pay torpağı verilmişdir. İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 07 saylı qərarı ilə qanunsuz olaraq həyətyanı torpaq sahəsi 1.36 ha kimi qeyd olunmuş və buna görə də pay torpağı azaldılaraq 0.69 ha pay torpağı verilmişdir. Bu fakt Torpaq və Xəritəçəkmə Komitəsinin Yer Quruluşu və Layihə İnstitunun Kompüter Mərkəzinin tərtib etdiyi İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı və xx.xx.2002-ci il tarixli 07 saylı qərarlarına əsasən hazırlanan siyahıda da qeyd olunmuşdur. ƏMDK yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********23 saylı məktubu ilə 3.21 ha torpaq sahəsinə mülkiyyət hüququna dair çixarişin və digər hüquq müəyyənedici sənədlərin verilməsinə dair tələbdən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0079 nömrəli, KOD 90700078 saylı Dövlət Aktının surəti ilə müəyyən olur ki, İmişli rayon AİK-nin xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə 3.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1, İddiaçı1, İddiaçı2, X2, X3 və İddiaçı5 xüsusi mülkiyyətinə verilmişdir. «Torpağa mülkiyyət hüququna dair» JN-0078 nömrəli, KOD 90700078 saylı Dövlət Aktının surəti ilə müəyyən olur ki, İmişli rayon AİK-nin xx.xx.2002-ci il tarixli 07 saylı qərarı ilə 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1, İddiaçı1, İddiaçı2, X2, X3 və İddiaçı5 xüsusi mülkiyyətinə verilmişdir. Hazırda iş üzrə iddiaçının tələbi İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 07 saylı qərarının etibarsız hesab edilməsi və həmin komissiyanın xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə verilmiş 3.21 ha pay torpağına mülkiyyət hüququnun bərpa edilməsi barədədir və bu iddiaya cavab verməli olan orqan İmişli Rayon İcra Hakimiyyəti göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarına əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. İş materialları ilə müəyyən olur ki, hazırkı tələb üzrə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu halda, iş səhvən məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfə həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1, 263- 264, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALİR: İddiaçılar İddiaçı1, İddiaçı2, X2, X3, İddiaçı5 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı Aqrar İslahat Komissiyasının Qərarının etibarsız hesab edilməsi və torpaq üzrə mülkiyyət hüququnun bərpa edilməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfə həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar