Məhkəmə qərarları › İş №2(036)-2007/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2007/2020

15.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2007/2020 15.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə gələn kanalizasiya xəttinin cavabdehin öz hesabına bərpa etməsi və qanunazidd hərəkətlərinə son qoyulması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən mənzilinə gələn kanalizasiya xəttinin Cavabdeh öz hesabına bərpa etməsi və kanalizasiya xəttinə maneçilik törədən qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə İmşli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən çoxmənzilli yaşayış evinin 2-ci mərtəbəsində yaşayır. Həmin evin 1-ci mərtəbəsindəki alt mənzildə yaşayan Cavabdeh binanın qarşısında yerləşən gediş-gəliş yerini qanunsuz olaraq zəbt edib daş hasarla çəpərləmiş və ona məxsus olan mənzilin kanalizasiya xəttini çəkilməsinə mane olmuşdur. Kanalizasiya xəttinin başqa yerdən çəkilməsi mümkün olmadığından Cavabdeh tikdiyi daş hasarın üstü ilə aparılaraq qəsəbənin ümumi kanalizasiya xəttinə birləşdirilmişdir. 2018-ci ildə Cavabdeh onun kanalizasiya xəttinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmış, lakin onun bu tələbi əsassız hesab edilərək rədd edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş və onun apelyasiya şikayəti də təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirlmədən saxlanılmışdır. Buna baxmayaraq cavabdeh məhəkəmə qətnamələrinə məhəl qoymayaraq onun evinə gedən kanalizasiya xəttini ləğv etmişdir. Dəfələrlə kanalizasiya xəttini bərpa etməsini tələb etsə də, cavabdeh onun tələbinə məhəl qoymamış və qanunsuz hərəkətlərinə davam etmişdir. Ona görə də hesab edir ki, cavabdeh onun evinə gedən kanalizasiya xəttini ləğv etdiyi üçün öz hesabına bərpa etməli və qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Odur ki, iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun çəpərinin üstündən kanalizasiya xətti aparmaqla antisanitar vəziyyət yaratmışdır. Ona görə də kanalizasiya xəttinin onun hasarının üzərindən aparılmasına icazə verməmişdir. Hesab edir ki iddia tələbi əsassızdır. Ona görə də rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, Cavabdeh 2018-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus evingiriş qapısının kənari ilə İddiaçı evinə gedən kanalizasiya xəttinin İddiaçı öz hesabına ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, İddiaçı evinə gedən kanalizasiya xətti antisanitar vəziyyət yaratmışdır. İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(036)-2607/2018 saylı qətnaməsi ilə Cavabdeh göstərilən iddia tələbi təmin edilməmiş, Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(106)- 1973/2019 qətnaməsindən görünür ki, Cavabdeh apelyasiya şikayəti təmin ediləmiş, İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdən göründüyü kimi iddia tələbində göstərilən faktlar, yəni İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən, İddiaçı məxsus mənzilə gedən kanalizasiya xəttinin antisanitar vəziyyət yaratmaması və həmin kanalizasiya xəttinin qonşuların və üçüncü şəxslərin mənzil hüquqlarını pozmaması İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(036)-2607/2018 saylı qətnaməsi ilə müyyən edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki Cavabdeh İddiaçı yaşadığı mənzilə gedən kanalizasiya xəttini ləğv edərək onun mənzil hüquqlarını həyata keçirməsinə mane olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.2-c maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən mənzilə gedən kanalizasiya xətti Cavabdeh öz hesabına bərpa edilməli və Cavabdeh kanalizasiya xəttinə maneçilik törədən qanunazidd hərəkətlərinə son qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən mənzilə gedən kanalizasiya xətti Cavabdeh öz hesabına bərpa edilsin. Cavabdeh kanalizasiya xəttinə maneçilik törədən qanunazidd hərəkətlərinə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar