Məhkəmə qərarları › İş №2(036)-2064/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2064/2025

08.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2064/2025 08.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki mübahisə (açar sözlər: mənzilə köçürülmə) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı iddiaçının və yetkinlik yaşına çatmayan övladı X1 qeydiyyatda olduqları, cavabdehin sahibliyində və istifadəsində olan İmişli rayonu, Göbəktala kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və onların həmin evdən istifadə etmələrinə cavabdeh tərəfindən edilən maneələrə son qoyulması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı iddiaçının və himayəsində olan yetkinlik yaşına çatmayan uşağı X1 qeydiyyatda olduqları, Cavabdeh sahibliyində və istifadəsində olan İmişli rayonu, Göbəktala kəndində yerləşən fərdi yaşayış evinə yaşayış hüquqları tanınmaqla köçürülməsi və onların həmin evdən istifadə etmələrinə Cavabdeh tərəfindən edilən maneələrə son qoyulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh oğlu Sərvər Hüseynovla 2015-ci ildə el adəti ilə evlənmiş, xx.xx.2016-cı ildə isə nikahlarını qeyd etdirmişlər. İddiaçı həmin ailənin yaşadığı Cavabdeh sahibliyində olan İmişli rayonu, Göbəktala kəndində yerləşən evə gəlin köçmüş və birgə yaşadıqları dövrdə həmin evə bitişik bir otaq da əlavə tikmişlər. Bu fakt həmin kənd ərazi icra nümayəndəliyinin və bələdiyyənin arayışları ilə təsdiq olunur. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X3 adlı bir uşaqları vardır. 2022-ci ilin dekabr ayında Sərvərlə ailə münasibətləri pozulduqdan sonra Cavabdeh iddiaçını uşaqla birlikdə evdən çıxarmışdır. Hazırda kirayədə yaşayır. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaq iddiaçının yanında saxlanılmışdır. İdddiaçı gəlin gedən vaxtdan Cavabdeh sahibliyində və istifadəsində olan İmişli rayonu, Göbəktala kəndində yerləşən fərdi evdə yaşamışdır. Lakin cavabdeh iddiaçını uşağı ilə qeydiyyatda olduqları İmişli rayonu, Göbəktala kəndində yerləşən evə buraxmır və orada yaşamalarına maneə yaradır. Onların başqa yaşayış yeri yoxdur. Cavabdeh iddiaçını evə buraxmır, qapını bağlayır, evə gəlməməsi üçün bütün vasitələrdən istifadə edir. İddiaçı evin sahibi tərəfindən həmin evə gəlin gətirilmiş və qeydiyyata alınmış, həmçinin həmin evə köçəndən sonra evə bitişik bir otağın tikilməsində iştirak etmiş və uşağı orada anadan olmuş, birgə yaşamışlar. Ona görə də iddiaçının həmin evdə uşağı ilə birlikdə yaşamaq hüququ vardır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək izahatında bildirdi ki, oğlu X4 ilə iddiaçı 2016-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, 2023-cü ildə isə aralarında olan nikah pozulmuşdur. Həmin vaxtdan iddiaçı Bakı şəhərində anası ilə birlikdə yaşayır. Cavabdehin mülkiyyətində olan evdə iddiaçının qeydiyyatı yoxdur. Həmçinin qeyd olunan evdə iddiaçının yaşadığı dövrdə cavabdehin hesabına yalnız sanitar qovşaq tikilmişdir. X7 gələcəkdə ailə quracağı halda iddiaçının həmin evdə yaşaması mümkün olmayacaqdır. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının Konstitusiyası: 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

9. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanunu: 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İmişli rayonu, Göbəktala kəndində 147,2 m2 daşınmaz əmlak Cavabdeh xüsusi mülkiyyətindədir, 0,22 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdədir.

12. İş materialında olan İmişli RİHB-nın Göbəktala KİƏD-si üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçının gəlin gəldiyi 100 kv. metr sahəsi olan ev 0,20 ha ərazisi olan həyətyanı torpaq sahəsində 1998-ci ildə Cavabdeh tərəfindən tikilmiş və iddiaçı gəlin gəldikdən sonra həmin evə birləşik 50 kv. metr sahəsi olan bir otaq əlavə olaraq tikilmişdir. Əlavə olaraq evin ölçüsündə evə birləşik çardaq tikintisi vardır. Cavabdeh ailəsinə məxsus 4 baş iribuynuzlu, 90 baş xırda buynuzlu, 2 ədəd təkərli traktoru, 8 ədəd köməkçi texnikaları və 1 ədəd minik avtomobilləri vardır. Əlavə olaraq təsərrüfatla məşğul olmaq üçün 0,40 ha torpaq sahəsi üzərində yardımçı tikililəri vardır. X2 özünə məxsus 0,53 ha pay torpağı vardır.

13. İş materialına əlavə edilmiş İmişli rayonu Yalavac Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 45 saylı məktubundan görünür ki, İmişli rayonu, Göbəktala kənd sakini Cavabdeh 0,53 ha pay torpaq sahəsi, 0,20 ha həyətyanı torpaq sahəsi üzərində fərdi yaşayış evi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün 0,40 ha torpaq sahəsi və üzərində tikililər mövcuddur.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində cavabdehin mülkiyyətində olan İmişli rayonu, Göbəktala kəndində yerləşən fərdi yaşayış evinə bitişik 50 m2 bir otaqlı tikilinin iddiaçının orada yaşadığı dövrdə tikilməsini bildirsə də, həmin tikilinin kimin vəsaiti hesabına tikilməsinə dair məlumatı olmadığını bildirmişdir.

15. İş materialında olan xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli kredit müqavilələrindən görünür ki, İmişli rayonu, Şahverdili kəndində qeydiyyatda olan X4 fərdi evin təmiri üçün 1000 manat və 1300 manat olmaqla, ümumilikdə 2300 manat məbləğində kredit götürmüşdür.

16. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçının irəli sürdüyü faktiki hallar üzrə onun iddia tələbinin qanuni əsası mövcud deyil.

17. İşin mübahisəsiz hallarına əsasən, iddiaçı cavabdehin oğlu Hüseynov Sərvər ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq cavabdehin mülkiyyətində olan evdə cavabdeh və onun ailəsi ilə birlikdə yaşamağa başlamış, xx.xx.2023-cü il tarixdə aralarında olan nikah pozulmuş və iddiaçı həmin evdən köçərək Bakı şəhərində yaşamağa başlamışdır. İddiaçı köçürülməsini tələb etdiyi fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyata alınmışdır.

18. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, bir ildən artıq müddətdir ki, Bakıda yaşayır. Övladı Bakı şəhərində təhsil alır. Mənzilə köçürülməsini o səbəbdən istəyir ki, mənzilə xərclər qoymuşdur. Birgə nikahda olan zaman əri ilə birgə kredit götürərək evə xərc çəkmişlər, yaxşılaşdırmalar etmişlər. Övladının gələcəyi üçün mənzilə köçürülmək istəyir. Baba, nənə və ata heç bir zaman uşaqla maraqlanmamışlar. Onun uşaqla ünsiyyətə mane olduğunu bildirirlər, lakin belə hal olmamışdır. Yalnız son üç gündə keçmiş əri nalayiq ifadələr işlətdiyi üçün telefonla

19. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qətnamə ilə (İddiaçı iddia ərizəsi) müəyyən olunur ki, tərəflər 2022-ci ilin dekabr ayında faktiki ayrılmışlar.

20. Hazırkı iş üzrə iddiaçının köçmək istədiyi evdə yaşadığı və yaşadığı evdən məhrum edilməsi müəyyən edilsə də, iddiaçının yaşadığı evdən qanunsuz məhrum edilməsi müəyyən edilmir. Məhrumetmə o zaman qanunsuz hesab edilərdi ki, məhrum edilən şəxsin mənzil üzərində mülkiyyət hüququ, icarə hüquq və ya digər hüququ olsun və bu hüquq qanunla müəyyən edilmiş qaydada qeydə alınmış olsun. Hazırkı iş üzrə isə iddiaçının mülkiyyət üzərində hər hansı hüququnun qeydə alınması iş materialları ilə müəyyən edilmir.

21. İddiaçı həmçinin köçürülməsini tələb etdiyi mənzildə yaşadığı dövrdə yenidənqurma işlərinin aparılmasına istinad edərək keçmiş ərinin həmin işlərin aparılması ilə bağlı kredit götürməsini bildirmiş və bu barədə sübutlar təqdim etmişdir.

22. Məhkəmə həmin halla bağlı qeyd edir ki, iş materiallında olan sənədlərlə iddiaçının keçmiş əri X2 xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə fərdi evin təmiri üçün ümumilikdə 2300 manat məbləğində kredit götürməsi təsdiq olunsa da, həmin pul vəsaitinin məhz hansı evin təmiri üçün sərf edilməsi müəyyən edilmir. Eyni zamanda həmin sənədlərdə Cavabdeh yaşayış ünvanı kimi İmişli rayonu, Göbəktala kəndi deyil, Şahverdili kəndi qeyd edilmişdir.

23. Həmçinin qeyd edilməlidir ki, iddiaçının yaşayış sahəsindən istifadə edə bilməsinə hüquqi əsas kimi Mənzil Məcəlləsinin 30-cu maddəsinə də istinad edilə bilməz.

24. Belə ki, həmin maddədə göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

25. Hazırkı iş üzrə isə iddiaçının cavabdehin oğlu ilə ailə münasibətlərinə xitam verildiyindən iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququ təmin edilə bilməz.

26. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddiaçının cavabdehə məxsus yaşayış sahəsindən istifadə hüququ mövcud olmadığından iddia rədd edilməlidir.

27. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

28. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

29. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən 100 manat dövlət rüsumundan ibarət məhkəmə xərci iddiaçının özünə aid edilməlidir.

VI. Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumundan ibarət məhkəmə xərci İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar