Məhkəmə qərarları › İş №2(036)-2152/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2152/2021

19.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2152/2021 19.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2а qarşı “pul tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və X1 ona məxsus torpaq sahəsindən çıxarılmaları və vurulmuş maddi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun 7 nəfərlik ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 15 iyul 2003-cü il tarixli 03 saylı qərarı ilə İmişli rayonunun Aranlı kəndində 5,28 hektar pay torpaq sahəsi verilmişdir. Bu barədə JN-449 KOD 90700118 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı vardır. Onların 3-cü massivdə yerləşən pay torpaqları düzgün göstərilməməsinə görə 2020-ci ilin fevral ayında rayon icra hakimiyyətinə müraciət etmiş və onların pay torpaqları yerində onlara göstərilərək tanıtılmışdır. Həmin torpaq sahəsi uzun müddət əkilməməsi səbəbindən yulğun kolluğuna çevrilən sahəni buldozerin və digər texnikanın köməyi ilə təmizləyərək yararlı hala salmışdır. 2020-ci ilin payız dövründə arpa əkini üçün əlavə 150 manat şum üçün xərc çəkib şumlamış və şumlanmış sahəni payız dövrü üçün əkmək istədiyi zaman həmkəndlisi Cavabdeh1, zorla həmin sahənin oııa məxsus olduğunu iddia etdi və kənd icra nümayəndəsi Əlihümbət Alıkişiyevin köməkliyi ilə torpağı ondan almışdır. Sonra onun tərəfindən əkinə yararlı hala salınmış torpağı digər Cavabdeh2 qeyri-qanuni satmışdır. Həmin sahə hazırda pambıq əkini altındadır və Cavabdeh2 tərəfindən istifadə olunur. O, əlacsız qalaraq AR ƏMDK-də şikayətyçi kimi qəbulda olmuş, həmin komitənin tapşırığı əsasında Şirvan Ərazi İdarəsindən 2 mütəxəssis gəlib Aranlı bələdiyyəsinin iştirakı ilə onun pay torpağının yerləşdiyi ərazidə olublar. Həmin vaxt müəyyən olunub ki, onun pay torpağının bir hissəsi və oğlunun torpağı isə bütövlükdə Cavabdeh2 tərəfindən zəbt olunub. Cavabdehlərin özbaşınalıqları nəticəsində əkin apara bilməmişdir. Şuma və torpağın hazırlanmasına çəkdiyi xərc batmışdır. Əlavə olaraq pay torpağı cavabdehlər tərəfindən istismar olunur. Həmin torpaq sahəsindən 850 manat məbləğində fayda əlindən çıxmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir, onun əkdiyi torpaq sahəsinin iddiaçının torpaq sahəsinə heç bir aidiyyət yoxdur. Ona görə də hesab edir ki, iddia tələbi tam şəkildə əsassızdır. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh X2а məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, sübut etmək yükü üzərinə düşən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyindən, həmin hallar mövcud olmayan hallar kimi qiymətləndirilməli və iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar