Məhkəmə qərarları › İş №2(036)-2180/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2180/2025

25.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2180/2025 25.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsini qeyd etməklə "uşaqların doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi maraqlı şəxs İmişli "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsini qeyd etməklə "uşaqların doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2023cü il təvəllüdlü X4 anadan olması faktının müəyyən edilməsi, doğum sənədi verilərkən doğum yerinin İmişli şəhəri yazılması, doğum akt qeydində atasının X2, anasının Ərizəçi yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2021-ci il tarixində X2 ilə faktiki nikah münasibətinə girərək ər-arvad kimi yaşamışdır. Onların faktiki nikahından xx.xx.2022-ci il təvəllüdlü Səhər və xx.xx.2023-cü il təvəllüdlü Əzizv Ömər adlı uşaqları anadan olmuşdur. Hazırda uşaqlar məktəbə getməlidirlər, lakin doğum haqqında sənəd olmadığı üçün gedə bilmirlər. Uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün İmişli Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və Qeydiyyat şöbəsində bildirilmişdir ki, bunun üçün doğum haqqında tibbi şəhadətnamə olmalıdır, ya da məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Həmçinin bildirmişdir ki, uşaqların həmin tarixlərdə anadan olmasını və atanın X2 olmasını, onlarla birgə yaşamasını şahidlər təsdiq edə bilərlər. Odur ki, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmiş və məhkəmənin suallarını cavablandıraraq bildirmişdir ki, xəstəxanaya müraciət etmişlər, orda bildiriblər ki, məhkəməyə müraciət olunmalıdır. Belə ki, bir uşaq İmişli Rayon Dəmir yolu Xəstəxanasında doğulub, digər uşaq Mərkəzi Xəstəxanada doğulub. Maraqlı şəxs İmişli "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi ərizəyə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçini dinləyib, ərizəni iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, ərizə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İmişli Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli imtina məktublarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.23-cü bəndinə əsasən doğumun dövlət qeydiyyatı üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq 16 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə qeydiyyat şöbəşi, konsulluq idarəsi va icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra “Vaxtı keçmiş qeydiyyat” sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisəsindən arayış təqdim edir. Adı çəkilən bəndin tələblərinə əsasən arayış dedikdə 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi ilə bağlı arayış nəzərdə tutulmur. Vaxtı keçmiş doğumun qeydiyyatına münasibətdə uşağın cinsiyyəti va yaşı göstərilməklə "sağlamdır ve sağ-salamatdır” qeydi ilə doğumun təsdiqi va uşağın sağ olması ilə bağlı qeydiyyat şöbəsi tərəfindən məlumat tələb edilir və hal-hazırda xəstəxana tərəfindən ərizənizdə qeyd etdiyiniz oğlan uşağının (digər imtina məktubunda qız uşağının) "İmişli RMX" PHŞ-da həmin şəxs olması va sağ olması barədə heç bir məlumat olmadığı üçün məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli “Doğumun qeydə alınmasından imtina haqqında” rəyində bildirilmişdir ki, tibbi şəhadətnamə olmadığından doğumun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün deyildir, məsələ ilə bağlı məhkəməyə müraciət edilməlidir. Beləliklə İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilmiş arayışın məzmunu ilə müəyyən olunur ki, həmin xəstəxanada qız və oğlan uşaqları doğulsa da, imtina məktubu ilə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydanın 2.23-cü bəndinə istinad olunmuş və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.7-ci maddələrinə görə isə, 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən: 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə, qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. 15.4. İnzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, ərizəçinin hazırda hüquqi marağı xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə doğulmuş uşaqlarına doğum haqqında şəhadətnamənin əldə edilməsidir. Uşaqların İmişli Rayon Mərkəzi Xəstəxanasında doğulması barədə arayışlar mövcuddur. Ərizəçi hər iki uşağın xəstəxanada doğulduğunu bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, istinad olunan Plenum Qərarının 4.3-cü bəndinə əsasən uşaqların tibb müəssisəsindən kənarda deyil, xəstəxanada doğulması ilə əlaqədar arayış mövcud olduğu üçün (tibb müəssisəsi ilə telefon əlaqəsi zamanı da həmin hal təsdiqlənmişdir), bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən uşağın doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.6. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.23. Doğumun dövlət qeydiyyatı üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq 16 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Müəyyən olunmuş müddətdə qeydə alınmamış 16 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra "vaxtı keçmiş qeydiyyat" sözləri yazılmaqla aparılır. Məhkəmə qeyd olunan normaların məzmunu baxımından ərizəçinin hazırda tibb müəssisəsinə qarşı inzibati məhkəmə icraatında iddia qaldırmalı olduğu qənaətindədir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, uşaqlar xəstəxanada doğulduğu halda, imtina məktubu ilə doğum haqqında tibbi şəhadətnamənin (№ AZS-103) verilməməsi, yəni hazırki halda tibb müəssisəsinin hərəkətsizliyinin əsaslılığına inzibati hüquq münasibətlərindən yaranan mübahisə kimi inzibati məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddələrinin tələbləri baxımından məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə olan halda, müvafiq sorğuların verilməsi ilə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar müəyyən edilə bilər. Bu səbəbdən, Ərizəçi maraqlı şəxs İmişli "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi olmaqla “uşaqların doğum faktının müəyyən edilməsi” haqqında ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1.İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli və ərizəçiyə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxs İmişli "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı "uşaqların doğum faktının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Ərizəçi müvafiq iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Azərbaycan Respublikası Mərkəzi bankı Hökumət ödəniş portalında ********** və ********** №-li mədaxil qəbzlərilə ödənilmiş hər biri 50 manat (cəmi 100 manat) məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X3 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar