Məhkəmə qərarları › İş №2(036)-2225/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2225/2020

04.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2225/2020 04.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Büsat qızı Hacıyevanın katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi Mustafayev Alim Böyükağa oğlunun iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 1980-1982-ci illərdə İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləməsi, yəni əmək stajının olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə əlavə edərək 1980-1982-ci illlərdən başqa 1989-1990-cı illərdə də İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləməsi, yəni əmək stajının olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 1980- 1982-ci illərdə İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləmişdir. Həmin illərə dair sənədlər Dövlət arxivinə təhvil verilməmişdir. Lakin 1989-1990-cı illərdə İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləməsi barədə Dövlət arxivindən ona arayış verilsə də, maraqlı şəxs Dövlət X7 İmişli rayon şöbəsi həmin illərdə onun adam günü normasını yerinə yetirmədiyini əsas götürərək həmin illəri onun sosial sığorta stajı kimi nəzərə almaqdan imtina edir. Bu isə onu əmək pensiyası almaq hüququndan məhrum edir. Ona görə də sosial sığorta stajının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını, onun 1980-1982 və 1989-1990-cı illərdə İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləməsi, yəni əmək stajının olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Əmək və X5 Nazirliyi yanında Dövlət X7 İmişli rayon şöbəsinin nümayəndəsi Mustafayev Alim Böyükağa oğlu izahatında ərizəçinin 1980-1982-ci illərə dair əmək fəaliyyətini təsdiq edən sənədlərin olmadığını və işlədiyi 1989-1990-cı illərdə ərizəçinin adam günü normalarını yerinə yetirmədiyini bildirərək ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş, 1974-1997-ci illərdə İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləmiş X2 izahatında Ərizəçi 1980-1982 illərdə İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləməsini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş, 1972, 1975-1997-ci illərdə İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləmiş X4 izahatında Ərizəçi 1980-1982 illərdə İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləməsini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş, 1981-1997-ci illərdə İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləmiş Xubaliyev Böyükxan Allahşükür oğlu izahatında Ərizəçi 1981-1982 illərdə İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləməsini təsdiq etdi. Məhkəmə ərizəçinin, şahidlərin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşin araşdırılan hallarndan müəyyən olunmuşdur ki, ərizəçi 1980-1982-ci illərdə İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləməsi barədə faktı təsdiq edən sənədləri əldə edə bilmir, lakin şahid qismində dindirilmiş şəxslər ərizəçinin həmin illərdə göstərilən kolxozda işləməsini təsdiq edirlər. Məhkəmə şahidlərin ifadələrini əsaslı sübut növlərindən biri kimi qəbul edir və ərizəçinin 1980-1982-ci illərdə İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləməsi faktının müyyən edilməsini qanuni hesab edir. Bundan başqa ərizəçi 1989-1990-cı illərdə də İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləməsi, yəni əmək stajının olması faktının müəyyən edilməsini xahiş etmişdir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli, 61 nömrəli arayışından görünür ki, Ərizəçi 1983-1990-cı illərdə İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləmiş, lakin 1989-1990-cı illər üzrə müəyyən edilmiş adam günü normalarını yerinə yetirməmişdir. İşdən göründüyü kimi ərizəçinin 1989-1990-cı illərdə İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləməsini təsdiq edən sənəd mövcuddur, həmin illər üzrə onun əmək fəaliyyəti təsdiq olunur, lakin minimum əmək iştirakı norması yerinə yetirilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin illər üzrə ərizəçinin işləməsi faktının müəyyən edilməsinə deyil, sosial sığorta stajının hesablanması qaydalarının müəyyən edilməsinə zərurət vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Həmçinin məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, xx xxxxxxxx 1992-ci il tarixli “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi 1980-1982 və 1989-1990-cı illərdə müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməsi barədə məhkəməyə sübut təqdim etmədiyindən onun həmin illərdə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi 1980-1982-ci illərdə İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləməsi faktı müəyyən edilməli, İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işlədiyi 1980-1982 və 1989-1990-cı illərin iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət sosial sığorta stajına daxil edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi 1980-1982-ci illərdə İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işləməsi faktı müəyyən edilsin. Ərizəçi İmişli rayonunun Lenin (sonrakı adı Aranlı) kolxozunda işlədiyi 1980-1982 və 1989- 1990-cı illərin iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət sosial sığorta stajına daxil edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə X3 apelyasiya şikayəti vermək olar. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar