Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2227/2021 12.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X1 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı “mirasın qəbulu müddətinin uzadılması tələbi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası Babaşov Vəli Qəhrəman oğlundan qalmış İmişli şəhəri, P.Həsənov küçəsi ev 126-da yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1378A kodlu, 90701004 saylı şəhadətnaməyə əsasən 0,06 ha həyatyanı torpaq sahəsi atası Babaşov Vəli Qəhrəman oğluna məxsusdur. Atası Babaşov Vəli Qəhrəman oğlu 18 dekabr 2020-ci tarixdə vəfat etmişdir. O, atasının qanun üzrə birinci növbə vərəsəsidir və həmin miras əmlakı ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə üçün İmişli regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə dəfələrlə müraciət etsə də, tərəfindən mirasın qəbul edilməsi üçün nəzərdə tutulan müddətin buraxılması səbəbindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olmuşdur. O, mirası rəsmi qaydada vaxtında notariat kontoruna müraciət etməklə qəbul etməsə də, faktiki olaraq mirası qəbul etmiş və hazırda da həmin torpaq sahəsindən istifadə edir. Atası 10 iyul 2005-ci ildə vəsiyyətnamə ilə yaşayış evini əmlakları ilə birlikdə ona vəsiyyət etmişdir. Lakin notarius faktiki olaraq mirası qəbul etməyinə baxmayaraq buraxılmış müddəti üzürlü hesab etməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh İmişli regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisi məhkəməyə ərizə ünvanlayaraq mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 08 avqust 1975-ci il tarixdə İmişli şəhərində anadan olmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1378A kodlu, 90701004 saylı şəhadətnaməyə əsasən İmişli rayon AİK-nin 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0.06 hektar torpaq sahəsi Babaşov Vəli Qəhrəman oğlu və onun ailə üzvlərinin ümumi mülkiyyətlərinə verilmişdir. 10 iyul 2005-ci il tarixli vəsiyyətnamədən görünür ki, Babaşov Vəli Qəhrəman oğlu harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayarq, ölən gündə ona məxsus bütün əmlakını, o cümlədən İmişli şəhəri, P.Həsənov küçəsi ev 126-da yerləşən evini həyətyanı sahəsi ilə birlikdə Babaşova İlhamə Vəli qızına vəsiyyət etmişdir. AZ-İİ 112575 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babaşov Vəli Qəhrəman oğlu 18 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə İddiaçı dinləyib, təqdim olunmuş və işə əlavə edilmiş sənədləri araşdıraraq aşağıdakı qanunvericilik aktı normalarına əsasən hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcələnin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən 6 ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnamə altı aydan da tez verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı atası Babaşov Vəli Qəhrəman oğlunun ölümündən sonra miras qalmış İmişli şəhəri, P.Həsənov küçəsi ev 126-da yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı atası Babaşov Vəli Qəhrəman oğlunun ölümündən sonra miras qalmış əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinin səbəbləri üzrlü hesab edilsin və İmişli şəhəri, P.Həsənov küçəsi ev 126-da yerləşən fərdi yaşayış evi və onun həyətyanı sahəsindən ibarət miras əmlakın qəbulu müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2227/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2227/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver