Məhkəmə qərarları › İş №2(036)-2241/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2241/2025

08.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2241/2025 08.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki mübahisə (açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mənzildən çıxarılma) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin İmişli şəhəri, Tofiq İsmayılov küçəsi, ev 14, mənzil 8 ünvanında yerləşən iddiaçıya məxsus mənzildən çıxarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 14, mənzil 8 ünvanında yerləşən Seriya MA ******* nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətində olan mənzildən çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının İmişli şəhəri T.İsmayılov küçəsi ev 14, mənzil 8 ünvanında Seriya MA ******* nömrəli Çıxarışla yaşayış mənzili vardır. Mənzilin mülkiyyət hüququ yalnız iddiaçıya məxsusdur. 2020-ci ilin yay aylarında iddiaçının oğlu Arif iddiaçıdan xəbərsiz həmin mənzili cavabdehə kirayə vermişdir. Cavabdeh sonralar iddiaçıya kirayə haqqı verməmişdir. O, iddiaçının mənzildən normal istifadə etməsinə maneə yaradır. Dəfələrlə iddiaçının mənzildən çıxmasını tələb etsə də, çıxmamışdır. Cavabdehlə aralarında heç bir müqavilə yoxdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçının oğlu Arif 2020-ci ildən başlayaraq mübahisəli mənzili aylıq 60 manat ödəməklə cavabdehə kirayə vermişdir. Bir ildən artıq müddət keçəndən sonra mənzili satmaq istəmiş, cavabdehlə aralarında olan şifahi razılıq əsasında həmin mənzili cavabdehə satmaq qərarına gəlmişdir. Cavabdehlə aralarında olan şifahi alğı-satqı razılaşması əsasında o, həmin mənzili 8000 manata cavabdehə satmağı, cavabdeh isə dörd və ya beş ay ərzində həmin pulu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ötən müddət ərzində 6000 manat məbləğində pulu hissə-hissə ödəsə də, qalan 2000 manat məbləği, həmçinin kommunal xərcləri ödəməmişdir. 8000 manata ev yoxdur. Cavabdeh tərəfindən aparılan təmir işlərinin xərclərini ödəməyə razı deyildir, cavabdeh tərəfindən ona ödənilən 6000 manat məbləği hissə-hissə ödəməyə razıdır. 2024-cü ilin yay aylarında müraciət etmişdir ki, cavabdeh evdən çıxsın. Cavabdeh onun evində söküntü işləri aparmışdır, hər şeyi əvvəlki vəziyyətə qaytarmalıdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək izahatında bildirdi ki, 2019-cu ilin mart ayından iddiaçının oğlu Arifin razılığı ilə 60 manat kirayə pulu ödəyərək iddiaçıya məxsus evdə yaşamışdır. O, həmin evə gəldiyi zaman ev təmirsiz, qapısı, pəncərəsi qırılmış vəziyyətdə olmuş, pəncərələr odeyal ilə mismarlanmış vəziyyətdə olmuşdur. Evdə 10-15 ildən çox müddət ərzində yaşayış olmamışdır. 2020-ci ildə iddiaçının oğlu Arif ona evi satmaq istədiklərini bildirmiş, evi almağı ona təklif etmişdir. O da bir müddət sonra Arifə evi almağa razı olduğunu, lakin imkanı olmadığını bildirmişdir. İddiaçı ilə aralarında olan şifahi alğı-satqı razılaşmasına əsasən o, həmin mənzili ümumilikdə 8000 manat olmaqla, dörd və ya beş ay ərzində hissə-hissə ödəməklə almağı öhdəsinə götürmüşdür. İddiaçı ilə razılaşdıqdan sonra evdə təmir işlərinə başlamış və evin yaxşılaşdırma işlərinə 10000 manat pul xərcləmişdir. Razılaşdıqları vaxtdan dörd və ya beş ay ərzində bir dəfə 2000 manat, daha sonra 4000 manat olmaqla, ümumilikdə 6000 manat məbləğində iddiaçıya ödəniş etmişdir. Həmin ödənişləri etmək, mənzili təmir etmək üçün kredit götürmüş, əlavə pul məbləğləri ödəməli olmuşdur. Onlar arasında evi satmaqla bağlı razılaşma olmuşdu. Belə ki, iddiaçı həyat yoldaşı ilə bir dəfə həmin mənzilə gələndə də bildirmişdi ki, qulluq edəndə hər şey gözəlləşir. Həmin ev yaşanılası vəziyyətdə belə deyildi. Evə girəndən sonra ona məlum olmuşdu ki, evdə hətta kanalizasiya xətləri yoxdur. Bütün düzəlişləri evdə etmiş, evi ev halına gətirmişdir. Daha sonra iddiaçıya evi onun mülkiyyətinə verməklə rəsmiləşdirməyi, rəsmiləşdirmədən sonra kredit götürərək qalan 2000 manat məbləği iddiaçıya ödəməyi təklif etmiş, iddiaçı isə cavabdehlə razılaşmamışdır. Mənzilə görə illik kommunal ödənişlərlə bağlı bir dəfə ondan ödəniş istəmişlər, o da pulunun olmadığını bildirmiş, daha sonra öyrənmişdir ki, həmin pulu iddiaçı ödəmişdir. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının Konstitusiyası: 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

8. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanunu: 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İmişli şəhəri, Tofiq İsmayılov küçəsi, ev 14, mənzil 8 ünvanında yerləşən ümumi sahəsi 37,4 m2 olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2011-ci il tarixli Texniki Pasporta əsasən mənzilin ümumi sahəsi 37,4 m2 olmaqla, 28,1 m2 yaşayış sahəsi, 9,3 m2 köməkçi sahədən ibarətdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında iddiaçı Cavabdeh İddiaçı qarşı mənzili almaq üçün ödədiyi 10.000 manat pul və mənzili yararlı vəziyyətə gətirmək üçün çəkilmiş 10.000 manat xərc olmaqla, ümumilikdə 20.000 manat pulun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin tarixdə ərizəni geri götürmüşdür.

11. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, 2019-cu ilin mart ayından 2023-cü ilin sentyabr ayınadək cavabdeh iddiaçıya məxsus İmişli şəhəri, Tofiq İsmayılov küçəsi, ev 14, mənzil 8 ünvanında yerləşən mənzildə aylıq 60 manat kirayə haqqı ödəmək şərtilə yaşamışdır. 2023-cü ilin sentyabr ayında iddiaçıya məxsus həmin mənzili dörd və ya beş ay müddətinə, hissə-hissə ödəmək şərtilə, ümumilikdə 8000 manata satılması barədə iddiaçı ilə cavabdeh arasında şifahi alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh 2000 manat və 4000 manat olmaqla, ümumilikdə 6000 manat ödəsə də, qalan pul məbləğini ödəməmişdir. Cavabdeh mənzilin qalıq borcunun notariat kontorunda alğı-satqı müqaviləsi bağlandıqdan sonra ödənilməsini təklif etmişdir. Hazırda iddiaçı cavabdehin mənzildən çıxarılmasını tələb edir.

12. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçının irəli sürdüyü faktiki hallar üzrə onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

13. Belə ki, mübahisə predmeti olan əmlak hazırda iddiaçının mülkiyyətində olduğundan iddiaçının həmin əmlakı özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququ vardır.

14. Mübahisə predmeti olan mənzilin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Cavabdeh həmin mənzildən qanunsuz olaraq istifadə edib yaşamaqla, həmçinin iddiaçının tələbinə baxmayaraq mənzili təhvil verməyərək iddiaçının ona məxsus mülkiyyət hüquqlarının həyata keçirilməsinə, mənzildən istifadə, həmçinin ona sahiblik etməsinə maneçilik törədir. Mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir.

15. Qeyd edilməlidir ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir.

16. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaya etiraz etməsi, yəni məzildən çıxarılması barədə iddiaçının tələbinin qanunsuz olmasına istinad etməsi, tərəflər arasında bağlanmış şifahi alğı-satqı müqaviləsinə əsaslanır. Lakin qeyd edilməlidir ki, tərəflər arasında şifahi şəkildə razılıq əldə edilsə belə, həmin əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

17. Qeyd edilməlidir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

18. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan İmişli şəhəri, Tofiq İsmayılov küçəsi, ev 14, mənzil 8 ünvanında yerləşən mənzildən çıxarılmalıdır.

19. Cavabdeh izah olunsun ki, iddiaya etirazda bildirilən dəlillər-mənzilin alqı-satqısı üçün ödənişlər etməsi, mənzilə xərclər çəkməsi həmin tələblərlə ayrıca icraatda iddia qaldırılmasını istisna etmir.

20. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

21. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, 100 manat dövlət rüsumundan ibarət məhkəmə xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

VI. Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan İmişli şəhəri, Tofiq İsmayılov küçəsi, ev 14, mənzil 8 ünvanında yerləşən mənzildən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumundan ibarət məhkəmə xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar