Məhkəmə qərarları › İş №2(036)-23/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-23/2024

26.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-23/2024 26.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Əliyev Ayhan Elnur oğlunun katibliyi, İddiaçı nümayəndəsi Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı direktoru iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İmişli rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən İddiaçınə ayrılmış 0,50 ha torpaq sahəsindən çıxarılmaları, onların üzərinə qanunsuz olaraq zəbt etdikləri sahədə inşaat işləri apardıqları tikililərin öz hesablarına sökülməsi, ərazidən daşınması və ərazinin ilkin vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı hüquqi şəxsdir. ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən əldə olunmuş məlumatlara əsasən Cavabdeh1 qəbir daşı yonma sexi fəaliyyəti ilə məşğul olmaqla fərdi sahibkar statusuna malikdir Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı «Kilim” X1 nümayəndəsi Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Vəkil işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərara əlavə olunmuş “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldə göstərilmişdir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq MPM-in 26.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla xüsusi icraat qaydasında baxılan işlərə ümumi məhkəmələr baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Tərəflərdən iddiaçı hüquqi şəxs və cavabdehlərdən Cavabdeh1 fərdi sahibkar statusuna malik, yəni vergi uçotuna alınmış fiziki şəxs olması və mübahisənin iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi torpaq sahəsində yaranmış mübahisədən irəli gəlməsi halı mövcud olduğuna görə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından hazırki mübahisə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinin təsir dairəsinə düşdüyündən işə kommersiya məhkəməsində baxılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 23.10-cu bəndinə əsasən İmişli rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 25, 26, 35, 49, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi barədə iddia ərizəsinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar