Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2318/2025 21.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı cavabdeh İmişli Regional Cavabdehndə notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh İmişli Regional Cavabdehndə notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Regional Cavabdehndə notariat ofisinin 31 may 2025-ci il tarixli icra qeydinin ləğv edilməsi və iddia icraatı qaydasında işə baxılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İmişli Regional Cavabdehndə notariat ofisinin 31 may 2025-ci il tarixli icra qeydinin ləğv edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İmişli Regional Cavabdehndə notariat ofisinin 31 may 2025-ci il tarixli icra qeydinə əsasən İddiaçı 62411,37 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması müəyyən edilmişdir. İcra qeydindən məlumatı olmamış və rəsmi qaydada çatdırılmamışdır. İcra qeydinin olduğunu bank təşkilatından öyrənmişdir. Hesab edir ki, tələb olduqca əsassız, şişirdilmiş və onun iştirakı olmadan qəbul olunduğu üçün əsaslı sayıla bilməz. Bu baxımdan hesab edir ki, həmin icra qeydi ləğv olunmalıdır. Notariat icra qeydi məhkəmə qərarı ilə eyni hüquqi nəticə doğurmur. Bu, yalnız borcun şübhəsiz və etiraza səbəb olmayan hallarına şamil edilə bilər. Əgər borclu onunla razı deyil və bu barədə etiraz irəli sürürsə, həmin tələb adi mülki qaydada məhkəməyə təqdim olunmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC iddia ərizəsinə etiraz verərək, qeyd etmişdir ki, bəhs olunan icra qeydi mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada, iddiaçı xəbərdar olunmaqla və müvafiq bildirişilər göndərilməklə çıxarılmış, iddiaçı həm bank, həm notariat ofisi, həm də icra qurumu tərəfindən kifayət qədər öncədən məlumatlandırılmışdır. Bu haqda xüsusilə vurğulamaq lazımdır ki, qeyd olunan hüquq mübahisələri müstəvisində şikayət vermə mexanizmi hələ qanunvericilikdə öz əksini tapmadığından qeyd olunan münasibətlər hal-hazırda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 41 və 76cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2025-ci il tarixli plenum qərarı ilə nizamlanır. Həmin qərarda qeyd olunur ki, qanunverici orqan tərəfindən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Bu baxımdan iddiaçı şikayətvermə müddətini xeyli ötürmüşdür. Qeyd olunanlar nəzər alınmaqla İddiaçı cavabdeh İmişli Regional Cavabdehndə notariat ofisinə qarşı 31 may 2025-ci il tarixli, 8İ- 4312 saylı icra qeydinin ləğvi tələbinə dair ərizəsinin təmin edilməməsini və icra qeydinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclaslarında iştirak edən və məhkəməyə göndərdiyi məlumatda İddiaçı göstərmişdir ki, xx.xx.2023-cü il tarixində "xxxx" ASC-dən kredit limiti 5000 AZN olan Bolkart əldə etmişdir. 2024-cü ilin may ayında Bolkart üzrə nəzərdə tutulmuş 5000 AZN kredit limitini ailə vəziyyəti ilə bağlı tam şəkildə nağdlaşdırmışdır. Müqavilə şərtlərinə əsasən, kart üzrə 2 aylıq güzəşt müddəti müəyyən edilmiş və ödənişlərin hər ayın 10-na qədər edilməsi nəzərdə tutulurdu. Bu öhdəliyi yerinə yetirərək, xx.xx.2024-cü il tarixində həmin ay üzrə minimal məbləği ödəmişdir. Məhz həmin gün kartı bank tərəfindən bağlanmışdır. Bu barədə ona SMS bildiriş göndərilmiş və əsas səbəb kimi digər krediti üzrə gecikmənin mövcudluğu göstərilmişdir. Daha sonra, xx.xx.2025-ci ildə "xxxx" ASC tərəfindən ona SMS vasitəsilə bildiriş göndərilmişdir ki, krediti gecikdirdiyi üçün işi qeydiyyat üzrə məhkəməyə yönləndiriləcək. xx.xx.2025-ci il tarixində bankdan ona bildiriş gəlib və “Notariat haqqında” Qanunu əsas gətirərək icra qeydi aparılacağı bildirilib. Bunun davamı olaraq, xx.xx.2025-ci ildə ona elektron icra sistemi vasitəsilə SMS bildirişi göndərilib ki, məsələ ilə bağlı xx.xx.2025-ci il tarixində icra qeydi aparılmışdır. xx.xx.2025ci ildə icra şöbəsinə yaxınlaşmış və ona həmin icra qeydi çap edilərək təhvil verilmişdir. "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə məlumat ünvanlayaraq göstərmişdir ki, xx.xx.2025-ci il tarixli iclasda iştirakının təmin olunması qeyri-mümkündür. Göstərilənləri nəzərə alaraq iclasın iştirakları olmadan keçirilməsini və etirazda göstərilən halları rəhbər tutaraq tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh İmişli Regional Cavabdehndə notariat ofisi məhkəməyə məktub ünvanlayaraq işə nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh İmişli Regional Cavabdehndə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" ASC İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli AL/66123/91/4 saylı kredit sazişinə əsasən, iddiaçıya 59 ay müddətinə, illik 25 % ödəmək şərti ilə kredit xəttinin maksimal məbləği 10000 manat məbləğində kart verilmiş, kredit xəttindən ilkin olaraq istifadə edilməsi mümkün məbləğ 9250 manat müəyyən edilmişdir. Borclu İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişə əsasən xx.xx.2023-cü il tarixli kredit sazişin üzrə borcunu 20 gün müddətində ödəmədiyi halda tələbin məcburi icrası üçün barəsində icra qeydinin aparılması üçün aidiyyəti notariat ofisinə yaxud müvafiq məhkəməyə müraciət olunacağı, bu zaman borc məbləği ilə yanaşı icra qeydi, məhkəmə və digər xərclər də ondan tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. Bildiriş iddiaçının qeydiyyatda olduğu ünvan üzrə xx.xx.2025-ci il tarixdə ona təqdim olunmuşdur. 8İ-4312 nömrəli xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən İmişli Regional "Asan Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X1 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir, həmin sənədlər üzrə AZ1069 Bakı şəhəri, Nərimanov rayonu, X2, ev 42 ünvanında yerləşən "Bank of Baku” ASC /VÖEN: **********/ xeyrinə İmişli rayonu, Məzrəli kəndi ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, 22,10.2015 - İmişli; FİN: xxxxxxx; d/t; xx.xx.1990) AÜ66123/91/4 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 6074 manat 13 qəpik (altı min yetmiş dörd manat on üç qəpik) tutulsun. Bundan əlavə təklif edir ki, borclu İddiaçı 142 manat 24 qəpik (yüz qırx iki manat iyirmi dörd qəpik) məbləğində cərimə peroya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 6241 manat 37 qəpik pul tutulsun. Tətbiq edilən hüquq: “Notariat haqqında” Qanun Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Maddə 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə, 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” İ. Notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması Bənd 1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: - notariat qaydasında təsdiq edilmiş əqdin əsli.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli AL/66123/91/4 saylı kredit sazişinə əsasən iddiaçıya 59 ay müddətinə, illik 25 % ödəmək şərti ilə kredit xəttinin maksimal məbləği 10000 manat məbləğində kart verilmiş, kredit xəttindən ilkin olaraq istifadə edilməsi mümkün məbləğ 9250 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin müraciəti əsasında yuxarıda qeyd olunan “kredit sazişin” üzrə İmişli Regional Cavabdehndə notariat ofisinin xüsusi notariusu 31 may 2025-ci il tarixdə 8İ-4312 reyestr nömrəli icra qeydi aparmışdır. Həmin icra qeydinə əsasən İddiaçı cəmi 6074,13 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması müəyyən edilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, tələbkar tərəfindən borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş, həmin bildirişin borcluya göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı notariusa təqdim olunmuş, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Qanunvericilikdə icra qeydi verilməmişdən əvvəl borcluya bildirişin göndərilməsinin məcburiliyinin nəzərdə tutulması, borcun mübahisəsiz olub-olmamasının müəyyən edilməsi məqsədi daşıyır, borc mübahisəli olduqda notarius icra qeydini aparmaqdan imtina etməli, tələbkara məhkəməyə müraciət etmək hüququnu izah etməlidir. Göründüyü kimi borcun məbləği borcalan tərəfindən mübahisələndirilməmişdir. Göstərilənlərdən əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarında göstərilmişdir ki:
1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə, 62-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin. 2.Göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilsin. 3.Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət tətbiq edilsin. Bu qərarda formalaşdırılan hüquqi mövqeyə görə...borcların mübahisəsiz qaydada alınmasını təmin edən notariusun icra qeydi də kreditorun xeyrinə pul məbləğinin tutulması və ya əmlakın tələb edilib alınmasına dair notarius tərəfindən verilən sərəncam olmaqla hüquqların müdafiəsinin sadələşdirilmiş üsullarından biri kimi məhkəmələrin iş yükünün azaldılmasında, mülki dövriyyənin inkişafında xüsusi əhəmiyyətə malikdir. Göründüyü kimi, iddiaçı məhkəməyə ünvanladığı məlumatda icra qeydinin aparılmasından xx.xx.2025-ci il tarixdə məlumatlı olduğunu qeyd etmişdir. İcraata başlamaq haqqında qərar elektron sistemi vasitəsilə ona xx.xx.2025-ci il tarixdə göndərilmişdir Beləliklə, İddiaçı icra qeydinin mövcudluğundan məlumatlı olsa da, xx.xx.2025-ci il tarixdə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Halbuki, iddiaçı icra qeydini ondan məlumatlı olduğun gündən 10 gün müddətində mübahisələndirməli idi. Məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia rədd edilməlidir.
Məhkəmə xərcləri: Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Lətafət Ağakişiyeva