Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-24/2024 01.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İmişli rayonunun Qaralar kəndində İmişli rayon aqrar islahat komissiyasının 23 noyabr 1999-cu il tarixli qərarı ilə iddiaçıya və ailə üzvlərinə JN 568 kod 90709038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə verilmiş 3,64 ha torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılması və torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə aqrar islahatı zamanı İmişli rayonunun Qaralar kəndində 3,64 hektar torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin onların mülkiyyətlərində olması rayon aqrar islahat komissiyasının qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair JN 568 kod 90709038 saylı Dövlət aktı itə təsdiq olunur. Torpaq sahəsi bir massivdə Qaralar kəndinin yaxınlığında yerləşir. Ailə üzvləri torpaq sahəsindən ailə başçısı kimi istifadə etməyi ona həvalə etmişlər. Kənddən kənarda olduğu üçün torpaq sahəsinə gec-gec gedir. Ona məlum olmuşdur ki, Ağdərə rayonundan məcburi köçkün kimi gəlib İmişli rayonunun Qaralar kəndi yaxınlığında məskunlaşmış və heyvandarlıqla məşğul olan Cavabdeh onun torpaq sahəsinin su arxının digər tərəfində yerləşmiş 1,20 hektarını zəbt edib otlaq və əkin sahəsi kimi istifadə edir. Hal-hazırda ailələrinin maddi və sosial problemləri yaranmışdır. Ailəsinin ehtiyaclarını ödəyə bilmir. Ona və ailə üzvlərinə məxsus torpaqları əkib məlum problemlərini həli etmək istəyir. Xüsusi mülkiyyətlərində olan torpaq sahəsini boşaltmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh həmin torpaq sahəsinin zəbt etdiyi hissəsinə onları buraxmır və torpaq sahəsini boşaldıb ona təhvil verməkdən qəti olaraq imtina edir. Cavabdeh onlara məxsus torpaq sahəsini zəbt ədib qanunsuz olaraq istifadə etdiklərinə görə hazırda, Dövlət aktlarına əsasən, ailələrinin xüsusi mülkiyyətində olan torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edib torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Cavabdehin hərəkətləri barədə yerli orqanlara bildirmişdir. Ona bildirmişlər ki, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə ərizə verməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. İşin faktiki halları: İş materiallarında olan JN 568 kod 90709038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, İmişli rayonu, Qaralar kəndində yerləşən 3,64 hektar torpaq sahəsi. İmişli rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1999-cu il tarixli 11 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2024-cü il tarixli 10/3402 saylı ekspert rəyindən görünür ki, JN 568 saylı Dövlət aktına əsasən, 568 saylı planda sərhədləri göstərilmiş İmişli rayonu Qaralar kəndində yerləşən 3,64 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin JN 568 sayı Dövlət aktına əsasən, 568 sayı planda sərhədləri göstərilmiş İmişli rayonu Qaralar kəndində yerləşən 3,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olması müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi tərtib olunmuş ölçü planında qeyd olunmuşdur. JN 568 saylı Dövlət aktına əsasən, 568 saylı planda sərhədləri göstərilmiş İmişli rayonu Qaralar kəndində yerləşən 3,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hal hazırda Cavabdeh tərəfindən istifadə olunmur. Ölçmə işləri aparılan zaman müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 3,64 ha torpaq sahəsinin 1.10 ha hissəsi X2 tərəfindən istifadə olunur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehi iddia tələbini ona qarşı irəli sürməyə imkan verən cavabdeh kimi qəbul etmək mümkün deyildir. Çünki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2024-cü il tarixli 10/3402 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan İmişli rayonu Qaralar kəndində yerləşən 3,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.10 ha hissəsi hal hazırda Cavabdeh tərəfindən deyil, X2 tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli 10/3402 saylı ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin torpaq sahəsinin kim tərəfindən istifadəsi ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. Beləliklə, hazırkı vəziyyətdə Cavabdeh hazırki mübahisə üzrə cavab verməli olan şəxs olmadığından iddiaçının iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Beləliklə, iddia rədd edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manatdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-24/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-24/2024
01.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver