Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2463/2025 13.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “istehsalatda xəsarət-sağlamlığın pozulmasına görə ödənc” tələbinə dair mülki mübahisə (açar sözlər: istehsalatda xəsarət-sağlamlığın pozulmasına görə ödənc tələbi) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Əhməd Siracəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “istehsalatda xəsarət-sağlamlığın pozulmasına görə ödənc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. İddiaçı 1980-1988-ci illərdə cavabdeh müəssisədə fəhlə işləmiş, 1988-ci ildə istehsalatda xəsarət aldığından, ona həmin vaxtdan əlilliyə görə pensiya təyin edilmişdir. Hazırda iddiaçı İİ qrup əlildir. Şəhid ailəsi üzvüdür. Həmin vaxtdan etibarən iddiaçıya cavabdeh müəssisə tərəfindən hər ay ödənclər edilmişdir.
2. Dövlət Vergi Xidmətinin arayışının məzmunu ilə müəyyən olunur ki, Cavabdeh ASC-nin fəaliyyəti xx.xx.2025-ci ildən dayandırılmışdır.
İddiaçının tələbi və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) İddiaçının tələbi.
3. İddiaçı cavabdehə qarşı 3790 manat pulun və dəyən zərərin ödənilməsi üçün gecikdirilmiş vaxt nəzərə alınaraq dəbbə pulunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1980-ci ildən 1988-ci ilədək Cavabdeh ASC-də setka toxumada fəhlə vəzifəsində işləmiş, 1988-ci ildə iş zamanı sol gözünə setka bataraq zədələnmişdir. Bu barədə yerli orqanlara xəbər vermiş, onlar gəlib hadisənin şahidi olmuşlar və akt tərtib etmişlər. Həmin ildən etibarən hər ay sağlamlığa görə 350 (üç yüz əlli) manat pensiya almışdır. 13 aydır ki, cavabdehdən vurduqları ziyanı tələb etsə də, onlar dəymiş ziyandan 760 (yeddi yüz altmış) manat pulu ödəmələrinə baxmayaraq 3790 azn (üç min yeddi yüz doxsan) manat pulu ödəmirlər. Ümumi olaraq Cavabdeh ASC-də ona dəyən 3790 (üç min yeddi yüz doxsan) manat pensiya və dəyən zərərin ödənilməsi üçün gecikdirilmiş dəbbə pulu vardır. Hazırda cavabdehdən vurduqları ziyanı tələb etsə də, dəymiş ziyanı ödəmirlər və müəssisənin artıq fəaliyyət göstərmədiyini bildirirlər. Lakin həmin müəssisə gecə saatlarında fəaliyyət göstərir.
b) iddiaya etiraz
5. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hal-hazırda müəssisə fəaliyyət göstərmir. xx.xx.2024-cü il tarixdən bu günədək iddiaçıya müəssisədə aldığı xəsarətlə bağlı cəmi 860 (səkkiz yüz altmış) manat ödənilmiş, 340 (üç yüz qırx) manat borc qalmışdır. Həmin məbləğ də cari ayın sonunadək iddiaçıya ödəniləcəkdir. Əlavə olaraq qeyd olunur ki, iddiaçının yaşını, müəssisədə aldığı xəsarəti və şəhid atası olmasını nəzərə alaraq müəssisənin fəaliyyət göstərməməsinə baxmayaraq, müxtəlif mənbələrdən əldə edilmiş pul vəsaitlərindən onun tələblərini təmin etmək üçün əvvələr mütəmadi olaraq vaxtlıvaxtında hər ay ödənişlər etmişlər. c) məhkəmə icraat iştiakçılarının izahatları
6. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, o ikinci qrup əlildir, şəhid atasıdır. İşlədiyi müəssisədə xəsarət aldığı ildən bəri 350 manat pensiya alır. Ona 750 manat pul versələr də, 3790 manat pulu ödəmirlər. Müraciət etdikdə isə müəssisənin işləmədiyini, onun ziyan pulunu verə bilməyəcəklərini deyirlər. Halbuki müəssisə gecələr gizli fəaliyyət göstərir, qazıntı işləri aparır. Hər ay pulu əlbəəl alırdı. Əvvəllər kart vermişlər. Bir neçə dəfə ora ödəmişlər. Sonra isə dükandan gedib götürürdü. 2024-cü ilin 6-cı ayına qədər ödənişlər ediblər. Əlavə ödənişlər olmayıb. Cavabdehin dedikləri ilə razılaşmır. Belə ki, iddiaçıya ödənilən 300 manat rayonda olan bir məclisdə xeyriyyəçi-Cavabdeh ASC-nin rəhbəri tərəfindən ona maddi yardım kimi, heç bir ödənc nəzərə alınmadan verilmişdir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirdi ki, 2024-cü ilin 6-cı ayına qədər hər ay 350 manat ödənişləri tam şəkildə etmişlər. Bundan sonra müəssisənin fəaliyyəti dayanmışdır. İş dayanmış, işçilər işləmirlər. Dörddə bir ştatla işçilərə 100 manat əmək haqqı verirlər. İddiaçının müavinəti 80 manat olmuşdur. 560 manat ödəniş etmişlər, həmin ödəniş 2024-cü il iyul-2025-ci il yanvar ayları üçün (7 ay) aylıq 80 manat müavinət olmaqla ödənilmişdir. 300 manat da ayrıca ödəniş etmişlər. 250 manat borc qalmışdır. Hazırda fəaliyyət göstərmirlər. VÖEN ilə də fəaliyyəti dayandırmışlar, fəaliyyət sentyabr ayının 11-dən dayandırılmışdır. Müəssisənin ciddi maliyyə çətinlikləri vardır.
Tətbiq edilən hüquq:
8. Mülki Məcəllə Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. 1124.1. Dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir. 1124.2. Yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılır. Maddə 1126. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür.
9. Əmək Məcəlləsi Maddə 191. Tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yalnız 3 şərtin (ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) eyni zamanda hər üçü olduqda yaranır Maddə 239. 1-ci bəndinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2-ci bəndinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 3-cü bəndinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4-cü bəndinə əsasən, istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 5-ci bəndinə əsasən, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh müəssisədə 1980-1988-ci illərdə işləmiş, bundan sonra müəssisədə alınmış xəsarətlə bağlı ona İİ qrup əlillik təyin edilmişdir. xx.xx.1989-cu ildən pensiya təyin olunması səbəbindən işçi müəssisədə işdən azad olunmuş, ilkin pensiya təyinatı xx.xx.1989-cu ildən aparılmışdır. Məhkəməyə təqdim olunmuş pensiya işinin materialları ilə müəyyən olunur ki, iddiaçı əlilliklə bağlı mütəmadi olaraq şəhadətləndirilmiş, pensiya məbləğləri ilə bağlı məlumatlar əksini tapmış, əlilliyin səbəbi kimi istehsalat travması qeyd olunmuşdur. xx.xx.2002-ci ildən ömürlük əlillik təyin edilmişdir.
13. İddiaçı ona son bir neçə ildə cavabdeh tərəfindən aylıq 350 manat ödənc verildiyinə istinad etmiş, 2024-cü ilin iyul ayından ödəncin dayandırıldığını bildirmişdir. Müəssisəyə müraciət etdikdə isə ona fəaliyyətin dayandırıldığı, bu səbəbdən ödənclərin edilməsinin mümkün olmadığı bildirilmişdir.
14. Cavabdehin nümayəndəsi isə bildirmişdir ki, iddiaçıya son illər üzrə hər ay 350 manat ödənilmiş, lakin müəssisənin hazırda fəaliyyəti zəif olduğundan ona ödəmələr aylıq 80 manat müavinət şəklində ödənilmişdir. Bu səbəbdən cavabdeh müəssisənin iddiaçının qeyd etdiyi qədər deyil, 340 manat borcu vardır.
15. Məhkəmə tərəfindən cavabdeh müəssisəyə ödənclərin ödənilməsi qaydası və məbləği, hesablanması qaydası barədə məlumatların məhkəməyə təqdim olunması barədə göndərilmiş sorğu məktubu, məhkəmə iclasında bununla bağlı cavabdehin nümayəndəsinə edilmiş müraciət nəticəsiz qalmış, məhkəməyə həmin sənədlər təqdim olunmamışdır.
16. Bununla belə, tərəflərin izahatları ilə iddiaçının müəssisədən son 2 il ərzində 350 manat aylıq ödənc alması, daha sonra həmin ödənclərin edilməməsi işin mübahisəsiz halıdır. İşdən görünür ki, mübahisələndirilən dövr üzrə iddiaçı tərəfindən 3790 manat tələb olunsa da, cavabdeh tərəfindən təqdim olunmuş qəbzlə 560 manat ödəniş edildiyi müəyyən olunmuşdur.
17. Məhkəmə cavabdeh tərəfindən 860 manat deyil, qəbz nəzərə alınmaqla 560 manat ödənişin edilməsini qəbul edir. Bu səbəbdən 3230 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.(3790-560=3230)
18. Məhkəmə cavabdehin nümayəndəsinin onların fəaliyyətinin dayandırılması barədə dəlillərini əsassız hesab edir. Belə ki, təqdim edilmiş arayışla müəyyən olunur ki, cavabdeh fəaliyyətini- məhkəmə prosesi gedən dövrdə- xx.xx.2025-ci ildə dayandırmışdır.
19. Mülki Məcəllənin 1124.2-ci maddəsinə əsasən yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılır. Pensiyaçıların 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 199 manat, 2024-cü il üçün 222 manat, 2025-ci il üçün isə 232 manat müəyyən edilmişdir. Göründüyü kimi, qanunverici də zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarının yaşayış minimumunun artımına mütənasib surətdə artırıldığını müəyyən etmiş, 2024, 2025-ci illər üçün həmin məbləğ artmışdır.
20. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya aylıq müavinət qaydasında hesablamanın aparılmasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” qaydalarının İİİ bəndinə əsasən (Aylıq müavinətin məbləği bəndi) bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aşağıdakı məbləğlərdə aylıq müavinət verilir: 3.1.1. peşə əmək qabiliyyəti itirildikdə – minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq); 3.1.2. həlak olduqda – minimum aylıq əmək haqqı məbləğində. Aylıq müavinəti seçmək hüququ adlanan İV bənddə qeyd olunmuşdur ki, bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrindən istehsalat qəzası və yaxud peşə xəstəliyi üzrə, eləcə də bu səbəbdən ailə başçısını itirməyə görə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə müvafiq qaydada aylıq müavinət almaq hüququna malikdirlər. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvü, yaxud himayəsində olan digər şəxs aylıq ödəncin əvəzinə aylıq müavinət almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinət təyin edən orqana ərizə ilə müraciət edir və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müvafiq müqavilə bağlayır. Aylıq müavinəti almaq üçün müraciət olunmadıqda, aylıq ödənc təqsirkar müəssisə tərəfindən mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
21. Yəni, aylıq ödənc əvəzinə müavinətin verilməsi üçün sağlamlığı pozulmuş işçi ərizə ilə müvafiq orqana müraciət etməlidir. Müəssisə öz təşəbbüsü ilə aylıq ödəncin müavinətlə əvəz edilməsi barədə qərar qəbul edə və ödənişi müavinət kimi həyata keçirə bilməz.
22. Məhkəmə gecikdirilmiş vaxt üçün dəbbə pulunun cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, hazırda müəssisə fəaliyyətini dayandırmış, məhkəməyə işçilərə ödənilən məbləğlərlə bağlı təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, işçilərə əmək haqqının cüzi hissəsi ödənilir. Qeyd olunmalıdır ki, müəssisə iddiaçıya ödəmələri tam dayandırmamış, müavinət ödəməli olmasına istinad edərək ödənişlər etmişdir. Hazırki vəziyyətdə dəbbə pulunun cavabdehdən tələb olunması əsassızdır.
23. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 60 manat rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.
25. Mülki iş üzrə iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı barədə xəbərdar edilmələri ilə bağlı xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli sifarişli poçt göndərişləri göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 7.2 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan 7.2 manatdan ibarət həmin məhkəmə xərci Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 3230 (üç min iki yüz otuz) manat pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində rüsum Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. 7.2 (7 manat 20 qəpik) manatdan ibarət məhkəmə xərci Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülsaba Ağayeva.