Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2464/2023 16.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon İcra Hakimiyyətinə qarşı mənzilin faktiki sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İmişli şəhəri Aşıq Ələsgər küçəsi 20 saylı binanın 1 saylı mənzilinin faktiki sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, aztəminatlı ailə qrupuna daxildir və uzun müddətdir ki, ailəsi ilə birlikdə İmişli şəhəri, Aşıq Ələsgər küçəsi, bina 20 mənzil 1 ünvanında yaşayır. Mənzilin kommunal xidmət haqlarını, qaz və işıq pullarını özü ödəyir və bu barədə rəsmi sənədləri var. O, uzun müddət yaşadığı mənzilə sosial kirayə müqaviləsi bağlanmasından ötrü İmişli Rayon İcra Hakimiyyətinə ərizə vermişdir. İmişli Rayon İcra Hakimiyyətinin 17 noyabr 2022-ci il tarixli cavab məktubunda göstərilir ki, həmin mənzilin əvvəlki yaşayışçısı barədə məlumat olmadığından və əvvəlki yaşayışçının adına mənzildən istifadəyə dair verilmiş sənəd olmadığından həmin mənzilə sosial kirayə müqaviləsinin bağlanması mümkün deyildir. O, 27 ildirki ailəsilə həmin mənzildə yaşayır. Həyat yoldaşı Qarabağ müharibəsində polis əməkdaşı kimi iştirak etmiş və vəfat etmişdir. Üç ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. İmişli Mənzil Kommunal X1 xx.xx.2023-cü il tarixli, 182 saylı arayışı ilə təsdiq olunur ki, o, mərhum həyat yoldaşı X8 ilə birlikdə 1998-ci ildən həmin mənzildə yaşamışdır.
3. İmişli Mənzil Kommunal X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 182 nömrəli arayışa əsasən mərhum X8 arvadı Ərizəçi ilə birlikdə İmişli şəhəri, Aşıq Ələsgər küçəsi ev 20, mənzil 1 ünvanında 1998-ci il tarixdən 2017-ci il tarixədək yaşamışdır.
4. İmişli Mənzil Kommunal X1 xx.xx.2023-cü il tarixli, 64 nömrəli məktubu ilə müəyyən olunur ki, İmişli şəhəri, Aşıq Ələsgər küçəsi ev 20, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsi X3 məxsus olub, sonra qardaşı X6 verib. X4 ilə əlaqə saxlandıqdan sonra məlum olmuşdur ki, o, sözügedən mənzili qardaşı X7 müvəqqəti yaşamaq üçün vermişdir.
5. İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 197 nömrəli məktubla müəyyən olur ki, İmişli rayonu, Sarıxanlı kənd sakini X5 İmişli şəhəri, Aşıq Ələsgər küçəsi 20 nömrəli evin 1 nömrəli mənzilin sənədləri ilə bağlı araşdırmalar zamanı vətəndaşların adına hər hansı bir sənəd aşkarlanmamışdır.
6. Maraqlı şəxs tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Ərizəçi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı çəxsə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.
9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
10. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
11. Maddə 307.2.6. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının;
12. Maddə 309.2. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir.
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
17. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
18. Məhkəmə Ərizəçi ların izahatnı dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmamalıdır.
19. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ərizəçi ailəsi ilə birlikdə faktiki surətdə İmişli şəhəri, Aşıq Ələsgər küçəsi, bina 20 mənzil 1 ünvanında yaşayır və mənzilin kommunal xidmət haqlarını ödəyir.
20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il qərarına əsasən məhkəmələrə izah edilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
21. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.
22. Həmin qərarla məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır.
23. Ərizəçi məhkəmə iclasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu əsaslandıra bilməmiş, lazımi sənədləri ala bilməməsinin mümkünsüzlüyünü təsdiq edən sübutlar təqdim etməmiş, daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmaması barədə heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
24. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
26. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, ərizə əsasız olduğundan təmin edilməməlidir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinə qarşı mənzilin faktiki sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev