Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-256/2024 11.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: doğumun qeyd edilməsi faktının müəyyən edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı ərizəçinin qızı X4 22 yanvar 2004-cü tarixində İmişli şəhərində anadan olması faktının müəyyən edilməsi, doğum sənədi verilərkən doğum yeri İmişli şəhəri, atası X5, anası Ərizəçi yazılması barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. Ərizəçi maraqlı şəxsə qarşı ərizəçinin qızı X4 22 yanvar 2004-cü tarixində İmişli şəhərində anadan olması faktının müəyyən edilməsi, doğum sənədi verilərkən doğum yeri İmişli şəhəri, atası X5, anası Ərizəçi yazılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 02 iyun 1995-ci ildə X5 ilə rəsmi nigah münasibətinə girərək evlənmişdir. Həyat yoldaşı xx.xx.2003-cü ildə xəstəlikdən vəfat etmişdir. Mərhum həyat yoldaşı X5 ilə birgə nigahlarından 22 yanvar 2004-cü il tarixində ev şəraitində X7 adlı qızı anadan olmuşdur. Həyat yoldaşı vəfat etdiyindən eyni zamanda ərizəçi özü də uzun müddət xəstəxanalarda müalicə olunduğundan qızına vaxtında doğum haqqında şəhadətnamə götürə bilməmişdir. Hazırda ərizəçi qızına doğum haqında şəhadətnamə almaq üçün maraqlı şəxsə müraciət etmişdir. Maraqlı şəxs bildirmişdir ki, doğum haqqında tibbi sənəd olmadığından həmin fakt məhkəmə qaydasında müəyyən olunmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında şahid X6 ifadəsindən bildirdi ki, ərizəçini tanıyır, bir-birlərinin evinə gedib-gəlirdilər. X9 uşağıdır, 2004-cü il təvəllüdlüdür. Uşağı balaca vaxtı görmüşdür.
7. Məhkəmə iclasında şahid X2 ifadəsindən bildirdi ki, Arzu xx.xx.2004-cü il tarixdə doğulmuşdur. Uşaq doğulanda görmüşdür.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-16- 5/69-487 nömrəli arayışdan görünür ki, X5 ilə Ərizəçi arasında xx.xx.1995-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında qeyd kitabında 118 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Namazova” soyadı verilmişdir.
11. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-16- 5/69-479 nömrəli arayışdan görünür ki, X5 xx.xx.2003-cü il tarixdə ölmüşdür.
12. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Doğumun qeydə alınmasından imtina haqqında rəydən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq olunmuş "Vətəndaşlı vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"-nın 2.5.3 maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər tərəfindən qeydiyyat orqanına doğum faktını, vaxtını və yerini təsdiq edən tibbi şəhadətnamə təqdim etməlidir. Həmin qaydaların 2.6 bəndinə əsasən doğum haqqında tibbi şəhadətnamə olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Uşağın doğulması faktını müəyyən edən tibbi şəhadətnamə olmadığına görə 22 yanvar 2004-cü ildə doğulmuş "qadın” cinsli övladın doğumunun qeydə alınmasından imtina edilmişdir.
13. İmişli Rayon İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli 5-53-3/2-447/2024 saylı rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2024-cü il tarixində Ərizəçi yaşadığı İmişli şəhəri, ünvan 1 ünvanına getmiş, onu tanıyanların və qohumların iştirakı ilə akt tərtib edilmişdir. Onların dediklərinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X1 Sədaqət İbrahim qızının övladıdır və birlikdə həmin ünvanda yaşayırlar.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
15. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
16. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin qızının şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin tibbi şəhadətnamə olmadığına görə imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
17. Eyni zamanda, ərizəçi qızının doğum haqqında şəhadətnaməsinin verilməsi üçün maraqlı şəxsə müraciət etmiş, orada isə tibbi şəhadətnamə olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
18. Məhkəmə hesab edir ki, ərizəçinin qızı X7 həqiqətən xx.xx.2004-cü il tarixdə İmişli şəhərində doğulması, atasının X5, anasının Ərizəçi olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir.
19. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin qızının doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Arzunun doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi, qızının adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən X4 xx.xx.2004-cü il tarixdə İmişli şəhərində doğulması, atasının X5, anasının Ərizəçi olmasına dair doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir.
VI. Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. X4 22 yanvar 2004-cü ildə İmişli şəhərində doğulmasının qeyd edilməsi faktı, atasının X5, anasının isə Ərizəçi olduğu müəyyən edilsin. Qətnamə 22 yanvar 2004-cü il təvəllüdlü X4 adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev