Məhkəmə qərarları › İş №2(036)-257/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-257/2024

05.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-257/2024 05.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki mübahisə (açar sözlər: mülkiyyət hüququ, torpaq sahəsindən çıxarılma) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehə iddiaçının ailəsinə məxsus torpaq sahəsindən qanunsuz istifadə etməsinin qarşısının alınması, torpaq sahəsindən çıxarılması və onun qanuna zidd hərəkətlərinə son qoyulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehə iddiaçının ailəsinə məxsus torpaq sahəsindən qanunsuz istifadə etməsinin qarşısının alınması, torpaq sahəsindən çıxarılması və onun qanuna zidd hərəkətlərinə son qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İmişli rayonunun Aranlı kəndində faktiki olaraq ailəsinin mülkiyyətində 1.4977 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi müvafiq olaraq iddiaçının adına sənədləşdirilmişdir, torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir və Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində 92 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmaqla çıxarışı da vardır. Lakin cavabdeh iddiaçının ailəsinə məxsus olan həmin torpaq sahəsini zəbt etmiş və faktiki olaraq istifadə etməsinə imkan vermir. Cavabdeh iddiaçıya məxsus torpaqdan istifadə edir və iddiaçının mülkiyyətində olan torpaqdan istifadə etməsinə mane olaraq mülkiyyət hüququnu pozur. Odur ki, iddiaçı cavabdehin, ona və onun ailəsinə məxsus olan torpaq sahəsindən qanunsuz istifadə etməsinin və iddiaçının oradan istifadə etməsinə yaratdığı maneəyə görə onun qanunsuz hərəkətlərinin qarşısının alınmasını istəyir. İddiaçı dəfələrlə mütəmadi olaraq aidiyyatı orqanlara müraciət etməsinə baxmayaraq ona heç bir köməklik etmirlər.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

9. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. **********93 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İmişli rayonu, Aranlı kəndində yerləşən 1,4977 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə pay üzrə iddiaçının və qeyrilərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

11. **********76 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İmişli rayonu, Aranlı kəndində yerləşən 0,8986 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/6786 nömrəli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023 il tarixli, **********93 reyestr nömrəli çıxarışa və B 023556 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan, İmişli rayonu Aranlı kəndində yerləşən 1.4977 ha (JN:599-1.50 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2 X3 (TEKUİS-ə) əsasən sərhədləri naturada müəyyən edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021 il tarixli, **********76 reyestr nömrəli çıxarışa və AA 616329 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan imişli rayonu Aranlı kəndində yerləşən 0.8986 ha (JN:598-0.90 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2 X3 (TEKUİS-ə) əsasən sərhədləri naturada müəyyən edilmişdir. İddiaçı oğlunun iddia etdiyi mübahisəli 0.45 ha torpaq sahəsi xx.xx.2023 il tarixli, **********93 reyestr nömrəli çıxarışa və B 023556 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan, İmişli rayonu Aranlı kəndində yerləşən 1.4977 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir və Cavabdeh tərəfindən istifadə olunur. Qeyd edilən torpaq sahələrinin və İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan, 1,4977 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunan 0.45 ha hissəsinin ərazisi mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir.

13. Məhkəmə hesab edir ki, iddiaçının bu iddiası onun qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının müdafiəsindən irəli gəlir.

14. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkivyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

16. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

18. Həmçinin məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülkiyyət hüququnun ümum bəşəri dəyərlər sırasında olması qəbul edilmiş bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmışdır.

19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «lnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı protokolunun l-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».

20. «İnsan hüquqları haqqında Ümumi Bəyunnamə»nin 17-ci maddəsinə əsasən, hər bır insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

21. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlarda "mülkiyyət" hüquqları sayıla bilər,

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

23. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

24. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1 -ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

25. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh, iddiaçıya məxsus 1.4977 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,45 ha hissəsini özbaşına zəbt etməklə qanunsuz sahibliyinə keçirmiş və oradan istifadə edir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələrinin tələblərinə əsasən iddiaçıya məxsus 1.4977 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz sahibliyə keçirilmiş 0,45 ha hissəsi iddiaçıya geri qaytarılmaqla iddia təmin edilməlidir.

26. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

27. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

VI. Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İmişli rayonu, Aranlı kəndində yerləşən İddiaçı və onun ailəsinin mülkiyyətində olan 1.4977 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,45 ha hissəsindən Cavabdeh çıxarılsın, Cavabdeh həmin torpaq sahəsindən qanunsuz istifadə etməsinin qarşısı alınsın və onun qanuna zidd hərəkətlərinə son qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar