Məhkəmə qərarları › İş №2(036)-261/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-261/2025

24.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-261/2025 24.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, habelə onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbin nümayəndəsi - direktoru Cavabdeh1, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin direktoru Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 50 nömrəli əmrinin ləğv edilməsi, habelə bu barədə elektron sistemdə müvafiq düzəlişin edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi, Cavabdeh1 qanunsuz hərəkətləri ilə bağlı ona dəyən mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində kompensasiyanın cavabdehdən tutulması və mediasiyada iştirakla bağlı çəkdiyi 60 (altmış) manat məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsi bərpa qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə vəsatətlə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin də cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir, ərizə icraata qəbul edilmiş və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbin 50 saylı, xx.xx.2024-cü il tarixli əmri ilə əsassız və qanunsuz olaraq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən işə bərpa olunmağı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Aşağıda qeyd olunan işin faktiki halları və hüquq normalarının təhlili əmək müqaviləsinə qanunsuz formada xitam verildiyini, iddia tələbinin əsaslı olduğunu, iddia tələbinin təmin edilməməsinin zəruri olduğunu təsdiq etməkdədir. Məlum olduğu kimi 16 sentyabr 2024-cü il tarixdən etibarən ölkədə məktəblərdə, o cümlədən çalışdığı İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbdə 2024-2025-ci tədris ili üzrə dərslər başlamışdır və o da həmin məktəbdə ibtidai sinif müəllimi olaraq çalışmışdır. Eyni zamanda 82 saylı X5 üzrə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə bağlı xx.xx.2024-cü il tarixində deputatlığa namizəd kimi qeydə alınmışdır. İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbin direktoru Cavabdeh1 tələb və təkidləri ilə 16 sentyabr 2024-cü il tarixində müəllimi olduğu sinifə dərs tədris etmək üçün məktəbə getmişdir. Məktəbin binası istismara yararsız olduğu üçün, onun yerində 2 ildir ki, yeni məktəb binası inşa olunurdu. Köhnə bina söküldüyünə görə, əvvəlki tədris ilində dərslər müvəqqəti olaraq Aranlı kəndində yerləşən 2 saylı məktəbdə tədris olunurdu. Məktəb təmirə bağlandıqdan sonra 2 il idi ki, böyük həvəslə yeni məktəb binasının açılışını gözləyirdi və dərsləri şagirdlərinə təmirli və yaxşı şəraiti olan bir məktəbdə tədris etmək üçün səbirsizlənirdi. xx.xx.2024-cü il tarixində Mərkəzi Seçki Komissiyasında olan zaman direktor Cavabdeh1 ona zəng edərək işə gəlməyi tələb etmiş, o, ona bu barədə ərizə yazdığını bildirdiyi zaman ona “bu işin axrı yaxşı olmayacaq, mən sənin ərizəni qəbul etmirəm” demiş və onu təhdid etmişdir. O, isə bununla bağlı DİN-in Qaynar Xətti olan 102 nömrəsinə şikayətini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixində məktəb direktoru Cavabdeh1 tərəfindən bütün müəllimlərə yeni məktəbin açılışı olmadığından dərslərin bir neçə gün daha digər məktəbdə tədris olunacağı ilə bağlı “Whatsapp” tətbiqi üzərindən səsli mesaj göndərilsə də, ona bu barədə qərəzli şəkildə heç bir məlumat verilməmişdir. Yalnız daha əvvəl - senytabr ayının 1-də Cavabdeh1 onunla danışan zaman öz məktəbinə (Y.Sadatxanov adına 1 saylı tam orta məktəbə) gəlməli olduğunu bildirmişdir. Odur ki, xx.xx.2024-cü il tarixində başqa məktəbə getməli olduğu ilə bağlı məlumatı olmadığından, eyni zamanda dərslərin inşası başa çatmış yeni məktəb binasında tədris olunacağı güman etdiyindən şagirdlərini oraya gəlməyə dəvət etsə də, Cavabdeh1 tələbi ilə məktəbin qapıları bağlanılmış və şagirdlərində birlikdə binaya daxil olmağına icazə verilməmişdir. Məktəbə daxil olmağına icazə verilmədiyindən, həmçinin şagirdləri ilə birlikdə digər məktəbə getmək üçün uzun məsafə qət etməli olduğundan, yolda kifayət qədər vaxt itirəcəyini də nəzərə alaraq, məktəbin həyətində yerə xalça sərərək şagirdlərinə dərs keçməyə məcbur olmuşdur. Cavabdeh1 onun bu davranışını əsassız və qərəzli şəkildə Əmək Məcəlləsinin, “Ümumi təhsil haqqında” Qanunun və Təhsilverənlərin etik davranış Qaydalarının müddəalarının pozulması kimi qiymətləndirərək əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 17 sentyabr 2024-cü il tarixli, 50 nömrəli əmr vermişdir. Qeyd etmək yerinə düşər ki, əmrdə İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin rəyinin alınması göstərilsə də, həmin rəy ona təqdim edilməmiş, habelə əmrdə rəyin mahiyyətinin nədən ibarət olması göstərilməmişdir. Baş verən mübahisə ilə bağlı ilkin mediasiya sessiyasında iştirakla bağlı qarşı tərəfə təklif göndərilsə də də, cavabdeh mediasiyada iştirak etməmişdir. Hesab edir ki, Cavabdeh1 tərəfindən verilən əmr əsassız və qanunsuz olduğundan hazırkı iddia tələbi təmin olunmalıdır. İşin faktiki hallarından da məlum olduğu kimi 82 saylı X5 üzrə AR Milli Məclisinə seçkilərlə bağlı xx.xx.2024-cü il tarixində deputatlığa namizəd kimi qeydə alınmışdır və seçkilərin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixində təsdiq edilmişdir. Həmin müddət aralığında Seçki Məcəlləsinin 70.3-cü maddəsinə müvafiq olaraq heç bir halda işdən çıxarıla bilməz. Odur ki, Cavabdeh1 əmək müqavilənin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 50 nömrəli əmri Seçki Məcəlləsinin müvafiq müddəası ilə ziddiyət təşkil etdiyindən qanunsuz hesab olunmalıdır. Bu da öz növbəsində qanunsz əmrin ləğv edilməsini şərtləndirməkdədir. Bundan başqa, adı çəkilən əmrdə qeyd olunur: “xx.xx.2024-cü il tarixdə saat 5:00 radələrində İddiaçı sinif rəhbəri olduğu 3b sinfinin şagirdlərini yeni tikilmiş (açılışı həyata keçirilməmiş) İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin həyətinin giriş qapısından çöldə, yerdə əyləşdirirərək şagirdlərin hüquqlarının pozulmasına cəhd göstərmiş, onların sağlamlığı və təhlükəsizliyinin risk altına atılmasına səbəb olmuş, rəhbərliyin verdiyi qanuni göstərişlərə məhəl qoymadan şagirdləri təhsildən yayındırmışdır”. Bildirir ki, əmrdə şagirdlərin sağlamlıq və təhlükəsizliyinin risk altına qoyulmasının nədə ifadə olunduğu göstərilməmişdir. Çünki şagirdlərin sağlamlıq və Təhlükəsizliyinə qarşı hər hansı bir risk olmamışdır və bu səbəbdən Cavabdeh1 qərəzli şəkildə ümumi cümlələrdən istifadə etməklə sanki təhlükə varmış kimi təəssürat yaratmağa çalışmışdır. Digər bir məsələ isə əmrdə şagirdləri təhsildən yayındırmağı qeyd edilib. Digər bir məsələ isə əmrdə şagirdləri təhsildən yayındırmağı qeyd edilib. Lakin bunun da nədə ifadə olunduğu göstərilməmişdir. Qeyd edir ki, adıçəkilən qanunsuz əmrdə həm də Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin, “Ümumi təhsil haqqında” Qanunun 22.2.1-ci və 23.3.8-ci maddələrinin, habelə Təhsilverənlərin etik davranış Qaydalarının 2.3.1-ci, 2.3.2-ci, 4.3-cü və 4.4-cü bəndlərinin müddəalarını kobud şəkildə pozduğu qeyd edilmişdir. İlk növbədə Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə münasibətdə bildirir ki, onu tanıyan, tanımayan hər kəs işinə necə məsuliyyətlə yanaşmağına bələddir. Daim şagirdlərinin inkişafı üçün çalışan, onların gələcəkdə cəmiyyət üçün yararlı fərdlər kimi yetişməsi üçün əlindən gələni əsirgəməyən bir müəllim olaraq əmrdə əmək funksiyalarını vicdanla yerinə yetirməməyinin qeyd edilməsi uydurma olmaqla, onun işgüzar nüfuzuna da xələl gətirir. Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndinə və “Ümumi təhsil haqqında” Qanunun 22.2.1-ci maddəsinə münasibətdə qeyd etmək lazımdır ki, sentyabr ayının 16-sı bütün gün ərzində hava isti olub. Digər tərəfdən, dərs tədrisi prosesində və praktikasında şagirdlərə “açıq günəş altında” açıq dərslər keçirilməsi kimi pedoqoji üsullar mövcuddur, digər müəllimlər kimi o da əsasən isti havalarda dəfələrlə bu metodlardan istifadə etmişdir. Bundan əlavə, AR Prezidentinin sərəncamı ilə 2024-cü ilin “yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını, habelə bu il ölkəmizdə “COP-29” X8 kimi diqqətəlayiq bir tədbirin keçiriləcəyini nəzərə alsaq, onun 16 sentyabr 2024-cü il tarixində şagirdlərinə keçdiyi dərs “insan- təbiət” əlaqəsi, onlarda ekoloji şüurun və mədəniyyətin formalaşmasına təsir baxımından tam yerindədir, aktualdır, müasir dövrün çağırışlarına da cavab verir. Belə olan halda, nə şagirdlərin sağlamlıq və təhlükəsizliyinin risk altında olması, nə şagirdlərin təhsildən yayındırılması, nə də hər hansı qanuni göstərişə zidd hərəkət etməyindən, habelə əmək intizamını pozmağından söhbət belə gedə bilməz. “Ümumi təhsil haqqında” Qanunun 23.3.8-ci maddəsinə və Təhsil verənlərin etik davranış Qaydalarının 2.3.1-ci, 2.3.2-ci, 2.7.1-ci, 4.3-cü və 4,4-cü maddələrinə münasibətdə isə bildirir ki, heç bir halda hərəkətləri etik davranış Qaydalarına zidd olmamışdır və daim bu Qaydaların müddəalarını əldə rəhbər tutmuşdur. Qeyd edilən müddəalaradan elə görünür ki, etik davranış Qaydalarını pozaraq guya dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələr irəli sürmüş, çıxışlar etmişdir. Bununla bağlı Təhsilverənlərin etik davranış Qaydalarının 2.3.1-ci bəndində istisna müəyyən edilmişdir ki, təhsil verən dövlət orqanlarının, oların rəhbərlərinin qanunsuz fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələr irəli sürüb çıxışlar edə bilər. Sosial şəbəkələrdən də məlumdur ki, onun çıxışları, onsuzda, qanunsuz fəaliyyətlə bağlıdır, hər şey qanunauyğun olsa idi, çıxışlar etməyinə ehtiyac qalmazdı, əksini düşünmək isə sadəcə absurddur. Digər bir məsələ isə guya sosial şəbəkələrdə işlədiyi məktəbin adına xələl gətirən, nüfuzunu aşağı salan paylaşımlar etmişdir. Qeyd etmək istəyir ki, bu tamamilə uydurma bir iddiadır. Onun paylaşımları əksinə məktəbin daha da yaxşı olması, təhsilin keyfiyyətinin artırılması, şagirdlər üçün əlverişli şərait yaradılması istiqamətində olmuşdur. Özü dəfələrlə məktəbin təmir olunması, şəraitinin yaxşılaşdırılması ilə bağlı icra başçısının qəbulunda olmuşdur. Daim işlədiyi müəssisənin mənafeyi, onun adının ucaldılması istiqamətində əlindən gələnin ən yaxşısını edən bir müəllimin əslində paylaşımları ilə etik davranış qaydalarını pozduğunu iddia etmək, əlbəttə ki, inandırıcı deyil. Bildirmək istəyir ki, qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi, özü də xitam əsası qismində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin qeyd edilməsi, bunlar azmış kimi heç bir sübut olmadan guya Təhsilverənlərin etik davranış Qaydalarını pozmağım təəssüratı yaradılması onda dərin sarsıntılara yol acmış, mənəvi iztirablar çəkməyinə səbəb olmuşdur. Çünki, onun kimi işinə vicdanla yanaşan bir müəllimə qarşı bu cür davranış sərgilənməsi ölkəmizdə təhsilə, təhsilverənə olan hörməti təcəssüm etdirir. Vəziyyətin bu cür olması onu məyus edir, gələcəyə olan pozitiv inamını sorğulamağına səbəb olur. Onunla oxşar taleyi paylaşan insanları düşündükcə, çəkdiyi mənəvi "işgəncələrin” ağrıları daha da kəskinləşir. Ümumiyyətlə, heç kəs bu cür qanunsuz əməllərə görə əzab çəkməməlidir. Odur ki, Cavabdeh1 tərəfindən qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi işsiz qalmağına, ən əsası isə sevimli şagirdlərindən uzaq düşməyinə səbəb olmuş, nəticədə cavabdeh tərəfindən ona mənəvi ziyan vurulmuşdur. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin direktoru Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 50 nömrəli əmrinin ləğv edilməsi, habelə bu barədə elektron sistemdə müvafiq düzəliş edilməsi, İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunması və xx.xx.2024-cü il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi iş buraxmaya görə orta aylıq əmək haqqı hesablanaraq ona ödənilməsi, Cavabdeh1 qanunsuz hərəkətləri ilə bağlı ona dəyən mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində kompensasiya cavabdehdən tutularaq ona ödənilməsi və mediasiyada iştirakla bağlı çəkdiyi 60 (altmış) manat məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddia əsassızdır, hazırda İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbində direktor vəzifəsində çalışır. İddiaçı xx.xx.2024-cü il tarixində məktəbin həyətində yerə xalça sərərək şagirdlərinə dərs keçmişdir. O, həmin tarixdə yeni məktəb binasında dərs olmayacağı barədə məlumatlı olmuşdur. Ona görə də İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 17 sentyabr 2024-cü il tarixdən ləğv edilmişdir. İddiaçı ilə son haqq-hesabın aparılması və əmrin surətinin İddiaçı göndərilməsi təmin edilmişdir. Odur ki, iddia əsassız olduğundan iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil- Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X9 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixində məktəbin həyətində yerə xalça sərərək şagirdlərinə dərs keçmişdir. O, həmin tarixdə yeni məktəb binasında dərs olmayacağı barədə məlumatlı olmuşdur. Ona görə də İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 17 sentyabr 2024-cü il tarixdən ləğv edilmişdir. İddiaçı ilə son haqq-hesabın aparılması və əmrin surətinin İddiaçı göndərilməsi təmin edilmişdir. Odur ki, iddia əsassız olduğundan iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 50 nömrəli əmrindən görünür ki, İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin tikinti ilə əlaqədar xx.xx.2024-cü il tarixdə məktəbin pedaqoji prosesinin ikinci növbədə yaxınlıqda yerləşən İmişli rayon Aranlı kənd N.Əsədov adına 2 nömrəli tam orta məktəbdə həyata keçirilməsi ilə bağlı məktəb rəhbərliyi tərəfindən xx.xx.2024-cü il tarixdə müəllimlərə məlumat verilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində İddiaçı sinif rəhbəri olduğu 3b sinfinin şagirdlərini yeni tikilmiş (açılışı həyata keçirilməmiş) İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin həyətinin giriş qapısından çöldə, yerdə əyləşdirərək şagirdlərin hüquqlarının pozulmasına cəhd göstərmiş, onların sağlamlığı və təhlükəsizliyinin risk altına atılmasına səbəb olmuş, rəhbərliyin verdiyi qanuni göstərişlərə məhəl qoymadan, şagirdləri təhsildən yayındırmışdır. Müəllim qeyd olunanlarla kifayətlənməmiş, bu prosesi özünün “Tiktok” sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq, şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etmişdir. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ‘a və b bəndlərinin, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2.1-ci və 23.3.8-ci maddələrinin, “Təhsilverənlərin etik davranış qaydaları”nın 2.3.1-ci. 2.3.2-ci, 2.7.1-ci, 4.3-cü və 4.4-cü bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Beləliklə, İddiaçı özünün əmək fuksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsi və “Təhsilverənlərin etik davranış qaydaları”nın 5.2.4-cü və 5.2.6-cı bəndlərini rəhbər tutaraq, əmr edilmişdir ki, İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 17 sentyabr 2024-cü il tarixdən ləğv edilsin. İddiaçı ilə son haqq-hesabın aparılması təmin edilsin. Əmrin surətinin İddiaçı göndərilməsi təmin edilsin. Əsas: İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli 1 nömrəli protokolundan çıxarış və təsdiqedici məlumatlar. - İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 137 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsi üzrə sizinlə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 50 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin surəti və əmək kitabçanızın təqdim olunması məqsədi ilə xx.xx.2024-cü il tarixdə ona məxsus mobil telefon nömrəsi ilə (***-***-**-**) 2 dəfə əlaqə saxlanmış, lakin zənglər tərəfinizdən cavablandırılmamışdır. Bundan başqa həmin tarixdə “WhatsApp” proqram tətbiqi vasitəsi ilə sizə yazılı məlumat göndərilmişdir. Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq əmrin surəti və əmək kitabçanızın əsli aidiyyəti üzrə sizin ünvana göndərilir.” - İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 150 nömrəli məktubundan görünür ki, İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin sabiq ibtidai sinif müəllimi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun, “Təhsilverənlərin etik davranış qaydaları”nın tələblərinin tərəfinizdən kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Vətəndaş İddiaçı müraciətinə əsasən İmişli Rayon Məhkəməsində icraatda olan 2(036)-25 1/2024-002 nömrəli iş üzrə o, cavabdeh qismində cəlb olunmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsini rəhbər tutaraq cavabdeh qismində fiziki şəxs deyil İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli məktəbin, maraqlı şəxs qismində isə Mil-Muğan Regional Təhsil İdarəsinin cəlb olunması xahiş edilmişdir. - İddiaçı məxsus əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən xanasında “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi”, VÖEN xanasında ********** sözləri qeyd edilmişdir. - İddiaçı yazılı izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində 82 saylı X5 üzrə deputatlığa namizəd kimi qeydə alınmışdır və seçkilərin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixində təsdiq edilmişdir. Həmin müddət aralığında Seçki Məcəlləsinin 70.3-cü maddəsinə müvafiq olaraq heç bir halda işdən çıxarıla bilməzdim. Odur ki, Cavabdeh1 əmək müqaviləmin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli, 50 nömrəli əmri Seçki Məcəlləsinin müvafiq müddəasına zidd olduğundan qanunsuz hesab edilməlidir. Onu da bildirir ki, Cavabdeh1 əmək müqaviləsinə xitam verildiyini xx.xx.2024cü il tarixində, saat 20:38-də ismarıc vasitəsilə ona bildirmişdir. Həmçinin ismarıcda əmək kitabçası sabah gedib götürə biləcəyini də qeyd etmişdir. Burada iki məsələyə, xüsusilə, diqqət yetirmək lazımdır. Birincisi, müqaviləsinə xitam verilməsi barədə məlumat ona iş saatlarından sonra verilmişdir. İkincisi, Əmək Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Odur ki, Cavabdeh1 ona əmək müqaviləsinə xitam verilməsi barədə gec məlumat verməsi ilə yanaşı, əmək kitabçası da gec təqdim etməsi hüquqlarının pozulmasından başqa bir şey deyildir. Əmrin məzmununa gəldikdə isə əmrdə qeyd edilir: “xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində İddiaçı sinif rəhbəri olduğu 3b sinfinin şagirdlərini yeni tikilmiş (açılışı həyata keçirilməmiş) İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin həyətinin giriş qapısından çöldə, yerdə əyləşdirirərək şagirdlərin hüquqlarının pozulmasına cəhd göstərmiş, onların sağlamlığı və təhlükəsizliyinin risk altına atılmasına səbəb olmuş, rəhbərliyin verdiyi qanuni göstərişlərə məhəl qoymadan şagirdləri təhsildən yayındırmışdır”. Lakin əmrdə şagirdlərin sağlamlıq və təhlükəsizliyinin risk altına qoyulmasının nədə ifadə olunduğu göstərilməmişdir. Çünki şagirdlərin sağlamlıq və təhlükəsizliyinə qarşı hər hansı bir risk olmamışdır və bu səbəbdən Cavabdeh1 qərəzli şəkildə ümumi cümlələrdən istifadə etməklə sanki təhlükə varmış kimi təəssürat yaratmağa çalışmışdır. Əksinə, məktəb rəhbərliyinin səhlənkarlığı səbəbindən hazırda şagirdlərin sağlamlığına zərər vurulması ehtimalı vardır. Belə ki, məktəbdə istilik sistemi 2024-cü ilin noyabr ayının 15-dən verilməli olduğu halda, istilik sistemindəki nasazlıq və direktorun bu işə laqeyd yanaşması nəticəsində yalnız dekabr ayının 3-də istilik sistemi işə salınıb. Bu müddət ərzində uşaqlar və müəllimlər soyuq otaqlarda dərs keçməli olublar. Bildirir ki, hələ də istilik sistemi tam təmin edilmədiyindən, uşaqlar və müəllimlər dərsdə üst geyimində otururlar. Əmrdə qeyd edilən digər bir məsələ isə şagirdlərin onun tərəfindən təhsildən yayındırılmasıdır. Lakin burada da təhsildən yayındırmanın nədə ifadə olunduğu əsaslandırılmamışdır. Düşünür ki, şagirdlərin təhsildən yayındırılması aşağıdakıları misal çəkə bilərik: - Noyabr ayının 28-dən məktəbdə coğrafiya müəllimi məntəqə sədri olması ilə əlaqədar öz vəzifə öhdəliklərinin icrasından azad olunub. Amma 1 ay ərzində əvəzedici müəllim təyin edilməmişdir. Yəni yeri boş qalıb. İnformatika müəllimi, musiqi müəllimi, təsviri incəsənət müəllimi coğrafiya müəllimini əvəz etmişdir. Yalnız bu məsələ onun tərəfindən ictimailəşdirildikdən sonra dekabr ayının 26-sı əvəzedici coğrafiya müəllimi təyin edilib. Məktəbdə dərs otaqları bağlı saxlanılır. Əmək otağı hələ də açılmayıb. İnformatika otağında dərslər keçirilmir. Otaqlar hazır olsa da, uşaqlara orada dərs keçilməsinə icazə verilmir. Həmçinin 8-ci sinifdən aşağı təhsil alan uşaqlara idman zalına girişə də icazə verilmir. Yalnız yuxarı sinif şagirdlərinə icazə verilir. Məktəbin sanitar qovşağı işləmir, uşaqlar üfunətdən otura bilmirlər, su problemi hələ də həll olunmayıb. Məktəbin yalnız birinci mərtəbəsində su gəlir, ikinci və üçüncü mərtəbələrə su qalxmır. Xadimələr 2 litrlik fanta butulkalarında yuxarı mərtəbələrə su daşımaq məcburiyyətində qalırlar. Məktəbdə yalnız 2024-cü ildən dərsdənkənar məşğələlərin keçirilməsinə başlanıb. Onun övladı doqquzuncu sinifə qədər həmin məktəbdə təhsil alıb və bu müddət ərzində, bir dəfə də olsun, dərsdənkənar məşğələlər keçirilməyib. 2024-cü ilin dekabr ayında monitorinq keçirilib. Lakin monitorinqin nəticələri katibə tərəfindən yoxlanılıb və monitorinq nəticələrinin səhv qiymətləndirilməsi səbəbindən valideynlərdə narazılıq yaranıb. Yalnız bir neçə gün sonra yenidən nəticələr qiymətləndirilərək, valideynlərə bu barədə məlumat verilib. Bütün bu qeyd edilənlərin hamısı məktəb rəhbərliyinin öz işlərinə məsuliyyətsiz yanaşmasını bir daha təsdiq edir. Əmrdə təhsil verənlərin etik davranış qaydalarını pozaraq guya dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələr irəli sürməyi, çıxışlar etməyi məsələsi də öz əksini tapmışdır. Bununla bağlı Təhsilverənlərin etik davranış Qaydalarının 2.3.1-ci bəndində istisna müəyyən edilmişdir ki, təhsil verən dövlət orqanlarının, onların rəhbərlərinin qanunsuz fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələr irəli sürüb çıxışlar edə bilər. Sosial şəbəkələrdən də məlumdur ki, onun çıxışları, onsuzda, qanunsuz fəaliyyətlə bağlıdır, hər şey qanunauyğun olsa idi, çıxışlar etməyinə ehtiyac qalmazdı. Qeyd etmək yerinə düşər ki, bəzi şəxslər qanunsuz fəaliyyətlərinə görə sosial media vasitəsilə onları tənqid etməyinə tolerant yanaşa bilmədiklərindən, məhkəməyə müraciət ediblər. Belə ki, X7 barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işi başlanması məqsədilə xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə şikayət vermişdir. Lakin təhsil sahəsində gördüyü qanunsuz hərəkətlərdən narahat olmağı və bu narahatlığı dilə gətirərək ictimaiyyətə çatdırmağı qanun pozuntusu sayıla bilməz. Odur ki, haqlı olaraq Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-561/2024 saylı qərarı ilə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Oxşar bir hal isə X2 ona qarşı “şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi və pul” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etməsi ilə bağldır. Bu işdə də iddia əsassız olduğunda Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 5192/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Xüsusilə vurğulamaq istəyir ki, onun dövlət orqanlarındakı qanunsuzluqlarla bağlı məsələləri ictimailəşdirməyi, aidiyyəti qurumlara şikayətlər etməyi əsassız və qanunsuz deyildir. Şikayətləri üzrə aparılan araşdırmaların nəticələri onu deməyə əsas verir ki, bir vətəndaş olaraq sadəcə vəzifə borcunu yerinə yetirmiş və buna görə də məsuliyyətə cəlb edilməyi yol verilməzdir. Bu faktlar bir daha təsdiq edir ki, əmrdə Təhsil verənlərin etik davranış Qaydalarına zidd olaraq tənqidi ictimai mülahizələr irəli sürməyi, çıxışlar etməyi məsələsinin qeyd edilməsinin heç bir əsası yoxdur. Bundan başqa, adıçəkilən əmrdə yenə Təhsilverənlərin etik davranış Qaydalarına zidd olaraq guya sosial şəbəkələrdə işlədiyi məktəbin adına xələl gətirən, nüfuzunu aşağı salan paylaşımlar etdiyi göstərilmişdir. Qeyd etmək istəyir ki, bu tamamilə uydurma bir iddiadır. Onun paylaşımları, əksinə, məktəbin daha da yaxşı olması, təhsilin keyfiyyətinin artırılması, şagirdlər üçün əlverişli şərait yaradılması istiqamətində olmuşdur. Özü dəfələrlə məktəbin təmir olunması, şəraitinin yaxşılaşdırılması ilə bağlı icra başçısının qəbulunda olmuşdur. Həmçinin yuxarıda qeyd etdiyi məsələlər də nəinki məktəbin nüfuzunu aşağı salmaq, əksinə, məktəbin mənafeyi üçün əlindən gələn hər şeyi etdiyini bir daha təsdiq edir. Sonda qeyd etmək istəyir ki, Cavabdeh1 tərəfindən qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi işsiz qalmağına, ən əsası isə sevimli şagirdlərindən uzaq düşməyinə səbəb olmuş, nəticədə cavabdeh tərəfindən ona mənəvi ziyan vurulmuşdur. Bildirir ki, o, işdən qanunsuz olaraq çıxarıldıqdan sonra, qızı Nuray hər gün evə ağlayaraq gəlirdi. Buna görə hətta 2-3 gün məktəbə belə getmədi. Davamlı olaraq məktəb rəhbərliyi məktəbə mobil telefon gətirmə bəhanəsi ilə qızının və sinif yoldaşlarının çantasını yoxlayırdı. Digər siniflərdə isə yoxlama aparılmırdı. Nəticədə, məcburiyyət qarşısında qalıb qızını oradan uzaqlaşdırmışdır. Bildirir ki, qızı heç vaxt məktəbə telefon aparmayıb. Lakin rəhbərlik bilərəkdən qızını sıxışdırmışdır. Hətta bir dəfə Cavabdeh1 dərs keçən müəllimə zəng edib çantaları yoxlamağı tapşıran zaman “Nurayın çantasını daha yaxşı yoxlayın” ifadəsini işlədib. (Telefonun səsi açıq olduğu üçün qızı bunu öz qulaqları ilə eşidib.) Bu kimi halların baş verməsi, habelə iddia ərizəsində qeyd etdiyi məsələlər ona cavabdeh tərəfindən vurulan mənəvi zərərdən başqa bir şey deyildir. - Deputatlığa qeydə alınmış namizədin 1 nömrəli vəsiqəsinin surətindən görünür ki, İddiaçı dairə seçki komissiyasının xx.xx.2024-cü il tarixli 15/38 saylı qərarı ilə Azərbaycan Respublikası Milli Məclisində Deputatlığa namizəd kimi qeydə alınmışdır. - İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclasının 1 №-li protokolunundan görünür ki, həmin iclasda qərara alınmışdır ki, məsələ ilə əlaqədar İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədri Yalçın Niftalıyevin məlumatı nəzərə alınsın, iclas iştirakçılarının səs çoxluğu nəzərə alınaraq İmişli əlaqədar İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbin direktoru tərəfindən gğndrilmiş xx.xx.2024-cü il tarixli 135 nömrəli təqmat nəzərə alınsın, təqdimatda göstərilən ciddi nöqsan və çatışmazlıqları, iclas iştirakçılarının rəyi nəzərə alaraq İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı müvafiq intizam tənbehinin verilməsi direktora həvalə edilsin. - Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-561/2024 saylı qərarından görünür ki, İddiaçı Rahim qızına qarşı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmiş, İddiaçı Rahim qızına məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “17 saylı” vəkil bürosunun vəkili X3 ödənilmək üçün sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “17 saylı” vəkil bürosunun hesablaşma hesabına köçürülmüşdür. - Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-5192/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı İddiaçı “Youtube” internet informasiya ehtiyatında yayımlanan “NurayKarimli” səhifəsində “Pulları kim yığırdı? canlı yayımda barəsində dediklərinin onun şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi ilə bağlı olduğundan həmin məlumatların eyni üsulla təkzib edilməsi, ona dəymiş mənəvi zərərin əvəzində 1000 manat pulun və 100 manat xidmət haqqının İddiaçı alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X9 tərəfindən məhkəməyə təqdim edilmiş yaddaş qurğusunda (fləş-kartda) olan audio-video yazıya baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı video çəkiliş apararaq fevral ayından, yəni yeddi aydır ki, yeni məktəb binasının tam hazır olduğunu, amma məktəbin açılışına üç gün qalmış əl-ayağa düşdüklərini, buna görə də onları başqa məktəbə yönəltdiklərini, lakin onun isə başqa məktəbə getməyəcəyini bildirmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə (yaddaş qurğusunda) olan audio-video yazıya baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən şagirdlərə İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin həyətinin giriş qapısından çöldə, yerdə əyləşdirərək, dərs keçmiş və bununla əlaqədar ona irad bildirən Aranlı kənd icra nümayəndəsi ilə mübahisə etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 50 nömrəli əmrinə əsasən xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində İddiaçı sinif rəhbəri olduğu 3b sinfinin şagirdlərini yeni tikilmiş (açılışı həyata keçirilməmiş) İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin həyətinin giriş qapısından çöldə, yerdə əyləşdirərək şagirdlərin hüquqlarının pozulmasına cəhd göstərməsi, onların sağlamlığı və təhlükəsizliyinin risk altına atılmasına səbəb olması, rəhbərliyin verdiyi qanuni göstərişlərə məhəl qoymadan, şagirdləri təhsildən yayındırması və bu prosesi özünün “Tiktok” sosial şəbəkə hesabından canlı videogörüntü paylaşması əsası ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2.1-ci və 23.3.8-ci maddələrinin, “Təhsilverənlərin etik davranış qaydaları”nın 2.3.1-ci. 2.3.2-ci, 2.7.1-ci, 4.3-cü və 4.4-cü bəndlərinin tələblərini kobud şəkildə pozduğu üçün İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 17 sentyabr 2024-cü il tarixdən ləğv edilmişdir. Hazırki iddia tələbini iddiaçı onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində başqa məktəbə getməli olduğu ilə bağlı məlumatı olmamışdır, eyni zamanda dərslərin inşası başa çatmış yeni məktəb binasında tədris olunacağı güman etdiyindən şagirdlərini oraya gəlməyə dəvət etmişdir. Həmçinin o, 2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərdə namizəd kimi qeydiyyat alındığı üçün onunla əmək müqaviləsinə xitam verilə bilməzdi. İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin rəyinin alınması göstərilsə də, həmin rəy ona təqdim edilməmiş, habelə əmrdə rəyin mahiyyətinin nədən ibarət olması göstərilməmişdir. Əmrdə şagirdlərin sağlamlıq və təhlükəsizliyinin risk altına qoyulmasının nədə ifadə olunduğu göstərilməmişdir. Çünki şagirdlərin sağlamlıq və Təhlükəsizliyinə qarşı hər hansı bir risk olmamışdır və bu səbəbdən Cavabdeh1 qərəzli şəkildə ümumi cümlələrdən istifadə etməklə sanki təhlükə varmış kimi təəssürat yaratmağa çalışmışdır. Digər bir məsələ isə əmrdə şagirdləri təhsildən yayındırmağı qeyd edilmişdir. Lakin bunun da nədə ifadə olunduğu göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsasının təşkil edən hallar əmrin ləğv edilməsi üçün əsas deyil. Belə ki, məhkəmə qeyd edir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 20 mart 1952-ci il Paris protokolunun 2-ci maddəsinə (Təhsil hüququ) əsasən heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir. Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyasının 28-ci maddəsinə əsasən uşaq təhsil hüququna malikdir, buna görə də dövlətin vəzifəsi pulsuz və icbari ibtidai təhsili təmin etməkdən, hər bir uşağın ala biləcəyi orta təhsil verilməsini həvəsləndirməkdən, bilik əsasında hamının ali təhsil almaq imkanını təmin etməkdən ibarətdir. Məktəb intizamına uşağın hüquqlarının nəzərə alınması və onun ləyaqətinə hörmət bəslənməsi şərti ilə təmin olunmalıdır. Təhsil uşağın şəxsiyyətinin, istedadının, əqli və fiziki bacarığının inkişaf etdirilməsi, insan hüquqlarına və əsas azadlıqlara, azad cəmiyyətdə sülh, dostluq, anlaşma, tolerantlıq və bərabərlik içində həyata, ətraf mühitə hörmət tərbiyə edilməsinə yönəldilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən: Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən: İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinini “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən: 1.1.27. dərc — seçki komissiyalarının və seçkilərin (referendumun) keçirilməsində iştirak edən digər dövlət orqanlarının seçkilərlə (referendumla) bağlı qərarlarının məlumat lövhələrində yerləşdirilməsi yolu ilə, rəsmi çap, televiziya, radio və ya hamının həmin qərarlarla tanış olmasını mümkün edən digər üsullarla əhalinin nəzərinə çatdırılması və ya elan edilməsidir. 70.1. Qeydə alınmış namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir. İşdən, tədrisdən, xidmətdən azad olunduğu halda, müvafiq seçki komissiyası seçkilərin hazırlanması və keçirilməsi üçün büdcədən ayrılmış vəsait hesabına namizədə onun orta aylıq əmək haqqı (təqaüdü) məbləğində, lakin qanunla müəyyənləşdirilmiş minimum əmək haqqının 20 mislindən çox olmayan haqq ödəməlidir. Qeydə alınmış namizədə pul kompensasiyası əsas iş (təhsil) və ya xidmət yeri üzrə əvəzi ödənilməyən məzuniyyətin verilməsi barədə əmrə əsasən xidməti vəzifədən azad edildiyi dövr üçün ödənilir. 70.2. Qeydə alınmış namizədə bu Məcəllə ilə müəyyən edilmiş nəqliyyat xərcləri onun qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ödənilir. Taksi və sifarişli nəqliyyat reyslərindən istifadə xərcləri ödənilmir. Şəhərkənarı və şəhərlərarası nəqliyyat xərcləri gediş-gəliş biletinin, şəhər nəqliyyatı üçün isə müvafiq müddətdə istifadə edilmiş gediş-gəliş biletlərinin təqdim edilməsi əsasında ödənilir. 70.3. Bu Məcəllənin 70.1-ci maddəsində göstərilən müddətdə qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz və ya razılığı olmadan başqa işə, başqa yerdə işləməyə (oxumağa, xidmət keçməyə) keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz, hərbi xidmətə və ya toplanışa çağırıla bilməz. Qeydə alınmış namizədin seçkilərdə iştirakı müddəti, qeydə alındığı gündən başlayaraq, işlədiyi ixtisas üzrə əmək stajına daxil edilir.

174. Milli Məclisə seçkilər zamanı səsvermənin nəticələrinin və seçkilərin yekunlarının dərc edilməsi qaydaları bu Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir. 109.1. Seçkilərin (referendumun) ilkin nəticələri dairə seçki komissiyası səsvermənin nəticələrinə dair protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə səsvermənin nəticələrini ümumiləşdirən cədvəl şəklində dərc edilir və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasıının internet səhifəsində yerləşdirilə bilər. 109.2. Mərkəzi Seçki Komissiyası 45 gün müddətində bu Məcəllənin 77.2-ci maddəsində göstərilən media subyektlərində dairə seçki komissiyalarının protokollarında olan məlumatları tam şəkildə dərc edir və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilə bilər. 109.3. Dairə üzrə seçkilərin (referendumun) ilkin nəticələri seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokolların dairə seçki komissiyası tərəfindən qəbul edilməsindən dərhal sonra Mərkəzi Seçki Komissiyasına, media subyektlərinə təqdim edilməlidir və ümumiləşdirilən cədvəl şəklində dərc edilməlidir. 109.4. Məntəqə seçki komissiyasının səsvermənin nəticələri haqqında protokolunda olan məlumatlar seçkilərin keçirilməsindən 5 gündən gec olmayaraq, dairə seçki komissiyasının protokolunda seçkinin yekunu (səsvermənin nəticələri) haqqında məlumatlar isə seçki günündən 10 gündən gec olmayaraq müvafiq olaraq bu Məcəllənin 77.3 və 77.4-cü maddələrində göstərilən media subyektlərində rəsmi dərc olunur. 109.5. Seçki günündən sonra 6 ay müddətində Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının protokollarında olan məlumatları öz rəsmi nəşrində tam şəkildə dərc etməlidir. 107.4. Dairə seçki komissiyasının protokolunun 1-ci nüsxəsi, səsvermə günü dairə seçki komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərarlar, dairə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) əlavə edilməklə, dərhal, lakin səsvermə günündən 2 gündən gec olmayaraq dairə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən üzvlərin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir. Göstərilən aktlar dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), dairə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır: 4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; 4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq; 4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq. 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 5.4. Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. 6.1. Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. 6.2. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. 6.3. Dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.4. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir. 6.5. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur. 11.1. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır: 11.1.1. təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq, məntiqi, tənqidi və yaradıcı düşünmək bacarığını formalaşdırmaq; 11.1.2. öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq; 11.1.3. təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək; 11.1.4. yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq; 11.1.5. cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq; 11.1.6. təhsil müəssisəsində tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək. 14.1. Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. 14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl. 14.8. Təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, dövlət təhlükəsizliyi və digər) müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə alınmaqla, dövlət hesabına həyata keçirilir 14.17. Təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır. 32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 32.3. Təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.3. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; 32.3.6. təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan kitabxanalardan və s.) istifadə etmək; 32.3.10. həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq; 33.1. Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir. 33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır: 33.3.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 33.3.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; 33.3.5. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; 33.3.5-1. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək. 33.3.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək; 33.3.8-2. təhsil müəssisəsinin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartlarına əsasən: 2.1. Ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır: 2.1.1. fərdin, dövlətin, cəmiyyətin dövrə uyğun sosial sifarişinin, maraq və tələbatlarının nəzərə alınması; 2.1.2. təhsilalanların yaşına, fizioloji-psixoloji xüsusiyyətlərinə uyğun olaraq, onların əqli, fiziki, mənəvi, estetik inkişafının, müstəqil əmək və təhsil həyatına hazırlanmasının, cəmiyyətin fəal və təşəbbüskar üzvü kimi formalaşdırılmasının təmin olunması; 2.1.3. təhsilalanların zəruri nəzəri və praktik biliklərlə yanaşı, şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş səriştələrə yiyələnməsinin prioritet hesab edilməsi; 2.1.4. ümumi təhsil pilləsində formalaşdırılmış səriştələrin müstəqil həyatda təhsilalanlar üçün faydalı olmasının təmin edilməsi; 2.1.5. potensialın reallaşdırılması və inkişafı üçün etibarlı zəmin yaradılması. 3.7. Ümumi təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən olunmuş qaydada vəzifəyə təyin edilmiş direktor həyata keçirir. 6.3. Ümumi təhsil sistemində çalışan təhsilverənlər, əsasən aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar: 6.3.1. ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə; 6.3.2. uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına; 6.3.3. əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə; 6.3.4. əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına; 6.3.5. öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığına; 6.3.6. ədalətlilik, məsuliyyətlilik və cavabdehlik keyfiyyətlərinə; 6.3.7. işlədiyi məktəbdə, ictimaiyyət arasında hörmətə və nüfuza; 6.3.8. yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak qabiliyyətinə. 13.1. Ümumi təhsil sistemində təlim-tərbiyə prosesinin təşkili öyrədənlərlə öyrənənlər arasında “subyekt-subyekt” prinsipinə uyğun qarşılıqlı əməkdaşlıq əsasında aşağıdakı tələblər nəzərə alınmaqla qurulur: 13.1.2. təhsildə bərabər imkanların yaradılması – müəssisənin təhsil infrastrukturuna uyğun olaraq, təhsilalanlar üçün eyni təlim şəraitinin təmin edilməsi, təhsil prosesinin şagirdlərin meyil-marağı və potensial imkanları nəzərə alınmaqla tənzimlənməsi; 13.1.4. şagirdyönümlülük - təhsil fəaliyyətlərinin bilavasitə təhsilalanların mənafeyinin müdafiəsinə, təhsil tələbatlarının ödənilməsinə, istedadlarının reallaşmasına, şəxsiyyətlərinin formalaşmasına yönəldilməsi; 13.1.7. dəstəkləyici mühitin yaradılması - təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün zəruri infrastrukturun, sağlam mənəvi-psixoloji mühitin, yaradıcı və təhlükəsiz təhsil şəraitinin təmin edilməsi. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 22.2. Ümumi təhsil sahəsində təhsilalanların aşağıdakı hüquqları vardır: 22.2.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; 22.2.7. ümumi təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək; 23.3. Ümumi təhsil sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır: 23.3.1. ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 23.3.3. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək; 23.3.5. ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək; 23.3.8. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 23.3.9. təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş Təhsilverənlərin etik davranış Qaydalarına əsasən: 2.1.1. təhsilverən əmək funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və digər normativ hüquqi və normativ xarakterli aktların tələblərinə əməl etməlidir. 2.2.1. təhsilverən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Təhsilverən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. 2.4.1. təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır. 2.3.1. təhsilverən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir; 2.3.2. təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. 2.7.1. təhsilverən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir; 3.1. Təhsilverən öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində cəmiyyət və dövlətin maraqları naminə keyfiyyətlə, səmərəli və peşəkarlıqla yerinə yetirməyə borcludur. 4.3. Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. 4.4. Təhsilverən ictimai davranış normalarına riayət etməli, cəmiyyətin və ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına gətirib çıxaran əməllərdən çəkinməli, təbiətin, tarixin və mədəni irsin qorunmasına həssas yanaşmalıdır. 5.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir. 5.2.2. təhsilverənin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli, onun təhlili və müzakirəsini aparılmalıdır. 5.2.4. etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin tələblərini, o cümlədən işçinin və işəgötürənin qarşılıqlı hüquq və vəzifələrini nəzərə alaraq, işəgötürənin hərəkətlərində hər hansı bir qanunpozuntusuna yol verilməməsi və iddiaçının bununla bağlı dəlillərinin əsassız olması qənaətinə gəlir. Belə ki, məhkəmə araşdırması zamanı İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin direktoru tərəfindən qəbul edilmiş iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 50 nömrəli əmrində göstərilmiş xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində İddiaçı sinif rəhbəri olduğu 3b sinfinin şagirdlərinə yeni tikilmiş (açılışı həyata keçirilməmiş) İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin həyətinin giriş qapısından çöldə, yerdə əyləşdirərək şagirdlərə dərs keçməsi və bu prosesi özünün “Tiktok” sosial şəbəkə hesabından canlı videogörüntü paylaşması həm iddiaçının öz izahatı ilə, həm də təqdim etdiyi disklərdə olan video görüntü ilə öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində İddiaçı sinif rəhbəri olduğu 3b sinfinin şagirdlərinə yeni tikilmiş (açılışı həyata keçirilməmiş) İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin həyətinin giriş qapısından çöldə, yerdə əyləşdirərək şagirdlərə dərs keçməsini dərslərin inşası başa çatmış yeni məktəb binasında tədris olunacağı güman etdiyindən şagirdlərini oraya gəlməyə dəvət etməsi ilə əsaslandırmışdır. Halbuki, iddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında bu barədə məktəb kollektivindən məlumat əldə etdiyini, lakin məktəb direktorunun şəxsən ona məlumat verməməsini bildirmişdir. Eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X9 tərəfindən məhkəməyə təqdim edilmiş yaddaş qurğusunda (fləş-kartda) olan audio-video yazıya baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı video çəkiliş apararaq fevral ayından, yəni yeddi aydır ki, yeni məktəb binasının tam hazır olduğunu, amma məktəbin açılışına üç gün qalmış əl-ayağa düşdüklərini, buna görə də onları başqa məktəbə yönəltdiklərini, onun isə başqa məktəbə getməyəcəyini bildirmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2024-cü il tarixdə İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin yeni binası tam hazır olmadığı üçün dərsin orada keçirilməyəcəyi barədə məlumatının olmaması barədə mülahizəsi əsassızdır. Həmçinin, məhkəmə hesab edir ki, bu barədə məlumatlı olmasaydı belə, yuxarıda qeyd edilən normativ-hüquqi aktlarının tələblərinə əsasən təhsilalanların hüquqlarının təmin edilməsi və təhsilverən olaraq özünün vəzifələrinin realizəsi məqsədi ilə bu barədə işəgötürünə məlumat verməli idi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartlarına 3.7-ci bəndinə əsasən ümumi təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən olunmuş qaydada vəzifəyə təyin edilmiş direktor həyata keçirir. Bunun əksinə olaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş disklərdə olan video görüntüdən də görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən şagirdlərə İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin həyətinin giriş qapısından çöldə, yerdə əyləşdirərək, dərs keçmiş və bununla əlaqədar ona irad bildirən Aranlı kənd icra nümayəndəsi ilə təhsilalanların gözü önündə mübahisə etmişdir. Bununla da, iddiaçı tərəfindən bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunması prinsipi, təhsilalanların bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malik olması, mənəvipsixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq, təhsil müəssisəsinin mövcud infrastrukturundan istifadə etmək, həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq, həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq hüquqları kobud surətdə pozulmuşdur. Eyni zamanda ümumi təhsil sahəsində təhsilverənlərin vəzifələri olan ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək, etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək vəzifələrini icra etməmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş Təhsilverənlərin etik davranış Qaydaları ilə müəyyən edilmiş təhsilverən əmək funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və digər normativ hüquqi və normativ xarakterli aktların tələblərinə əməl etmək, təhsilverən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirmək, təhsilverən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinmək, təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməmək, insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan qərarlar qəbul etməmək və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmək, təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamaq vəzifələrini də layiqincə realizə etməmişdir. İddiaçının 2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərdə namizəd kimi qeydiyyat alındığı üçün onunla əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması barədə mülahizələrinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 70.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 70.1-ci maddəsində göstərilən müddətdə qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz və ya razılığı olmadan başqa işə, başqa yerdə işləməyə (oxumağa, xidmət keçməyə) keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz, hərbi xidmətə və ya toplanışa çağırıla bilməz. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən isə qeydə alınmış namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir. Göründüyü kimi qanunverici orqan namizədin dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən çıxarıla bilməməsini müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddətlə şərtləndirmişdir. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən yuxarıda qeyd edilən məzmunlu ərizə ilə işəgötürənə müraciət edilməsi faktı müəyyən edilməmişdir. Həmçinin, məhkəmə hesab edir ki, həmin ərizə ilə müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək müraciət etmək hüququ təsbit edilmişdir. İddiaçının namizəd olduğu Azərbaycan Respublikasına Milli Məclisinə keçirilmiş seçkilərin nəticəsi artıq xx.xx.2024-cü il tarixdə dərc edilmişdir. (https://apa.az/secki-2024/milli-meclise-seckilerin-ilkin-neticeleri-melum-olub-yenilenib-1- 863506). Azərbaycan Respublikası Seçki Məcəlləsinə 174-cü maddəsinə əsasən Milli Məclisə seçkilər zamanı səsvermənin nəticələrinin və seçkilərin yekunlarının dərc edilməsi qaydaları bu Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən seçkilərin (referendumun) ilkin nəticələri dairə seçki komissiyası səsvermənin nəticələrinə dair protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə səsvermənin nəticələrini ümumiləşdirən cədvəl şəklində dərc edilir və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasıının internet səhifəsində yerləşdirilə bilər. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 29 iyun tarixli 15/53 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planının 55-ci bəndinə əsasən seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması səsvermə günündən ən geci 2 gün keçənədək, yəni 2024-cü il sentyabrın 3-dən gec olmayaraq edilməlidir. Həmin planın 57-ci bəndinə əsasən seçkilərin ilkin nəticələrinin Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə ümumiləşdirilmiş cədvəl şəklində dərc edilməsi və həmin məlumatların Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməsi seçki dairələri üzrə səsvermənin nəticələrinə dair protokollar Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra həyata keçirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasına Milli Məclisinə keçirilmiş seçkilərin nəticəsi artıq xx.xx.2024-cü il tarixdə dərc edildiyi üçün iddiaçının yuxarıda qeyd edilən məzmunlu ərizə ilə işəgötürənə müraciət etmək hüququ həmin tarixdən mövcud olmamışdır. İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin rəyinin iddiaçıya təqdim edilməməsi, habelə əmrdə rəyin mahiyyətinin nədən ibarət olmasının göstərilməməsi xx.xx.2024-cü il tarixli, 50 nömrəli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, qanunverici orqan Həmkarlar İttifaqı Komitəsinin rəyinin işçiyə təqdim edilməsi, habelə əmrdə rəyin mahiyyətinin nədən ibarət olmasının göstərilməsini işəgötürənə vəzifə kimi müəyyən etməmişdir. Eyni zamanda rəyin təqdim edilməsi barədə iddiaçının cavabdehlərə hər hansı müraciəti olmamışdır. Məhkəmə iddiaçının iddia tələbinin Cavabdeh1 qanunsuz hərəkətləri ilə bağlı ona dəyən mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində kompensasiyanın cavabdehdən tutulması və mediasiyada iştirakla bağlı çəkdiyi 60 (altmış) manat məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində iddia tələbi təmin edilmədiyi üçün ondan birbaşa asılı olan bu hissədə də təmin edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəf iddianı əsaslandırdığı halları təsdiq edəcək hər hansı sübut növü məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; «X13rşı» işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia təmin olunmadığı halda ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin direktoru Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 50 nömrəli əmrinin ləğv edilməsi, habelə bu barədə elektron sistemdə müvafiq düzəliş edilməsi, İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunması və xx.xx.2024-cü il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi iş buraxmaya görə orta aylıq əmək haqqı hesablanaraq ona ödənilməsi, Cavabdeh1 qanunsuz hərəkətləri ilə bağlı ona dəyən mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi və mediasiyada iştirakla bağlı çəkdiyi 60 (altmış) manat məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticə:

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar