Məhkəmə qərarları › İş №2(036)-2625/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2625/2020

10.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2625/2020 10.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Cavabdeh1 Nazm oğlu, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun üç uşağı ilə birlikdə cavabdehlərə məxsus olan, İmişli şəhəri, N.Nərimanov küçəsi 222 saylı ünvanda yerləşən yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə evlənmiş, birgə nikahlarından üç uşaqları olmuş, sonradan xasiyyətlri uyğun gəlmədiyindən boşanmışlar. Cavabdeh3 ilə ailə qurarkən Cavabdeh2 məxsus evə gəlin köçmüşdür. Bir müddət sonra İmişli rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2010-cu il tarixli Sərəncamı ilə həmin evin bir otağına köçürülmklə ayrı təsərrüfat kimi qeydə alınmışlar, ailə münasibətləri pozulduqdan sonra cavabdehlər onu üç uşağı ilə birlikdə həmin evdən çıxarmışdır. Onun həmin evdə yaşamaq hüququ var, lakin cavabdehlər onu bu hüquqdan məhrum edir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və əlavə olaraq izahatında göstərdi ki, İmişli Bələdiyyəsinin xx xxxxx 2016-cı il tarixli iclasının 05 nömrəli protokolunun 2 saylı qərarına əsasən 0,0288 ha torpaq sahəsi almış, həmin torpaq sahəsində özünə ev tikmiş, sonradan həmin evi qardaşına vermişdir, hazırda onun qalmağa yeri yoxdur. Ona görə də hesb edir ki, keçmiş ailə üzvü kimi o, uşaqları ilə birlikdə cavabdehlərin evinə köçürülməlidir. Odur ki, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclaasında iddiaçının nümayəndəsi Cavabdeh1 Nazm oğlu işin hallarına dair İddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli mənzil ona məxsusdur, heç bir hüquqi sənədi yoxdur, dövlət reyestrində qeydiyyatına alınmamışdır. Həmin mənzil iki otaqdan ibarətdir, 2010-cu ildə mənzilin bir otağını rəsmi qaydada oğluna vermişdir, digər otaqda isə özü yaşayır. Hazırda isə iddiaçı həmin otağa köçürülməsini tələb edir ki, bu da mümkün deyildir. Belə ki, oğlu iddiaçıdan boşandıqdan sonra yenidən ailə qurmuş və yeni ailəsi ilə birlikdə evin həmin otağında yaşayırlar. İddiaçının həmin evə köçürülməsi mövcud şəraitə uyğun deyildir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2010-ci il tarixdə atası Cavabdeh2lə aralarında müqavilənamə bağlamışlar, bununla bağlı İcra Hakimiyyəti Sərəncam vermiş və həmin Sərəncam əsasında yaşadıqları iki otaqlı evin bir otağına köçürlüməklə ayrı təsərrüfat kimi qeydiyyata alınmışdır. İddiaçı ilə birgə nikahları dövrdə həmin evdə yaşasalar da, sonradan münasibətləri pozulmuş və məhkəmə qaydasında boşanmışlar. Hazırda isə o, yenidən ailə qurmuş və yeni ailəsi ilə birlikdə həmin evdə yaşayır. Evin digər otağında isə atası qalır. Onun bu evdən başqa yaşayış yeri yoxdur, iddiaçının isə özünə məxsus evi vardır. Ona görə də iddianı əsassız hesab edir və rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərinizahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarilxli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh3 2000-ci il sentyabrın 1-dən sonrakı dövrdə nikaha daxil olduqlarından və yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr 2000-ci il sentyabrın 1-dən sonrakı dövrdə yarandığından bu mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun olaraq qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı tərəflər arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyildir. Bundan başqa məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı İmişli Bələdiyyəsinin xx xxxxx 2016-cı il tarixli iclasının 05 nömrəli protokolunun 2 saylı qərarına əsasən 0,0288 ha torpaq sahəsi almış, həmin torpaq sahəsində özünə ev tikmiş və hazırda onun daimi yaşayış yeri vardır. Cavabdeh3 isə yenidən ailə qurmuş və yeni ailəsi ilə birlikdə atası Cavabdeh2 məxsus iki otaqlı evin bir otağında yaşayır, başqa yaşayış yeri mövcud deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə onun mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ saxlanıla bilər. Lakin, iddiaçı özünü yaşayış sahəsi ilə təmin etmişdir, cavabdehin isə başqa yaşayış yeri omamaqla yeni ailəsi ilə birlikdə atasına məxsus iki otaqlı evin bir otağında yaşayır. Evin digər otağında isə atası özü yaşayır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının mübahisəli yaşayış evinə köçürülməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rsumu iddiaçının özünə aid edilməlidir. Göstərinləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar