Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2677/2025 19.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (üçüncü şəxs Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X30-Muğan Regional Təhsil İdarəsi) qarşı “əmrin ləğv edilməsi və zərərin ödənilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, intizam tənbehinin ləğvi, iddia müddəti) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə1, Cavabdeh, Üçüncü şəxs Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X30- Muğan Regional Təhsil İdarəsinin nümayəndələri Qanuni nümayəndə və Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X23-Muğan Regional Təhsil İdarəsi) qarşı cavabdehin xx.xx.2025-ci il tarixli 30 saylı "Töhmət verilməsi haqqında” əmrinin əsassız hesab edilməsi və ləğv olunması, iddiaçıya vurulmuş mənəvi zərərə görə 4000 (dörd min) manat məbləğində təzminatın cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehin iddiaçıya verdiyi töhmətdə istinad edilən valideynin şikayət ərizəsinin və aktının həqiqiliyinin araşdırılması, ərizənin və aktdakı imzaların kimə məxsus olmasının müəyyən edilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehin xx.xx.2025-ci il tarixli 30 saylı "Töhmət verilməsi haqqında” əmrinin əsassız hesab edilməsi və ləğv olunması, iddiaçıya vurulmuş mənəvi zərərə görə 4000 (dörd min) manat məbləğində təzminatın cavabdehdən iddiaçının xeyrinə tutulması, məhkəmə və mediasiya xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehin yazdığı töhmətdə istinad etdiyi valideynin şikayət ərizəsinin və aktın həqiqiliyinin araşdırılması, ərizənin və aktdakı imzaların kimə məxsus olmasının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İmişli rayonu Qaragüvəndikli kənd tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi vəzifəsində çalışır. xx.xx.2025ci il tarixində dərs başlamadan əvvəl divar qəzetini asmaq üçün iddiaçı stendə yaxınlaşmışdır. Stend 3-cü sinif şagirdlərinin dərs keçdiyi sinif otağının yanında yerləşir. İddiaçı 2-ci sinif otağından stul götürmüş, həmin məktəbin 3-cü sinif şagirdi və övladı olan Yusifli Babəki köməyə çağırmış, divar qəzetini asdıqdan sonra 3-cü sinif qapısının ağzından şagird Əsədova Mələyi yanına çağırmışdır. İddiaçının məqsədi son iki həftə ərzində sinif rəhbəri Şahid4 valideynlərin “vatsap” qrupunda paylaşdığı tapşırıqları onlara göndərdiyi üçün təşəkkür etmək və 28 May Respublika günü tədbirində rəqs üçün səslənəcək musiqinin linkini istəmək olmuşdur. Şahid4 ilə oktyabr ayından aralarında yaranmış narazılığa görə iddiaçının telefon nömrəsi valideynlər qrupundan çıxarılmış və beləliklə, tapşırıqlardan xəbəri olmamışdır. Mələyi bir neçə dəfə çağırsa da, yanına gəlməmişdir. Buna görə sinfə daxil olub onun yanına yaxınlaşmış, iddiaçının yanına gəlməməsinin səbəbini soruşduqda, şagird X8 bildirdi ki, "Mələk sizinlə danışmaq istəmir, müəlliməmiz tapşırıb ki, sizinlə danışmayaq və sizi sinfə buraxmayaq". İddiaçı ona bunun qanunsuz və yolverilməz olduğunu izah etmiş, Mələyə təşəkkür edib sinifdən çıxaraq öz sinfinə qayıtmışdır. Təxminən 10 dəqiqə sonra məktəbin direktor müavini iddiaçıya haqqında şikayət olduğunu bildirmişdir. Hadisə ilə bağlı iddiaçıdan heç bir izahat almadan, obyektiv araşdırma aparılmadan, pedaqoji şura iclası keçirilmədən, polis tərəfindən araşdırma yekunlaşıb məsələyə hüquqi qiymət verilmədən xx.xx.2025-ci il tarixli 30 saylı əmrlə iddiaçıya əsassız olaraq "töhmət" verilmişdir. Bundan başqa, hadisə ilə bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində xx.xx.2025-ci il tarixli qərarla cinayət tərkibi olmadığı müəyyən edilmiş, döyüldüyü iddia edilən X2 atası X10 polisə izahatında övladının iddiaçı tərəfindən heç bir fiziki zorakılığa məruz qalmadığını bildirmiş, heç bir şikayət ərizəsi verməmiş və heç bir akta qol çəkməmişdir. Məktəbin direktoruna da ərizə ilə müraciət etmişdir. Direktor bu qərarı ilə vəzifə səlahiyyətləri aşmış, iddiaçının pedaqoji fəaliyyətinə, müəllim nüfuzuna, işgüzar reputasiyasına və sağlamlığına ciddi zərbə vurmuşdur. İddiaçının Liman Klinikasından aldığı xx.xx.2025-ci il tarixli tibbi arayışda da təsdiq olunduğu kimi, bu hadisədən sonra psixoloji gərginlik yaşamış və "keçirilmiş stresdən sonrakı nevrotik vəziyyət" diaqnozu qoyulmuşdur ki, bu da mənəvi zərərin tibbi sübutudur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, orada heç nə olmayıb, video görüntülər də var, Həmin gün xadimə Cəfərova Tahirə də orada olub. Töhmət verilməli bir hal yox idi, iş ətraflı araşdırılmalı idi.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi əlavə olaraq bildirmişdir ki, döyüldüyü iddia edilən uşaqın atası Mərhəmətin şikayəti olmamışdır. Polisə hadisə ilə bağlı Şahid1 müraciət edib. Guya Tünzalə müəllimə sinfə daxil olub, uşağı itələyib, vurmuşdur. Hadisə günü o məktəbdə olmamış, Saatlı məktəbində olmuşdur. Uşaqlar gedib məktəb direktoruna deyiblər. Direktor gəlib sinifə daxil olanda görüb ki, uşaqların dedikləri yanlışdır. Hadisə şahidləri yoxdur, texniki işçilər də həmin faktı təsdiqləmirlər. Direktor sinifə gəlib, həmin gün Tamara müəllimə də dərsə gecikib. Dəfələrcə bu hal təkrarlanıb. Tamara müəllimə bir neçə uşağa şikayət ərizəsi yazdırıb. Şahid1 onunla prinsipi olduğu üçün polisə gedib müraciət edib. Buna da səbəb odur ki, o həmin şəxsin qızına dərs deyirdi. Hazırlıq adı ilə icazə alırdılar, o da sonunda demişdir ki, müəllim hazırlıq vaxtını dəyişməlidir. Qızı gəlirdi, o sinifdə ola-ola çantasını götürüb gedirdi. Buna görə də Şahid1 deyirdi ki, “mənim uşağımı niyə qoymursuz hazırlığa getsin?”, buna görə onunla pirinsip aparırdı. Müəllimə deyir, hər şey şəffafdır, Tamara müəllimə bütün valideyinləri zəng vurub çağırıb, amma ona bir valideyn kimi deməyib. İclas direktorun otağında olub, gedib içəri girmək istəyəndə Dilarə müəllimə, Şahid1 və başqa bir valideyin mane olublar, onu otağa buraxmayıblar. Dostuyev Rəşad da bildirir ki, ərizə yazmamışdır. Bu halların araşdırılmasını xahiş edir.
5. Cavabdeh məhkəməyə ünvanlandığı iddiaya yazılı etirazında göstərmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 3-cü sinif şagirdi X1 şagirdlərin qarşısında təhqir etmişdir. Uşaq ağlayaraq onu götürmək üçün gələn valideyininə müəllimin onu sinif yoldaşlarının yanında təhqir etdiyini demişdir. Valideyni İmanova X19 müəllimin sinfinə gələrək icazə istəyib müəllimin uşağı niyə təhqir etdiyini soruşmuş, bu zaman Tünzalə müəllimə valideyni övladının yanında təhqir edərək itələyib sinifdən çıxarmışdır. Bu hadisədən sonra valideyn müxtəlif orqanlara şikayət etmişdir. Məktəb rəhbəri olaraq bu hadisəni araşdıraraq valideynin ərizəsinə əsasən və məktəbin digər vəzifəli şəxslərinin izahatına əsasən İddiaçı xx.xx.2024-ci il tarixli 68 saylı əmrlə yazılı xəbərdarlıq verilmişdir. Bundan başqa, müəllim məktəbin digər texniki işçilərini dini kitab olan Qurani Kərimi məktəbə gətirərək təhdid etmişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 07:45-də İddiaçı 3-cü sinfə daxil olmuş, sinif növbətçisi X3 müəllimin sinfə daxil olmasına mane olmaq istədikdə şagirdi itələyərək, sinfə daxil olub partaları itələyərək şagirdlərin üstünə qışqırmışdır. Cavabdeh hadisəni biləndə izahat yazması üçün müəlliməni otağa çağırmışdır. O isə izahat yazmaqdan imtina etmişdir. Şagirdlər evə gedəndə hadisəni valideyinlərinə danışmış, xx.xx.2025-ci il tarixdə səhər valideynlər gələrək cavabdehə müəllim özbaşınalığına son qoyulması üçün ərizə ilə müraciət etmişlər. Bu zaman müəllimin həyat yoldaşı Nümayəndə1 valideyinlərlə mübahisə etmişdir. Baxmayaraq ki, həmin gün o, Saatlı məktəbində dərs deməli idi. Ümumiyyətlə, Tünzalə müəllimənin məktəbdə yaratdığı bütün problemlərə Tofiq müəllim müdaxilə edir. Elə bu səbəbdən valideynlər 102 xidmətinə zəng etmişlər. Təhsil Sektorunun nümayəndələri məsələ ilə bağlı məktəbə gəlmiş, Tünzalə müəlliməni otağa dəvət etsələr də, o, gəlməkdən imtina etmiş və iş saatı bitməmiş iş yerini tərk etmişdir. Tünzalə müəllimə məktəbin bütün işlərinə müdaxilə edir. Rəhbərliyin verdiyi qərarlara əməl etmək əvəzinə, digər müəllimlərə “başqa məktəbdə belə qərar yoxdur” deyə təsir edir. Müəllimin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozması, müəssisədaxili nizam-intizam qaydalarına əməl etməməsi, dərs cədvəlinə müdaxilə etməsi, sosial şəbəkədə məktəbin nüfuzuna xələl gətirəcək paylaşımlar etməsi, məktəbin tədbirlərinə mənfi rəy bildirməsi, bütun bu hallar müəllimə intizam tənbehinin verilməsini qaçılmaz etmişdir. İddiaçının istinad etdiyi İmişli rayon Polis şöbəsinin İstintaq bölməsinin icraatında olan 1 saylı MK-1/1009 nömrəli araşdırma materialı üzrə təhqiqatçı, polis mayoru X17 tərəfindən qəbul edilmiş araşdırma materialı üzrə xx.xx.2025-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərar da məhz valideynlərin, yəni 9 valideynin İmişli rayon Polis şöbəsinin rəisinə ünvanlanmış müraciəti əsasında aparılmış araşdırma nəticəsində qəbul edilmişdir. Lakin həmin qərar məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etməsə belə, hər bir halda təhqiqatçı yalnız bir nəfərin - Mərhəmət İmanovun izahatını almaqla kifayətlənmiş, digər şikayətçilərin izahatı alınmamış, bununla da qanunsuz qərar qəbul edilməsi üçün zəmin yaradılmışdır. İddiaçı iddia ərizəsində yalnız hüquqlarına istinad edir. Lakin unutmaq lazım deyildir ki, onun hüquqları kimi vəzifələri də vardır, həmçinin şagirdlərin də hüquqları vardır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı heç bir halda təqibə məruz qalmamışdır. Əksinə, özü mütəmadi olaraq şagirdləri incitmiş, onların şərəf və ləyaqətini alçaltmış, cavabdeh isə buna maksimum dərəcədə dözüm nümayiş etdirmişdir. Əmr tamamilə qanuni və əsaslıdır, iddianın təmin edilməsi üçün faktiki və hüquqi əsas yoxdur. İddiaçının iddia tələblərindən biri də "mənəvi zərərin əvəzi kimi 4000 (dörd min) manat məbləğində təzminatın, məhkəmə və mediasiya xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”ndən ibarətdir. Həmin tələblər də tamamilə əsassızdır. Belə ki, əvvəla iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdən göründüyü kimi, məsələ Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayonu üzrə Təhsil sektorunun əməkdaşlarının iştirakı ilə tam və hərətərəfli araşdırılmışdır. İddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Əlavə olaraq, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarına, insan hüquqlarına zidd hərəkətlərə yol verilməmişdir. Hazırda məhkəməyə də zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Buna görə də, iddia tələbi mənəvi zərər hissəsində təmin olunmamalıdır. İddia tələbinin məhkəmə və mediasiya xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də iddia tələbi əsassızdır. Belə ki, işçi barəsində intizam tənbehi tam qanuni əsaslarla verilmişdir. Bundan başqa, etiraza əlavə edilən valideyn Şahid7 aidiyyəti orqanlara elektron poçt vasitəsilə müraciətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, 29 nəfər sinif yoldaşının qarşısında, İmişli rayon Qaragüvəndikli kənd tam orta ümumtəhsil məktəbin ibtidai sinif müəllimi İddiaçı tərəfindən nalayiq ifadələr işlədilməklə, həmin məktəbin azyaşlı şagirdi Surxay İmanzadənin şərəf və ləyaqəti alçaldılmış, bu barədə valideyn aidiyyəti orqanlara elektron poçt vasitəsilə müraciət etmişdir. Bundan başqa, etiraza əlavə edilən digər valideynlərin aidiyyəti orqanlara ərizə-müraciətlərindən görünür ki, həmin valideynlər tərəfindən də məktəbin ibtidai sinif müəllimi İddiaçı oxşar hərəkətləri barədə aidiyyəti orqanlara eyniməzmunlu müraciətlər edilmişdir. Göstərilənlər iddiaçını xarakterizə edən hallardır. Bundan başqa, etiraza əlavə edilən cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan da görünür ki, hər bir halda iddiaçıya qarşı daim hörmətlə yanaşılmış, eyni zamanda ona qanunvericiliyin tələblərinə uyğun davranmaq təklif olunmuşdur. Həmin məktubun sonunda göstərilir: "Siz xx.xx.2024-cü il tarixində sizə verilən yazılı xəbərdarlıqdan nəticə çıxarmaq əvəzinə, davranışlarınızda daha da aqressiya nümayiş etdirərək hərəkətlərinizdə müsbətə doğru dönüş yaratmadınız. Bu hal sonuncu qərarı qaçılmaz etdi. Ümid edirəm ki, gələcək fəaliyyətinizdə belə nöqsanlara yol verilməyəcəkdir". Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda sonuncuya gələcək fəaliyyətində belə nöqsanlara yol verilməyəcəyinə ümid edildiyi bildirilsə də, görünən odur ki, iddiaçı həmin müraciətdən də bir nəticə çıxarmamışdır. İddia tələbinin "direktorun yazdığı töhmətdə istinad etdiyi valideynin şikayət ərizəsinin və aktın həqiqiliyinin araşdırılması, ərizənin və aktdakı imzaların kimə məxsus olmasının müəyyən edilməsi” hissəsinə münasibətdə isə qeyd olunmalıdır ki, əslində bu, tələb yox, vəsatətdir. Bununla belə həmin halların araşdırılmasına cavabdeh etiraz etmir və həmin halların tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə, tərəflərindən həmin sənədlərin əsli məhkəməyə təqdim edilə bilər. Nəhayət, baxmayaraq ki, qanunvericilikdə cavabdehi seçmək iddiaçının hüququdur, hər bir halda Cavabdeh hazırkı iddia tələbi üzrə cavab verməli olan şəxs deyildir, belə ki, o, İmişli rayon Qaragüvəndikli kənd tam orta ümumtəhsil məktəbin direktorudur, əmri də direktor qismində vermişdir. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, işçi-iddiaçı dəfələrlə Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirməmiş və hüquqlarından sui-istifadə edərək mütəmadi olaraq şagird və müəllimlərlə münasibətdə etik davranış qaydalarını pozmuş, lakin işəgötürən tərəfindən intizam tənbehi verilməmişdən işçi- iddiaçının şəxsiyyəti, onun törətdiyi xətanın xarakteri nəzərə alınaraq, ona daha əvvəl intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, xx.xx.2024-cü il tarixli yazılı qaydada xəbərdarlıq edilmiş, lakin işçi-iddiaçı həmin xəbərdarlıqdan da bir nəticə çıxarmamış, sonuncu dəfə, yəni xx.xx.2025-ci il tarixdə əmək və icra intizamının pozulmasına görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən işçidən yazılı izahatın verilməsi tələb edilmiş, işçi yazılı izahat verməkdən imtina etmiş və yalnız bundan sonra intizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxs, yəni məktəbin direktoru tərəfindən ona intizam tənbehi verilmiş. İşçi-iddiaçı əmr verilən gün öz hüquqlarının pozulmasından məlumatlı olmuş, lakin əmrlə tanış olmaqdan da imtina etmiş, bundan sonra isə tamamilə əsassız olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etdi.
6. Cavabdeh məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməklə iddianın rədd edilməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçı əmr verilən gün öz hüquqlarının pozulmasından məlumatlı olmuşdur, lakin qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməklə, yəni 1 ay 7 gün sonra mediasiya təşkilatına, daha sonra isə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi xahiş edilmişdir.
7. Üçüncü şəxs Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X23-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında məhkəməyə ünvanlandığı iddiaya etiraza uyğun izahat verərək bildirmişdir ki, iddiaçıya verilmiş intizam tənbehi mübahisələndirilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.1-ci maddəsinin tələblərinə riayət olunmamışdır. Belə ki, məktəbin ibtidai sinif müəllimi İddiaçı əmək funksiyasını, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini və Təhsilverənlərin etik davranış Qaydalarının tələblərini pozduğuna görə 22 may 2025-ci il tarixli 30 nömrəli əmrlə ona töhmət elan olunmuş və növbəti gün həmin əmrin surəti ona təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, 07 iyul 2025-ci il tarixdə mediasiyanın tətbiqi ilə bağlı təklif edilmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası qanunvericiliyinin normalarına əsasən təmin edilə bilməz. Lakin iddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq iddia müddətini ötürməklə məhkəməyə ərizə ilə müraciət etmişdir. İddiaçı müddətin üzürlü səbəbdən otürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir.
8. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, dəfələrlə məktəbdən onlara zəng edib şikayətlər ediblər. Töhmət ona görə verilib ki, müəllimə qapını təpiklə açıb, uşağı itələyib. Bunları təsdiq edən yetəri qədər izahatlar, aktlar mövcuddur. Şikayətlə bağlı məktəbə getdikdə Tünzalə müəllimə ilə söhbət etmək istəsələr də, o direktorun otağına gəlmək istəməmiş, ona psixoloq lazım olduğunu və təzyiqlər olduğunu bildirmişdir. May ayının 13-ü, 22-si, 25i məktəbdə olmuşlar. Bununla bağlı aktlar, izahatlar var.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 10-cu maddəsinin “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi qeyd olunmuşdur. Maddə 11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; 186-cı maddəsinin birinci hissəsinə əsasən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona “töhmət” intizam tənbehini verə bilər. 190-cı maddəsinin üçüncü hissəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).”
V. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İmişli RPŞ-nin rəisi Azər Tağıyevə ünvanlanmış İmişli rayon Qaragüvəndikli kəndinin adları qeyd olunan bir qrup valideynlərinin xx.xx.2025-ci il tarixli ərizəsində aşağıdakılar qeyd olunmuşdur: “biz X7 adına tam orta məktəbin İİ sinif müəlliməsi İddiaçı və onun həyat yoldaşı Coğrafiya müəllimi Nümayəndə1 məktəbdə özbaşınalıqları ilə bağlı narahat edirik. xx.xx.2025-ci il tarixində Tünzalə müəllimə 3-cü sinifə daxil olmaq istəyərkən sinif nümayəndəsi və şagirdlər ona içəri girməyə mane olmaq istəyərkən Tünzalə şagirdlərlə kobud davranmış və sinif nümayəndəsini isə itələyərək zor göstərmişdir. Biz məsələdən xəbər tutandan sonra məktəbə gələrək məktəbin rəhbərliyi ilə məsələyə aydınlıq gətirmək isədik. Direktor bizi öz otağına dəvət edərək, Tünzalə müəlliməni və 3-cü sinifin rəhbərini də otağa dəvət etdi. Direktor məsələni aydınlaşdırarkən Tünzalənin həyat yoldaşı Tofiq müəllim icazəsiz içəri daxil olaraq Tünzaləni müdafiə etməyə başladı.Biz ona sən burada artıq müdaxilə etmə, otağı tərk elə dedikdə Tofiq səs tonunu qaldıraraq aranı qatmağa çalışdı. Biz məcbur olaraq saat 08:55 də 102 çağrı mərkəzinə müraciət etməli olduq. Əgər araşdırmalı olsaq bu hadisə Yusifovlar ailəsinin İmişli və Saatlı rayon məktəblərində ilk hadisəsi deyil ki, polis idarəsinə qədər gedir. Xahiş edirik ki, bu məsələni aydınlaşdırıb lazımi tədbirlər görəsiniz.” İmza edənlər Şahid1, Ağayev Mütəllim, Əliyev Rahim, Abışov Fariz, İmanov Pərvin, Dostuyev Rəşad, Məmmədov Əlağa, İmanov Mərhəmət, Şahid2.
13. İmişli rayon Qaragüvəndikli kənd tam orta ümumtəhsil məktəbinin direktoru Cavabdeh “Töhmət verilməsi barədə” xx.xx.2025-ci il tarixli 30 saylı əmrindən görünür ki, İmişli rayonu, Qaragüvəndikli kənd tam orta ümumtəhsil məktəbin ibtidai sinif müəllimi İddiaçı əmək funksiyası Aərbaycan Respublikası Əmək məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulmuş əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini və "Təhsilverənlərin etik davranış qaydaları"nın prinsiplərini kobud şəkildə pozduğuna görə Əmək məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən töhmət elan edilmişdir.
14. Məhkəmə iddianın əsaslılığı ilə bağlı aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.
15. Mülki iş materialları ilə müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə İmişli rayon Qaragüvəndikli kənd tam orta ümumtəhsil məktəbində məktəbin ibtidai sinif müəlliməsi İddiaçı səhər saatlarında-dərsin başlamasına az qalan vaxtda sinif müəlliməsinin paylaşdığı tapşırıqları onlara göndərdiyi üçün Mələk adlı şagirdə təşəkkür etmək üçün və 28 May Respublika günü tədbirində rəqs üçün səslənəcək musiqinin linkini istəmək üçün məktəbin 3-cü sinif otağına daxil olmuşdur. Hazırki mübahisə bundan sonra baş verməsi ehtimal edilən hadisələr zəminində yaranmışdır.
16. Belə ki, iddiaçı müəllimənin, onun nümayəndəsi, həmin məktəbin müəllimi və onun həyat yoldaşı Nümayəndə1 İmişli Rayon Polis Şöbəsində və məhkəmədə verdikləri çoxsaylı izahatlarla, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, səhər saatında müəllimə məhz həmin niyyətlə sinfə daxil olduqdan az bir müddət sonra, ona məktəbin dərs hissə müdiri müraciət edərək bildirmişdir ki, müəllimədən valideynlərin şikayəti vardır.
17. Bununla bağlı məktəb direktorunun bildirdiyinə görə, həmin vaxt sinifdə olan şagirdlərin bir çoxu sinfi tərk edərək evə getmək istəmişlər. Onlar sinfə daxil olan Tünzalə müəllimənin partaları aşırmasını, Məhəbbət adlı sinif yoldaşını vurmasını, uşaqların üstünə qışqırmasını demişlər. Şagirdlər bu hadisədən qorxmuşlar. Bundan sonra məktəb direktoru Dilarə Həsənova onları sinifə qaytarmışdır. Bu halla bağlı iddiaçı və nümayəndəsi bildirmişlər ki, videogörüntülərlə yalnız iki şagirdin sinfi tərk etməsi müəyyən olunur.
18. Həmin gün şagirdlərin bir qismi evdə bildirmişlər ki, Tünzalə müəllimə onların sinfinə daxil olaraq Mələyi yanına çağırmış, Mələk onun yanına getməmiş, bundan sonra Məhəbbət müəlliməyə bildirmişdir ki, müəllimə sinifə girməsin, çünki sinif rəhbəri icazə vermir.
19. Baş vermiş bu hallarla bağlı cavabdeh- məktəbin direktoru tərəfindən iddiaçı izahat vermək üçün çağırılmış, müəllimə isə izahat yazmaqdan imtina etmişdir. Şagirdlər evə gedəndə hadisəni valideyinlərinə danışmışlar, mübahisənin müzakirəsi üçün valideynlər xx.xx.2025-ci il tarixdə məktəbə çağırılmışlar. İddiaçının nümayəndəsi Nümayəndə1 müzakirəyə qoşulmaq istəyərkən, 2-3 valideyn onu buraxmamışlar, onsuz mübahisəni həll etmək istəmişlər, bundan sonra isə valideyn- iddiaçının nümayəndəsi Nümayəndə1lə gərgin münasibətləri olan Şahid1 102 çağrı xidmətinə zəng etmişdir.
20. Məhkəmə ilk öncə bu halla bağlı bildirir ki, İddiaçı və Nümayəndə1 həmin 3-cü sinfin şagirdi Yusifov Babəkin valideynləri olmaqla hər birinin sinifdə baş verən hallarla bağlı təşkil edilmiş iclaslarda, tədbirlərdə, müzakirələrdə iştirak etmək hüquqları vardır. Görünən odur ki, məhz valideyn Nümayəndə1 həmin müzakirədə iştirak etmək istəyindən sonra mübahisə gərginləşmiş, polisdə araşdırmalar başlamış, hazırda isə məhkəmə müstəvisinə çıxmışdır. İddiaçının nümayəndəsinin həmin sinifdə şagirdin valideyni olmaqla, məhz şagirdlərin şahidlik etdikləri hadisə ilə bağlı müzakirələrdə iştirak etmək istəməsi nəzərə alınsa, həmin gün-yəni müəllimənin sinfə daxil olduğu gün Nümayəndə1 məktəbdə olub-olmamasının, növbəti gün Saatlı məktəbində dərs deməli olubolmamasının heç bir əhəmiyyəti yoxdur.
21. Təqdim olunmuş videogörüntüdən məlum olur ki, İddiaçı səhər saat 07:57:40da 3-cü sinif otağına daxil olur, 20 saniyə sonra otağı tərk edir. Heç bir xaotik hadisə müşahidə olunmur.
22. İddia ərizəsinə əlavə edilmiş X4 xx.xx.2025-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, övladı İmanov Məhhəbət Ş.Məmmədov adına tam orta məktəbin ibtidai sinif müəlliməsi İddiaçı tərəfindən heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmamışdır. Müəllimə ilə bağlı hər hansı bir şikayəti yoxdur və onun peşəkar fəaliyyətindən razıdır.
23. Araşdırma materialı üzrə sinfin şagirdi X5 izahatı aşağıdakı məzmunda olmuşdur. “xx.xx.2025-ci il tarixdə İmişli rayon Qaragüvəndikli kənd tam orta məktəbində baş vermiş hadisə ilə bağlı deyə bilərəm ki, səhər 8-ə qalmış gəldim dərsə, sinif yoldaşım Məhəbbətlə kitablarımızı açıb oxumağa başladıq. Sonra Tünzalə müəllimə sinifə girdi. Sinif yoldaşım Mələyi yanına çağırdı. Tünzalə müəllimə bizlə pis danışdığı üçün sinif rəhbərimiz bizə onunla danışmağa icazə vermir deyə Mələk onun yanına getmək istəmədi. Müəllimə yenə çağırdı, getmədi. Gördü sinif yoldaşım Mələk onun yanına getmir. Girdi sinifə. Sinif yoldaşım Məhəbbət dedi ki, müəllimə sinifə girmə, sinif rəhbəri icazə vermir. Sonra müəllimə sinif yoldaşım Məhəbbəti vurdu. O da divara dəydi. Sonra bizim üstümüzə qışdırdı. Sonra Mələyə sağ ol deyib getdi.
24. Göründüyü kimi, İddiaçı Mələyə təşəkkür etməsi barədə bildirdiyi, sinfə bu niyyətlə girməsi təsdiqini tapır.
25. Məhkəmə iclasında izahatı alınmış şahidlərdən-şagirdlərin valideynlərindən X10 polisə valideynlər tərəfindən edilmiş şikayətin onun tərəfindən imzalanmadığını bir daha bildirmiş, əvvəlki ərizələrində olduğu kimi, iddiaçıdan heç bir şikayətinin olmadığını, onun uşağının həmin gün Tünzalə müəllimə tərəfindən döyülmədiyini, uşağının döyülməsi barədə heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir.
26. 07.09.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, valideyn X6 izahatı aşağıdakı məzmunda olmuşdur: “xx.xx.2025-ci il tarixdə İmişli rayon Qaragüvəndikli kənd Ş.Məmmədov adına tam orta məktəbdə övladı X12 həmin məktəbdə 3-cü sinifdə oxuduğu üçün Tamara müəllimənin sinifində oxuyur. Həmin günü qızı evə gələrək bildirmişdir ki, Tünzalə müəllimə gəlib onların sinif otağına girərək öz oğlunu çölə çıxarmış, söz deyib təzədən sinifə qaytarmışdır. Tamara müəllimə ilə aralarında sözlü mübahisə olduğunu bildirmişdir. Sonradan o, kənd camatından eşitmişdir ki, Tamara müəllimə ilə Tünzalə müəllimə arasında mübahisə olmuşdur. O, həmin vaxtı məktəbə getməmiş, həmkəndlisi Şahid1 onların adından ərizə yazaraq valideynlərin əvəzindən qol çəkməsi barədə heç bir məlumatı olmamışdır. Təxminən bir həftə bundan əvvəl Sakit ona zəng edərək bildirmişdir ki, Tofiq müəllim işi qaldırıb. O, demişdir ki, o, qarışmır. Öz aranızda olub özünüz həll eləyin xahiş edirəm bunu araşdırıb hüquqi qiymət verəsiniz.”
27. Həmin qərarda valideyn X13 izahatı aşağıdakı məzmunda olmuşdur: “xx.xx.2025-ci il tarixdə İmişli rayon Qaragüvəndikli kənd Ş.Məmmədov adına tam orta məktəbdə övladı X18 həmin məktəbdə 3-cü sinifdə oxuduğu ücün ona Tamara müəllimə zəng edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə valideyn iclası olacaqdır. O, da valideyin kimi iştrak etməlidir. O, müəllimədən soruşmuşdur ki, nə məsələdi o da bidirmişdir ki, Tünzalə müəllimə onun sinif otağına girərək Məhəbbəti sinifdə itələyib uşağlar qorxub ona görədə valideyn iclası olacaq məndə müəlliməyə bildirdim ki mən işdə oluram mən valideynlər iclasında iştirak edə bilməyəcəm. sonrada bir neçə gün sonra həm kəndlisi olan Şahid1 mənə zəng edərək bildirdi ki, valideyinlerin adına arizə yazılır ki Tünzalə müəllimə uşaqları hərəkətləri ilə qorxuzur və buna görə də Tamara müəllimədən İmişli RPŞ-nə şikayət ərizə yazılıb valideynlərin imzası lazımdı. Mən də bildirdim ki, mənim əvəzimdən yazın və mən orada həmin valideynlərin özləri olduğunu üçün onlar qol çəkib. lakin mənə Sakit kişi orada qol çəkilməsi barədə mənə heç bir şey demədən özü qol çəkib mənim əvəzimdən xəbərim olmadan mənim əvəzimdən imza ataraq mənimdə adımı siyahıya salıblar mənim həmin ərizədən heç bir məlumatım olmayıb xahiş edirəm. bunu araşdırıb hüquqi qiymət verəsiniz.”
28. Göründüyü kimi, polisə ərizənin bir qism valideyn tərəfindən imzalandığı görünsə də, əslində yuxarıda qeyd edilən valideynlər tərəfindən belə bir ərizənin yazılması müəyyən olunmamışdır. Yəni onların həmin ərizəni yazmaq niyyətlərinin olması, sadəcə ərizənin Şahid1 tərəfindən onların razılığı ilə imzalanması halı da müəyyən olunmur. Həmin valideynlər imzaların onlara məxsus olmamasını və bununla bağlı araşdırma aparılmasını tələb etmişlər.
29. Məhkəmə işin həmin hallarını artıq müəyyən olunmuş, sübut olunmuş kimi qiymətləndirdiyindən iddiaçının və nümayəndəsinin imzaların kimə məxsus olmasının müəyyən edilməsi ilə bağlı müvafiq ekspertizanın təyin edilməsi barədə vəsatətlər təmin edilməmişdir.
30. 07.09.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə İmişli RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X21 tərəfindən Şahid1 və X11 qarşılıqlı müraciətində Cinayət Məcəlləsinin hər hansı maddəsinin tərkib əlaməti olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
31. İş materialları ilə müəyyən olunmuşdur ki, müəllimə-3-cü sinif rəhbəri Şahid4 həmin gün-13 may 2025-ci il tarixdə dərsə gecikmiş, hadisələrlə bağlı şahidlik etməsi istisna olunur. Lakin 13 may tarixindən sonra onun İddiaçı ilə bağlı məktəb rəhbərliyinə ünvanlanmış çoxsaylı şikayət ərizələri, müraciətləri mövcuddur. Məhkəmə onlar arasında əvvəllər də gərgin münasibətlərin olduğunu, bunun zəminində iddiaçının Şahid4 tərəfindən “Votsap” sosial şəbəkəsində valideyn qrupundan çıxarılmasını, bu səbəbdən iddiaçının uşağı Yusifli Babəkin yalnız Mələk adlı şagird vasitəsilə ev tapşırıqları barədə məlumatlandırılmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixli əmrin əsaslı olub-olmaması ilə bağlı onun ifadəsi, iş materiallarında olan müraciətləri sübut qismində nəzərə alına bilməz.
32. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, valideynlərdən Dostuyev Rəşad da həmin ərizəni imzalamadığını bildirmişdir. Rəşad Dostuyevin məktəb rəhbərliyinə 13 may 2025-ci il tarixli ərizəsindən görünür ki, o İddiaçı 13 may 2025-ci il tarixdə səhər sinfə daxil olaraq şagirdləri hədələməsi, partaları aşırması, nəticədə övladının məktəbə getmək istəmədiyini bildirmişdir. Məhkəməyə şahid qismində çağırılmış Dostuyev Rəşad məhkəmə iclasında iştirak etmədiyindən onun bu hallarla bağlı izahatının alınması mümkün olmamışdır. Polisə müraciət əsasında aparılmış araşdırma zamanı da Dostuyev Rəşad tərəfindən ərizənin yazılması, izahat verməsi müəyyən olunmamışdır.
33. Bununla belə, məhkəmə iclasında digər şahidlərin- valideynlər Şahid3, Şahid2, X14, Şahid7 və dərs hissə müdiri Şahid5 ifadələri ilə İddiaçı tərəfindən şagirdin sinifdə itələnməsi halı, partaların çevrilməsi, bundan sonra şagirdlərin valideynlərə bu halı evdə bildirmələri, qorxmaları halı təsdiqini tapır. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında bildirmişdir ki, sinfin bütün valideynləri şikayət etmədiyindən, həmin hadisənin baş verməsi halı təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, araşdırma materialı üzrə izahat vermiş və məhkəmə iclasında izahatları dinlənilmiş şahidlərin bir qismi iddiaçı ilə bağlı xx.xx.2025ci il tarixdə sinifdə baş verənlərlə əlaqədar neytral fikirlər səsləndirsələr də, digər qismi onun əleyhinə ifadə vermişlər.
34. Şahid7 İmişli rayon Qaragüvəndikli kənd tam orta ümumtəhsil məktəbinin direktoru Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə İddiaçı səhər dərs başlamamış 3-cü sinifə daxil olaraq şagirdlərin üstünə qışqırmış, Məhəbbət İmanovu itələmiş, partaları aşırmış, onun övladı X15 bərk qorxmuş, sinif müəllimi Tamara müəllimə şagirdləri sakitləşdirmişdir. Onun övladı Tünzalə müəllimədən qorxduğuna görə məktəbə getmək istəmir. O, özbaşınalığa son qoyulmasını xahiş etmişdir.
35. İmişli rayon prokurorluğunun Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbiliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli təqdimatından görünür ki, 13 may 2025-ci il tarixdə məktəbdə baş vermiş hadisə zəminində İmişli rayonunun Qaragüvəndikli kənd tam orta məktəbində baş vermiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə qanunamüvafiq tədbirlər görülməklə, "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 №-li qərarı itə təsdiq edilmiş "Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərinə əməl olunmasının təmin edilməsi, təqdimata baxılması və görülmüş tədbirlər barədə qanunla müəyyən olunan bir aydan gec olmayaraq İmişli rayon prokurorluğuna yazılı məlumat verilməsi təklif edilmişdir.
36. Məhkəmə iclasında cavabdeh iddia müddəti tətbiq edilməsi barədə ərizə təqdim etməklə iddianın rədd edilməsini xahiş etmişdir.
37. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub- pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).”
38. Məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlarla iddianın əsaslılığı təsdiqini tapsa belə, iddia müddəti tətbiq edilməsi barədə ərizənin dəlilləri nəzərə alınmaqla iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, mübahisələndirilən 22 may 2025-ci il tarixli 30 nömrəli əmr xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı sifarişli xəbərnamə ilə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı həmin əmri 25-26 may tarixində məktəbdə poçt vasitəsilə aldığını bildirmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışla müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə mediasiyaya, xx.xx.2025-ci il tarixdə isə məhkəməyə müraciət olunmuşdur.
39. Məhkəmə hesab edir ki, iddiaçının bir tələbi əmrin ləğvi olmaqla o Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən hüququnun pozulduğunu aşkar etdiyi gündən-yəni müvafiq əmrin verildiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli idi. Həmin müddət ərzində iddiaçı əmri mübahisələndirməməklə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş bir aylıq iddia müddətini ötürmüşdür.
40. Digər tərəfdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırki işdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
41. Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
42. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
43. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir.
44. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.)
45. Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).
46. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
47. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
48. İddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı əmrin ləğvindən başqa, iddiaçıya vurulmuş mənəvi zərərə görə 4000 manat məbləğində təzminatın cavabdehdən iddiaçının xeyrinə tutulması tələbini də irəli sürmüş və “Liman” hospitalın xx.xx.2025-ci il tarixli arayışını əsas götürmüşdür. Həmin arayışdan görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2025-ci il tarixdə “Liman” hospitalda həkim nevroloqun qəbulunda olmuş, ambulator müalicə məsləhət görülmüş, keçirilmiş stresdən sonrakı nevrotik vəziyyət diaqnozu qoyulmuşdur. (müalicə həkimi: Əliyev E., Baş həkim: İsmayılov R.)
49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, mənəvi təzminatın təyinatı - hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.
50. Məhkəmə mənməvi zərərlə bağlı iddiaçının tələbinə təqdim olunmuş sübutlarla qiymət verərək hesab edir ki, iddianın əsaslılığı həmin hissədə təsdiqini tapmamaış, bununla bağlı yetərli sübutlar təqdim olunmamış, qeyd edilən qərarda göstərildiyi kimi, iddiaçının sağlamlığına zərər vurulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi müəyyən olunmamışdır.
51. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.
52. Məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir.
Vİ. Nəticə:
53. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülsaba Ağayeva.