Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-269/2021 03.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaqdan çıxarılma, əldən çıxmış fayda və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahələrindən cavabdehin çıxarılması, ondan 60102 manat məbləğində əldən çıxmış faydanın alınıb onlara verilməsi və onun torpağa sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə bağlı maneçilik törədən hərəkətlərinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırılmışlar ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2002-ci il tarixli qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə İmişli rayonunun Qulubəyli kəndində 2.61 hektar torpaq sahəsi verilmişdir. Həmçinin İmişli rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2002-ci il tarixli qərarı ilə İddiaçı2 və onun ailə üzvlərinə İmişli rayonunun Qulubəyli kəndində 2.18 hektar torpaq sahəsi verilmişdir. Torpaq sahələri verildiyi tarixdən hal-hazıra qədər onlar həmin torpaq sahələrindən istifadə edə bilməmişlər. Uzun müddət torpaqlardan istifadə edə bilməmələrinin nəticəsində onlar ümumilikdə 60102 manat faydadan məhrum olmuşlar. Cavabdeh həmin torpaqları qanunsuz olaraq zəbt etmiş və dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq onlara qaytarmaqdan imtina etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdilər və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi tam olaraq əsassızdır belə ki, iddiaçıların iddia etdikləri torpaq sahələrinə dair dövlət aktları Apelyasiya məhkəməsi tərəfindən ləğv olunmuş və həmin torpaq sahələri üzərində iddiaçıların heç bir mülkiyyət hüququ yoxdur. Lakin buna baxmayaraq ona qarşı əsassız iddia qaldırılmışdır. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin əsasını “Torpağa mülkiyyət hüququna dair” JN-0181 saylı 90700078 kodlu və JN-0180 saylı 90700078 saylı dövlət aktları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 1mk-1779/04 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 7 nəfər ailə üzvləri ilə birlikdə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0181 saylı 90700078 kodlu və İddiaçı2 3 nəfər ailə üzvləri ilə birlikdə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0180 saylı 90700078 kodlu dövlət aktları ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məkhəməsinin xx xxxxxx 2004-cü il tarixli, 6 K-2088 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 1mk-1779/04 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, işin faktiki halları iddia tələbinin rədd olunması üçün əsasdır, ona görə də iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-269/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-269/2021
03.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver