Məhkəmə qərarları › İş №2(036)-2755/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2755/2020

16.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2755/2020 16.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi daşınar əşyanın sahibsiz hesab edilərək mülkiyyətə verilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək istifadəsində olan İJ-Yupiter-5 markalı, yedəkli motosikletin sahibsiz hesab edilməklə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 20 il bundan əvvəl İJ-Planeta-5 markalı, mühərrik nömrəsi ИК-134074, rama nömrəsi 710702, buraxılış ili 1989-cu il olan, qara rəngli, yedəkli motosiklet almışdır. Həmin vaxtdan qeyd olunan motosiklet onun faktiki istifadəsindədir. Motosiklet hazırda saz vəziyyətdədir, mülkiyyətçisi yoxdur və onun mülkiyyətini heç kim mübahisələndirmir. Həmin motosikleti idarə edərkən İmişli RPŞ-nin DYP-nin əməkdaşları onu saxlayaraq mülkiyyət sənədləri tələb edir. Lakin onun mülkiyyət sənədləri olmadığından motosikleti sərbəst şəkildə idarə edə bilmir və motosikleti öz mülkiyyətinə başqa qaydada rəsmiləşdirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs İmişli rayon 11 saylı regional Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə icasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan “İmişli VAZ təmir stansiyası” tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş 118 nömrəli nəqliyyat vasitəsinin texniki müayinə aktından görünür ki, Ərizəçi istifadəsində olan İJ-Planeta-5 markalı, mühərrik nömrəsi ИК-134074, rama nömrəsi 710702, buraxılış ili 1989-cu il olan, qara rəngli, qeydiyyat nömrəsi olmayan yedəkli motosikletdə texniki nasazlıqlar aşkar olunmamış, şinlərin vəziyyəti yararlı, sayğacın vəziyyəti işlək olmaqla texniki vəziyyəti sazdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 184.1-ci maddəsinə əsasən əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Həmin Məcəllənin 185.1-ci maddəsinə əsasən mülkiyyət hüququndan imtina etmək məqsədilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətlərinə yönəldə bilər. Həmin Məcəllənin 185.3-cü maddəsinə əsasən atılmış başqa əmlak ona sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab edilir. Azərbaycan Respublikası MPM-nin 323.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərərək hesab edir ki, İJ-Planeta-5 markalı, mühərrik nömrəsi ИК-134074, rama nömrəsi 710702, buraxılış ili 1989-cu il olan, qara rəngli, yedəkli motosiklet sahibsiz hesab edilməli və Ərizəçi mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. İJ-Planeta-5 markalı, mühərrik nömrəsi ИК-134074, rama nömrəsi 710702, buraxılış ili 1989-cu il olan, qara rəngli, yedəkli motosiklet sahibsiz hesab edilsin və Ərizəçi mülkiyyətinə verilsin. Qətnamə daşınar əmlakın dövlət qeydiyyatına alınması üçün əsasdır. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: QurbanHacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar