Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2763/2021 28.12.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 24 iyun 2019-cu il tarixli, 1657 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın etibarsız hesab edilməklə nikahın hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh valideyinlərinin təşəbbüsü ilə nişanlanmışdırlar. Nişanlı olmaqda məqsədləri bir-birlərini tanımaq olmuşdur. Lakin cavabdehin özünün və valideyinlərinin yalan üzrə qurulmuş hədsiz təkidləri nəticəsində 24 iyun 2019-cu ildə rəsmi nikaha daxil olmuşdurlar. Həmçinin cavabdehlə yaxın münasibətləri, toy mərasimi və heç bir ər-arvadlıq münasibətləri olmamış, birgə təsərrüfat aparmamışdırlar. Onlar əvvəlcədən razılaşmış məqsədlərinə çatmaq üçün yataqxanada onlara ev veriləcəyini nəzərə alaraq saxta nikah bağlanmasına razı olmuşdurlar. Nikah, cavabdehin onu evlərinə qeydiyyata aldıqdan sonra bağlanmalı idi, lakin onlarda bu şərtə əməl etməmiş və onu aldatmışdırlar. Nikahın ailə münasibətlərindən qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasıdan danışmaq absurddur. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbini tam şəkildə qəbul edir. Belə ki, onun İddiaçı ilə evlənmək fikri olmamış, iddiaçı ilə dörd ilə nişanlı olmuş ancaq faktiki nikah münasibətləri olmamışdır. Ona görə də, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZ-İİ 345596 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında nikah 24 iyun 2019-cu il tarixdə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və həmin nikah 1657 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İşə əlavə edilmiş 18 oktyabr 2021-ci il tarixli, 005508 saylı X1 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh 18 oktyabr 2021-ci il tarixində, 15:30 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin, tərəflər mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Göründüyü kimi tərəflər arasında nikah bağlansada, məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurmamışlar və hər ikisinin ailə qurmaq niyyəti də yoxdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddaçı İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 24 iyun 2019-cu il tarixli, 1657 nömrəli akt qeydi ilə qeydə alınmış nikah bağlandığı gündən etibarsız sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25 - 28ci maddələrini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216 - 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 24 iyun 2019-cu il tarixli, 1657 nömrəli akt qeydi ilə qeydə alınmış nikah bağlandığı gündən etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2763/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2763/2021
28.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver