Məhkəmə qərarları › İş №2(036)-31/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-31/2024

29.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-31/2024 29.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonunun Qaradonlu kəndində öz vəsaiti hesabına tikdiyi və hal-hazırda cavabdehin yaşadığı mişar daşından inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı ilin dekabr ayında Cavabdeh ilə faktiki nikaha daxil olmaqla evlənmiş, 2018-ci ildə bir uşaqları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra birgə yaşamaları üçün ev tikmək məqsədilə özünə məxsus 40 baş iribuynuzlu, 15 baş xırda buynuzlu heyvanlarını və ailə qurmazdan əvvəl aldığı qızıl-zinyət əşyalarını satıb 10000 ədəd mişar daşı və digər tikinti materialları almış və İmişli rayonunun Qaradonlu kəndində iki mərtəbəli ev tikdirmişdir. Həmin evin bütün materialları və usta xərcləri onun tərəfindən ödənilmişdir. Bütün bunlara baxmayaraq 02 avqust 2022-ci il tarixdə cavabdeh onu döyüb xəsarət yetirərək, məcburi qaydada evdən çıxarmışdır. Aralarında olan mübahisəni məhkəmədənkənar qaydada həll edə bilməmişlər. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. AZ-N № 588465 nömrəli nikah haqqında şəhadətnamə ilə müəyyən olur ki, Cavabdeh və X6 arasında xx.xx.2023-cü il tarixdə İmişli “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 533 nömrə ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Rəhimova” soyadı verilmişdir.

4. AZ-İ № 296980 nömrəli nikahın pozulması haqqında şəhadətnamə ilə müəyyən olur ki, X4 və X3 (İddiaçı) arasında olan nikah xx.xx.2018-ci il tarixdə İmişli rayon qeydiyyat şöbəsində ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 107 nömrə ilə qeyd edilmiş və nikah ləğv edildikdən sonra qadina “Əsədova” soyadı verilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/8511 saylı ekspert rəyindən görünür ki, İmişli rayonunun Qaradonlu kəndi yaxınlığında Cavabdeh yaşadığı mişar daşından inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin və köməkçi tikililərin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsi 9 saylı X5 Mərkəzinin İmişli rayonunun ərazisində olan torpaq sahəsinin sərhədləri daxlində yerləşməklə dövlət mülkiyyətinə aid torpaq sahəsidir və Cavabdeh istifadəsindədir. Qeyd olunan həyətyanı torpaq sahəsinə aid mülkiyyət hüququna dair hüquqmüəyyənedici sənədlər mövcud deyildir. İmişli rayonunun Qaradonlu kəndi yaxınlığında Cavabdeh yaşadığı mişar daşından inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin və köməkçi tikililərin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsi başqa mülkiyyətçilərin həyətyanı torpaq sahələri ilə üst-üstə düşmür. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, iddiaçı ilə rəsmi nikaha daxil olmamışlar və onlar qanunla ər-arvad deyil. Eyni zamanda iddiaçı onun yaşaığı evdə qeydiyyatda deyil. İddiaçının mübahisələndirdiyi fərdi yaşayış evinin heç bir mülkiyyət sənədi yoxdur. Qanuna görə isə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilə yaşayış sahəsinin mülkiyyətçinin razılığı ilə onun ailə üzvlərinin istifadə hüququ tanına bilər. İddiaçı isə onun ailə üzvü deyildir və onun mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış heç bir əmlak yoxdur. Ona görə də iddianı əsassız hesab edir. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. İddiaçı və vəkili X7 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

8. Məhkəmənin əvvəlki iclasında iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

9. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

10. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

11. Maddə 152.1. Mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

12. Maddə 157.4. Mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

13. Maddə 16. Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır.

14. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

15. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

22. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmamalıdır.

23. Belə ki, məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 9 saylı X5 Mərkəzinin İmişli rayonunun ərazisində olan torpaq sahəsinin sərhədləri daxlində yerləşməklə dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Həmin fərdi yaşayış evinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və cavabdeh həmin mənzilin mülkiyyətçisi deyil.

24. Tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2016-cı ildə yaranmışdır

25. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

26. Ona görə də, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarının təsiri altına düşür və həmin qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilməlidir.

27. Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir.

28. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri).

29. Qanunvericilik mənzil hüququnun əsası kimi aşağıdakı halların müəyyən edilməsini şərtləndirir:

30. Köçürülmənin tələb edildiyi yaşayış sahəsi mülki qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak hesab edilirmi?

31. Yaşayış sahəsi Mənzil Məcəlləsinin 12.1-12.3-cü maddələrinin tələblərinə cavab verirmi?

32. Mülki və mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq mənzil hüququ yaranmışdırmı?

33. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

34. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

35. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

36. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir.

37. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında izah edilir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

39. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarında "Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə 4 üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir".

40. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

41. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

42. Göründüyü kimi şərh olunan hüquq normaları yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə bağlanmış razılaşma ilə şərtləndirir. Başqa sözlə, istifadəçi ilə mülkiyyətiçi arasında mənzildən istifadə ilə bağlı razılaşma olmadığı halda onun mənzildən ümumiyyətlə, istifadə hüququ yarana bilməz.

43. Hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir.

44. Mənzil qanunverciliyinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

45. İddiaçı Cavabdeh ilə ailə münasibətlərindən yaranan hər hansı hüquq və vəzifələri olmadığından, o, mübahisəli yaşayış evi üzərində hər hansı hüquqa malik ola bilməz və bu səbəbdən də iddiaçının yaşayış evinə köçürülmə barədə iddia tələbi əsassızdır.

46. Məhkəmə hesab edir ki, dövlət mülkiyyətində olan torpaq sahəsinin müdafiəsi əvəzinə orada qanunsuz inşa edilmiş yaşayış evinə hər hansı bir şəxsin köçürülməklə ondan istifadə hüququnun tanınması dövlətin mənafelərinə ziddir.

47. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən dövlətin mənafeləri əleyhinə istifadə edilə bilməz.

48. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsasız olduğundan təmin edilməməlidir.

49. İş üzrə keçrilmiş məhkəmə tikinti-texniki ekspertizasına sərf edilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

50. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesab adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖENİ: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar