Məhkəmə qərarları › İş №2(036)-3129/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-3129/2025

15.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-3129/2025 15.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən Cavabdeh1 İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində qanunsuz yolla 1200 kvm torpaq sahəsinə verilmiş **********18 nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışın ləğv edilməsi, cavabdehlər Quliyev Hüseyn oğlunun və X1 torpaq sahəsinin alqı-satqısı barədə bağlanılmış müqavilələrinin ləğv edilməsi və torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı keçmiş sədri İman İbrahimov bələdiyyənin 22 yanvar 2025-ci il tarixli 02 saylı iclasını keçirərək saxta protokol tərtib edərək 9 nəfər bələdiyyə üzvündən 5 nəfərinin iştirak etdiyini göstərmiş, halbuki yetərsay olmamışdır. Protokolda adı göstərilən bələdiyyə üzvü X4 həmin vaxt təhsillə əlaqədar Türkiyə Respublikasında olmuşdur və hazırda da orada təhsilini davam etdirir. İclasda bələdiyyənin 9 üzvündən 4-ü, yəni yarıdan az iştirak etdiyindən iclas qeyri-qanuni keçirilmiş və qəbul edilən qərarlar qanuna zidd olmuşdur. Həmin iclasda Cavabdeh1 və Cavabdeh2 hər birinə ayrı-ayrılıqda 1200 kvm həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Halbuki, Cavabdeh1 faktiki İmişli rayonunun Boşçallar kəndində yaşayır, Bəhrəmtəpə qəsəbəsinə torpaq sahəsi almaqdan ötrü qeydiyyata durmuşdur. Qanuna görə torpaq sahəsi hərrac və müsabiqə yolu ilə satıla bilərdi, lakin hərrac və müsabiqə keçirilməyib. Cavabdeh1 qeyri-qanuni verilmiş torpaq sahəsinə dediyinə görə çıxarış almış və fərdi yaşayış evinin tikintisinə başlamışdır. Bələdiyyənin 22 yanvar 2025-ci il tarixli 02 saylı iclas protokol qərarı bələdiyyənin xx.xx.2025-ci il tarixli 16 saylı iclas protokolunun qərarı ilə ləğv edilmişdir. Cavabdeh1 verilmiş alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi, tikintinin dayandırılması və torpaq sahəsindən çıxarılması, habelə Cavabdeh2 torpaq sahəsinin alqı-satqısı barədə bağlanmış müqavilənin ləğv edilməsi və torpaq sahəsindən çıxarılması barədə məhkəmədə iddia qaldırılmalıdır. Torpaq sahəsini boşaltmasını cavabdehlərdən tələb etsə də, cavabdehlər torpaq sahəsini boşaldıb əvvəlki vəziyyətinə gətirib bələdiyyəyə təhvil verməkdən qəti olaraq imtina etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi iddia tələbini müdafiə edərək, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəmə araşdırılmasının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə, tərəfləri dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İmişli rayonu, Bəhrəmtəpə bələdiyyəsinin 22 yanvar 2025-ci il tarixli 02 saylı protokolundan çıxarışdan görünür ki, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən ayrı-ayrılıqda olmaqla 1200 kv.m həyətyanı torpaq sahəsinin müsabiqədən kənar fərdi yaşayış evinin tikintisi məqsədilə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşayan və 5 ildən artıq qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə alqı-satqı qaydasında verilməsi qərara alınmışdır. AN-İ seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı qismində çıxış edən İddiaçı mülkiyyətində olan Bəhrəmtəpə qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. AN-İ seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı qismində çıxış edən İddiaçı mülkiyyətində olan Bəhrəmtəpə qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. İddiaçı hazırki iddia tələbi ilə Cavabdeh1 adına verilmiş **********18 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışın, AN-İ seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli və AN-İ seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli alqı- -satqı müqavilələrinin ləğv edilməsini tələb etsə də, həmin alqı-satqı müqavilələri inzibati akt hesab edilən – İddiaçı 22 yanvar 2025-ci il tarixli 02 saylı qərarı əsasında bağlanmışdır və cavabdeh tərəfindən çıxarış alınmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarına əsasən: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə, göründüyü kimi iddianın faktiki əsasını İmişli rayonu, Bəhrəmtəpə bələdiyyəsinin 22 yanvar 2025-ci il tarixli 02 saylı qərarının qanunsuzluğu təşkil etdiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna və Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, müvafiq iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar