Məhkəmə qərarları › İş №2(036)-3178/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3178/2025

01.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3178/2025 01.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cehiz əmlakın fərdi yaşayış evfindən çıxarılması” tələbinə dair mülki mübahisə (açar sözlər: cehiz əmlakın fərdi yaşayış evfindən çıxarılması, mülkiyyət hüququnun müdafiəsi) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin cehiz əşyalarının iddiaçının mülkiyyətində olan İmişli rayonu, Hacalmuradlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehə məxsus cehiz əşyalarının İmişli rayon, Hacalmuradlı kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2005-ci ildə iddiaçının oğlu X3 ilə evlənmişdir. Nikahlarını isə 2007-ci ildə rəsmiləşdirmişlər. Onlar ailə qurarkən cavabdeh iddiaçıya məxsus evə gəlin köçmüş və cehiz əşyalarını da ona məxsus evə gətirmişdir. Onların birgə nikahlarından 2006-cı ildə Asif adlı bir uşaqları olmuşdur. Sonradan münasibətləri pisləşdiyindən İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)- 02/2014 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahın pozulmasından sonra Cavabdeh könüllü olaraq ona məxsus evi tərk edərək yaşayış yerini dəyişmiş, lakin evi tərk edərkən cehiz əşyalarının bir qismini özü ilə aparmamışdır. Cavabdeh yaşayış yerini dəyişdikdən sonra yeni dami yaşayış yeri əldə etməsi üçün ona 1000 manat məbləğində pul vermişəm. Bu barədə müvafiq qəbz də vardır. Əlavə olaraq iddiaçının fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmışdır. Cavabdeh 10 ildən artıq müddətdir ki, həmin evdə yaşamır və hazırda özünün daimi yaşayış yeri vardır. Bütün bunlara baxmayaraq cavabdeh iddiaçıya məxsus yaşayış evindən cehiz əşyalarını çıxarmır. Bu səbəbdən iddiaçı fərdi yaşayış evindən, yəni mülkiyyətindən öz istədiyi kimi sərbəst istifadə edə bilmir. Mübahisə predmeti olan mənzilə dair hüquqlar iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, lakin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı cavabdeh ilə aralarında notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyildir. Bundan başqa cavabdeh iddiaçının maddi köməkliyi ilə özünü yaşayış sahəsi ilə təmin etmişdir.

II. Tərəflərin mövqeləri:

3. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ona məxsus fərdi yaşayış evi cavabdehə məhkəmə tərəfindən yaşamaq üçün verilmişdir. Lakin cavabdeh həmin evdə bir gün belə yaşamamışdır. Onun 78 yaşı var, xəstədir və həyat yoldaşı yoxdur. Fərdi yaşayış evi ona məxsusdur və qanuni sənədləri vardır. Cavabdehə 1000 manat kompensasiya vermişdir, bundan başqa ona heç bir köməklik edə bilməz. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Daha sonra iddiaçı məhkəmədən ərizənin baxılmamış saxlanmasını xahiş etsə də, cavabdeh iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçıya məxsus evdən onun istifadə hüququ məhkəmə tərəfindən tanınmışdır. 6 il həmin evdə yaşamış, lakin iddiaçı və onun arvadı tərəfindən ona həmin yerdə yaşamağa imkan yaradılmamışdır. İddiaçı dəfələrlə ona cehizlərini götürməsini, əks halda cehiz əşyalarını çölə atacağını bildirir. İddiaçı ona evini təmir etmək üçün maddi köməklik edərsə, cehizlərini yaşadığı yerə köçürə bilər. Bunu iddiaçıya bildirsə də, iddiaçı onunla razılaşmamışdır. Ona kompensasiya olaraq 7000 manat pul verilsə, cehiz əşyalarını evdən çıxarar. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60 hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

V. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-02/2014 saylı qətnaməsi ilə müəyyən olunur ki, iddiaçının oğlu X3 ilə Cavabdeh arasında olan nikah xx.xx.2014-cü il tarixdə pozulmuş, boşanmadan sonra birgə nikahdan doğulmuş xx.xx.2006-ci il təvəllüdlü Asif adlı uşağın X1 yanında saxlanması və uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü X1 xeyrinə X2 hər ay 70 (yetmiş) manat sabit məbləğində alimentin tutulması, alimentin tutulmasının 12 fevral 2014-cü il tarixdən hesablanması qət edilmişdir.

10. İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-687/2014 saylı digər qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İmişli rayon Hacalmuradlı kəndində 119 kv.m torpaq sahəsində yerləşən 2 otaqdan və bir zaldan ibarət İddiaçı məxsus fərdi yaşayış evinə yaşayış hüququnun tanınması və Cavabdeh uşağı-xx.xx.2006-cı il tarixdə doğulmuş X5 ilə birlikdə həmin evə köçürülməsi, fərdi yaşayış evinin kommunal xidmət sahələrindən tərəflərin ümumi qaydada istifadə etməsi qət edilmişdir. Həmin qətnamə üzrə iddiaçının iddia ərizəsinin və cavabdehin etirazının dəlillərinə əsasən Cavabdeh həmin evə gəlin köçdüyü vaxtdan bütün cehiz əşyalarını o evə yığmışdır.

11. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(106)-959/2014 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-687/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Muğanbankın İmişli filialında edilmiş xx.xx.2009-cu il tarixli köçürmə barədə bildirişə əsasən İddiaçı Cavabdeh adına 1000 manat pul köçürmüş, köçürmənin təyinatı “1 otaq üçün ona verilən pay” kimi qeyd olunmuşdur.

13. İşin mübahisəsiz hallarına görə cavabdeh iddiaçının keçmiş gəlinidir. İstinad olunan məhkəmə qətnamələri ilə iddiaçının oğlu ilə cavabdeh arasında olan nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü uşağın cavabdehin yanında saxlanması və aliment məsələləri həll edilmiş, iddiaçının gəlininin və nəvəsinin onun fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

14. Hazırda iddiaçı cavabdehə məxsus cehizlərin onun evindən çıxarılması tələbini irəli sürmüş, mövqeyini onunla əsaslandırmışdır ki, cehizlərin həmin mənzildə yerləşməsi onun mülkiyyət hüququnu pozur, həmin ev onun xüsusi mülkiyyətindədir, fərdi yaşayış evinə xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən onun adına çıxarış verilmişdir. Cavabdeh 10 ildən artıqdır ki, həmin evdə yaşamır, lakin cehizlərini də mənzildən çıxarmır. O bir otaq üçün cavabdehə 1000 manat köçürmə də etmişdir. İllərlə mənzilində cehiz əmlaklar yer tutur.

15. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, o həmin mənzilə köçürülsə də, bir gün belə yaşaya bilməmişdir, çünki qaynata və qaynanası ona imkan verməmişlər. Onun yarımçıq tikili evi vardır. Hazırda iddiaçı ona 7000 manat kompensasiya versə, evində tikinti işlərini tamamlayar və cehizlərini həmin evdən çıxarıb öz evinə köçürər. Cehiz əmlakını aparmağa heç bir yeri yoxdur.

16. Məhkəmə hazırki iddianı əsassız hesab edir. Belə ki, mənzildə cehiz əmlaklarının yerləşdirilməsinin hüquqi əsası cavabdehin həmin mənzilə istifadə hüququnun tanınması ilə bağlı məhkəmə qətnamələridir. Həmin məhkəmə qətnamələrinin və cavabdehin mənzilə istifadə hüququnun mövcudluğu şəraitində hazırki iddia təmin edilə bilməz. İddiaçının cavabdehə pul verməsi və bununla da istifadə hüququnun olmaması ilə bağlı qeyd edilməlidir ki, cavabdeh həmin pulu övladının əməliyyat olması ilə bağlı iddiaçının verdiyini bildirmişdir. Bununla bağlı tərəflər arasında hər hansı razılığın olmadığı müəyyən olunmuşdur.

17. Məhkəmə qeyd edir ki, məhkəmə aktı ilə yarandığı təsbit edilmiş mənzildən istifadə hüququna yaşayış sahəsinə ehtiyacın aradan qalxmasına görə kompensasiya ödənilmədən xitam verilə bilər. Belə ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.

18. İddiaçı da iddia ərizəsində cehiz əmlaklarının çıxarılması tələbini onunla əsaslandırmışdır ki, cavabdeh həmin mənzildən uzun müddətdir ki, istifadə etmir.

19. Məhkəmə vurğulayır ki, mənzildən istifadə hüququnun itirilməsi üçün hüquq sahibinin mülkiyyətində başqa yaşayış sahəsinin olması, yaxud başqa yerdə mənzildən istifadə hüququ əldə etməsi məcburi şərt deyil. Bu hallar istifadə hüququnun itirilməsinə əsas olsa da, bir şəxsin öz iradəsi daxilində, daimi olaraq və uzun müddət başqa ünvanda yaşaması da işin hallarına görə həmin hüququnun itirilməsinə əsas verə bilər.

20. Belə hallar qiymətləndirilərkən istifadə hüququ sahibinin mübahisəli mənzilə köçməməsinin səbəb(lər)i, bu halın onun öz iradəsindən qaynaqlandığı, yoxsa başqalarının maneçilik törətdikləri, maneçilik olmuşsa bunun üçün tələbkarın gördüyü tədbirlərin, yəni özünün prosessual fəallığının nədən ibarət olması (icra məmuruna və digər aidiyyəti orqanlara müraciət edib-etməməsi), etməmişsə bunun səbəbləri, öz həyatını davamlı olaraq başqa yaşayış yerində qurması, həmin yerdə qaldığı müddətin uzunluğu və sair diqqətəlayiq hallar nəzərə alınmalıdır. Həmin xüsusatların aydınlaşdırılması təxminən 10 il müddətində başqa ünvanda yaşayan cavabdehin mübahisəli mənzilə olan ehtiyacının aradan qalxıb-qalxmamasına düzgün hüquqi qiymət verilməsi üçün əhəmiyyətlidir.

21. Baxılan işdə cavabdehin mübahisəli mənzilə köçürülməsinə dair icra icraatının gedişi, nəticəsi, cavabdehin sözügedən yaşayış sahəsinə köçürülməməsinin konkret səbəbləri, bunun iddiaçıdan qaynaqlandığı, yoxsa cavabdehin iradəsindən irəli gəldiyi və digər mühüm hallar tam və hərtərəfli şəkildə araşdırılmaqla həmin hallara, cehiz əmlakların fərdi yaşayış evindən çıxarılması tələbinə dair icraatda deyil, mənzilə istifadə hüququna xitam verilməsi tələbi ilə bağlı icraatda qiymət verilə bilər.

22. Hazırki halda isə mənzilə istifadə hüququnun mövcudluğu həmin hüquq sahibi olan cavabdehin cehiz əmlaklarının həmin mənzildən çıxarılmasının mümkünlüyünü istisna edir. Bu səbəbdən iddia təmin edilə bilməz.

23. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

24. İş materialında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.

25. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən 100 manat dövlət rüsumundan ibarət məhkəmə xərci iddiaçının özünə aid edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumundan ibarət məhkəmə xərci iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar