Məhkəmə qərarları › İş №2(036)-320/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-320/2025

22.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-320/2025 22.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X2 və cavabdeh İmişli Su X1 İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh İmişli Su X1 İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İmişli Su X1 İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, İmişli Su X1 idarəsinin rəisi Samir Məmmədovun 27 may 2024-cü il tarixli 001 nömrəli əmrinin ləvğ edilməsi və onun əvvəlki işinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, İmişli Su X1 idarəsinin 10 sentyabr 2024-cü il tarixli 61 nömrəli əmrinin ləğv edilməsi və onun əvvəlki işinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı himayəsində üç az yaşlı uşağı olmaqla heç bir yerdən gəliri yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh İmişli Su X1 İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, nümayəndəsi olduğu müəssisədə bir neçə ştat vahidi ixtisara düşmüşdür. İxtisara düşmüş ştat vahidlərində çalışanlardan biri də İddiaçıdur. Qanunvericiliyin tələbinə görə ştat vahidi ləğv edildikdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə birtərəfli qaydada xitam verilə bilər. Ona görə də hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmadığından iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı İmişli Su X1 İdarəsində meşəçi (gözətçi) vəzifəsinə işə qəbul edilməsi barədə İmişli Su X1 İdarəsinin sabiq rəhbəri X6 ilə aralarında xx.xx.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsi N.S.Məmmədovun xx.xx.2021-ci il tarixli, 95 nömrəli əmri ilə rəsmiləşdirilmişdir. İmişli Su X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 61 nömrəli əmri ilə İmişli Su X1 İdarəsinin meşə zolağının gözətçisi vəzifəsində çalışan İddiaçı və digərlərinin əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, işçi İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra əmək hüquqlarının pozulması barədə X9 Xidmətinin Mil-Muğan regional şöbəsinə müraciət etmiş, onun müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra müvafiq sənədlər idarənin Həmkarlar İttifaqı Komitəsinin müzakirəsinə göndərilmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi bir daha vurğulanır ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Lakin, işəgötürən İmişli Su X1 İdarəsi qabaqcadan idarənin Həmkarlar İttifaqı Komitəsinin razılığını almadan işçi İddiaçı əmək müqaviləsinə xitam verməklə Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Həmçinin, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilsə də, son haqqıhesab işçiyə işdən çıxdığı gün ödənilməmiş, xx.xx.2024-cü il tarixdə hesabına köçürülmüşdür. Bununla da, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozulmuşdur. İşdən görünür ki, qeyd olunan pozuntu hallarına görə X9 Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən 19 noyabr 2024-cü il tarixdə işəgötürən İmişli Su X1 İdarəsinin rəisi Samir Məmmədov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə MN2122042 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokola əsasən 22 oktyabr 2024-cü il tarixdə işəgötürən İmişli Su X1 İdarəsinin rəisi Samir Məmmədov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmiş və törətdiyi hüquqpozmanı aradan qaldırması üçün ona 30 gün müddət verilmişdir. S.Məmmədov protokolu mübahisələndirməmiş və cəriməni ödəmişdir. Lakin, S.Məmmədov törətdiyi hüquqpozmanı aradan qaldırması üçün hər hansı tədbir görməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İmişli Su X1 İdarəsinin işçi ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verməzdən əvvəl idarənin Həmkarlar İttifaqı Komitəsinin razılığını almadan işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İmişli Su X1 İdarəsinin “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 61 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilməli, İddiaçı İmişli Su X1 İdarəsinə “meşə zolağının gözətçisi” vəzifəsinə bərpa edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İmişli Su X1 İdarəsinin “əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 61 nömrəli əmri ləğv edilsin. İddiaçı İmişli Su X1 İdarəsinə “meşə zolağının gözətçisi” vəzifəsinə bərpa edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar