Məhkəmə qərarları › İş №2(036)-3248/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3248/2025

04.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3248/2025 04.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair (Açar sözlər: işə bərpa) Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X25 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti: 1.İddiaçı cavabdeh X3 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, X3 İdarəsinin İmişli şəhər Uşaq Musiqi məktəbinin xx.xx.2025-ci il tarixli 32 saylı əmrinin ləğv edilməsi, İmişli şəhər Uşaq Musiqi məktəbinin tar müəllimi vəzifəsinə bərpa olunmağı və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1982-ci ildən bu vaxta kimi İmişli rayon Musiqi məktəbində tar müəllimi vəzifəsində işləmişdir. Ümumi olaraq bu peşə üzrə 40 (qırx) il 5 (beş) ay iş stajı vardır. 10 iyun 2025-ci il tarixdə o, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Bakı şəhərində təşkil edərək keçirdiyi attestasiya imtahanından keçmək üçün iştirak etmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Bakı şəhərində təşkil etdiyi həmin imtahanda ona verilən sualların 70%-nə mükəmməl səviyyədə cavab verməyinə baxmayaraq, komissiya üzvlərinin hamısı, çox təəccüblü də olsa, ona sıfır bal vermişlər. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Bakı şəhərində təşkil etdiyi həmin imtahanın müddəti 25 dəqiqə olduğu halda, imtahan faktiki olaraq 1 saatdan çox davam etmişdir. O, imtahan müddətinin ilk 15 dəqiqəsini tarda, 10 dəqiqəsini isə fortepianoda ifa edərək sualları cavablandırmışdır. İmtahanın çox qərəzli tərəfi ondan ibarət olmuşdur ki, o, tar müəllimi olduğu halda, heç bir aidiyyəti olmamasına baxmayaraq, hansı səbəbdənsə, imtahan götürən şəxslər heç bir əsas və səbəb olmadan ona fortepiano üzrə suallara cavab verməyini və fortepianoda ifa etməyini tələb etmişlər. Bütün imtahan müddətində bütün proseslər video-kamera vasitəsilə qeydə alınmışdır. Heç gözlənilmədiyi halda, imtahanın nəticəsi kimi onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən (Əmək müqaviləsinin (c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən ləğv edilməsi) işdən azad etmişlər. Halbuki Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Ancaq İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən İşçilərin əmək müqavilələri ləğv edilə bilməz. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Eyni zamanda, Attestasiya komissiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə komissiyasının üzvləri tərəfindən bu tələb pozularaq, ona tutduğu vəzifəyə, alınır. Lakin Attestasiya ixtisasına uyğun suallar verilməmişdir. Bildirir ki, onun 59 yaşı var. 40 il 5 ay ərzində işlədiyi müddətdə bir çox şagirdlərin orta ixtisas musiqi məktəblərinə qəbul olunmuşlar. O, Mil X11 İdarəsinin İmişli rayon Uşaq Musiqi Məktəbində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət etmiş və Xidmətinin Mil-Muğan regional şöbəsində müraciətinə baxılaraq bildirilmişdir ki, “komissiya üzvləri tərəfindən xx.xx.2025-ci il tarixdə attestasiya keçrilərkən Sizə ixtisasınız üzrə verilmiş on doqquz sualdan altısını tam, altısını cox zəif və yeddisini isə cavablandırmamısınız. Nəticədə attetasiya komissiyası barənizdə tutuğunuz vəzifəyə uyğun gəlmədiyiniz ilə bağlı xx.xx.2025-ci il tarixli 2 nömrəli protokol təsdiq edilmiş və bunun əsasında işəgötürən sizinlə tar müəllimi vəzifəsi üzrə bağlanmış əmək müqavilənizə xx.xx.2025-ci il tarixli 32 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutuğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) bəndi ilə xx.xx.2025-ci il tarixdən xitam verildiyi, istifadə etmədiyiniz əmək məzuniyyətinə görə konpensasiya və 2025-ci ilin iyun ayının iş günlərinə görə əmək haqqınızla birlikdə hesablanmış 825,62 manat məbləğində son haqq-hesabınızın xx.xx.2025-ci il tarixdə sizin əmək haqqı bank hesabınıza köçürüldüyü müəyyən edilmişdir.” Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.Bununla da, onun Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində göstərilən "bərabərlik hüququ və 38-ci maddəsində təsbit olunmuş "sosial təminat hüququ" pozulmuşdur. Tərəflərin arasında olan mübahisənin mediasiya prosesində həlli ilə əlaqədar müraciət olunsada mediasiya prosesində razılıq əldə edilməmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh X3 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X3 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 32 nömrəli əmrin surətindən görünür ki, X3 İdarasi İmişli rayonu Uşaq Musiqi Məktəbi" bölməsində tar müəllimi vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış 4AWV883000300 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70."c" - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindan xitam verilmiş və işçinin xx.xx.2023 tarixindan xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 47 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə departamentinə həvalə edilmişdir. - X3 İdarasi İmişli şəhər Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli 32 nömrəli əmrin surətindən görünür ki, İmişli şəhər Uşaq Musiqi Məktəbinin tar müəllimi İddiaçı 30 iyun 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanlanmış X3 İdarəsinin İmişli rayon Uşaq Musiqi Məktəbində əmək hüquqlarının pozulması barədə müraciətinizə Xidmətinin Mil-Muğan regional şöbəsində baxılmışdır. Müraciət ilə əlaqədar izahatınızın alınması və əmək haqqı bank çıxarışının təqdim edilməsi məqsədilə ünvanınıza 3-17-5/2- Q-63049/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilmiş, X14 Xidmətinin Mil- Muğan regional şöbəsinə dəvət olunsanız da, gəlməmisiniz və əmək haqqı üzrə bank çıxarışı təqdim etməmisiniz. Müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi üçün tərəflərindən X3 İdarəsinin İmişli rayon Uşaq Musiqi Məktəbinin rəhbərliyinə göndərilmiş sorğuya verilmiş xx.xx.2025-ci tarixli 3-24-14/2-56/2025 nömrəli cavab məktubundan və əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçrilməsi Qaydaları"na uyğun olaraq Məktəb rəhbərliyi tərəfindən İşçilərin attestasiyadan keçrilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixli 67 nömrəli və xx.xx.2025-ci il tarixli 03 nömrəli əmrlərlə fortepiano musiqi nəzəriyyəsi ixtisasları və digər bütün ixtisaslar üzrə müəllimlərin attestasiyasının keçrilməsi məqsədi ilə komissiya yaradılmışdır. Təqdim olunmuş sənədlərə əsasən bildirilir ki, komissiya üzvüləri tərəfindən xx.xx.2025-ci il tarixdə attestasiya keçrilərkən sizə ixtisasınız üzrə verilmiş on doqquz sualdan altısını tam, altısını cox zəif və yeddisini isə cavablandırmamısınız. Nəticədə attetasiya komissiyası barənizdə tutuğunuz vəzifəyə uyğun gəlmədiyiniz ilə bağlı xx.xx.2025-ci il tarixli 2 nömrəli protokol təsdiq edilmiş və bunun əsasında işəgötürən sizinlə tar müəllimi vəzifəsi üzrə bağlanmış əmək müqavilənizə xx.xx.2025-ci il tarixli 32 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutuğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) bəndi ilə xx.xx.2025-ci il tarixdən xitam verildiyi, istifadə etmədiyiniz əmək məzuniyyətinə görə konpensasiya və 2025-ci ilin iyun ayının iş günlərinə görə əmək haqqınızla birlikdə hesablanmış 825,62 manat məbləğində son haqq-hesabınızın xx.xx.2025-ci il tarixdə sizin əmək haqqı bank hesabınıza köçürüldüyü müəyyən edilmişdir.” - Attestasiya vərəqəsinin surətindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar bğlməsində qeyd edilmişdir ki, “Not ifaçılığı: T.Quliyev "İlk bahar" -cox zəif ifa edildi. 2. P.İ. Çaykovski "Neopolitan"- çox zəif ifa edildi. 3. Y.Brams "Macar rəqsi çox zəif ifa edildi. 4. Do major qamması ifa edildi. 5. Septakkord nədir? Cavabladı. 6. Lya majorda dominant septakkordun quruluşu? Düzgün cavablamadı. 7. Təsnif nədir? Cavabladı. 8. Rəng nədir? Cavabladı. 9. Üzdən oxu: D.Şostakoviç 2 №-li Vals - çox zəif ifa edildi; təhlili -şox zəif təhlil edildi. 10. "Şur" muğamının ifası çox zəif ifa edildi. 11. Şur muğamının söbələri? Cavabladı. 12. Şur muğamından Bayatı Kürdə keçid etmək? ifa edə bilmədi. 13. Zərbi muğam "Qarabağ şikəstəsi"- Orta səviyyədə ifa edildi. 14. Şur muğamına aid Zərbi muğam? Cavablamadı. 15. Simayi şəms muğamını ifa edin - ifa edə bilmədi. 16. Xasiyyətli intervallar hansılardır? Düzgün cavablamadı. 17. Üçtonlu intervallar? Cavablamadı. 18. Si bemol major neçə işarəlidir? Cavablamadı. 19. Tar məktəbi kitabının neçə nəşri var? düzgün cavablamadı.” - ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə İmişli şəhər İncəsənət məktəbinə müəllim vəzifəsində olaraq işə başlamışdır, xx.xx.1999-cu il tarixdə həmin vəzifədən azad edilmişdir. xx.xx.1999-cu ildə “Ulduz KFT”də Baş mühasib vəzifəsində işə başlamışdır, xx.xx.2002-ci ildə həmin vəzifədən azad edilmişdir. xx.xx.2002-ci ildə Musiqi məktəbində tar müəllimi vəzifəsində işə başlamışdır, xx.xx.2016-cı il tarixdə həmin vəzifədən azad edilmişdir. xx.xx.2023-cü ildə X3 idarəsinin tabeliyində fəayilyyət göstərən uşaq musiqi məktəbində tar müəllimi vəzifəsində işə başlamışdır, xx.xx.2025-ci il tarixdə həmin vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən azad edilmişdir. - X3 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinin 67 nömrəli, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, 1. İmişli şəhər Uşaq Musiqi məktəbinin attestasiya komissiyasının Əsasnaməsi təsdiq edilsin.

2. İmişli şəhər Uşaq Musiqi məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin attestasiyasını həyata keçirmək məqsədilə hər biri 5 (beş) nəfərdən ibarət 2 (iki) attestasiya komissiyası yaradılsın və tərkibləri təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).

3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, İmişli şəhər Uşaq Musiqi məktəbinin əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na uyğun olaraq 2025-ci il fevralın 5-dən iyunun 5-dək attestasiyadan keçirilsinlər.

4. Komissiyaya tapşırılsın ki: 4.1. attestasiya prosesini aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və Azərbaycan Respublikası əmək qanunvericiliyinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"nın tələblərinə əməl edilməklə aparsın və nəticələrini rəsmiləşdirsin. 4.2. attestasiyadan keçən işçilərin fəaliyyətinin obyektiv qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsi üçün yalnız işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etsin. 4.3. attestasiyanın yalnız təqdim olunmuş proqrarn, habelə müvafiq yaradıcılıq tapşırıqları və işçinin gördüyü işlər haqqında məlumatlar əsasında keçirilməsini təmin etsin. 4.4. attestasiyadan keçən işçilərə yalnız tutduğu vəzifələrə, əmək funksiyalarına, ixtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə əmək müqavilələri ilə müəyyən edilmiş hüquqlar və vəzifələr dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməsini təmin etsin.

5. Bu əmrin tələblərinin pozulması müəssisədaxili intizam qaydalarının ciddi pozulması hesab edilsin və təqsirli işçilərin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas sayılsın.

6. Bu əmrlə aidiyyəti şəxslər tanış edilsin.

7. Attestasiyadan keçən işçilərin attestasiyanın keçirilməsinə azı 1 (bir) ay qalmış attestasiyanın tarixi, vaxtı və attestasiyanın keçirilməsi qaydaları barədə məlumatlandırılmasını və əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. - X3 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinin 03 nömrəli, xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, 1. İmişli şəhər Uşaq Musiqi məktəbinin xx.xx.2024-cü il tarixli 67 nömrəli əmrinə aşağıdakı dəyişikliklər edilmişdir: 1.1. Əmrin 2-ci hissəsində "fortepiano və musiqi nəzəriyyəsi ixtisasları" sözlərindən sonra "və digər bütün ixtisaslar" sözləri əlavə edilsin; 1.2. "2 (iki)" sözləri çıxarılsın; 1.3. "Komissiyası" sözü "Komissiyaları" sözü ilə, "(1 və 2 nömrəli əlavələr)" sözləri "(əlavə olunur)" sözləri ilə əvəz edilsin; 1.4. Əmrin 3-cü hissəsi aşağıdakı yeni redaksiyada verilsin: "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na uyğun olaraq İmişli şəhər Uşaq Musiqi məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimləri 2025-ci il fevralın 5-dən iyunun 5-dək, digər bütün ixtisaslar üzrə müəllimlər isə həmin ilin aprelin 1-dən dekabrın 30-dək attestasiyadan keçirilsinlər."

2. Əmrin surətinin aidiyyəti üzrə çatdırılması təmin edilsin.

3. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. İmişli şəhər Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair 2 nömrəli, xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, 1.İmişli şəhər Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə müəllimləri X7, X12, X8, X1 Eldanız Əvəz oğlu, X5 tutduqları vəzifəyə uyğun hesab edilmiş, 2. İmişli şəhər Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə muəllimləri X2 Səməndər Səlim oğlu, X6, X16 tutduqları vəzifəyə uyğun hesab edilməmişdir. Məhkəmə iclasında baxış keçirilmiş iddiaçı ilə aparılmış attestasiyanın audio-video yazısına baxış keçirilərkən müəyyən edilmişdir ki, attestasiya vərəqəsində qeyd edilmiş sual və cavablar aparılmış attestasiya uyğun tərtib edilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 11. İşəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək, əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək, əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək hüquqları vardır. Maddə 46.1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Maddə 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 67.1 Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 67.2 İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Maddə 67.3 İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. Maddə 67.4 İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. Maddə 67.6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 74. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Maddə 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 87.5. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 2.1-ci maddəsinə attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. 2.4-cü maddəsinə görə attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 2.6-cı maddəsinə görə attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı X3 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbi arasında əmək müqaviləsi bağlanmış və İddiaçı məktəbdə tar müəllimi vəzifəsində işləmişdir. 10 iyun 2025-ci il tarixdə keçirilmiş attestasiya nəticəsində İddiaçı ilə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə) xitam verilmişdir. İddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmamış, attestasiya qaydaları pozulmaqla attestasiya keçirilmiş, nəticədə vəzifəsinə xitam verilmişdir. İddia tələbinin attestasiyanın müəyyən edilmiş müddətdən artıq, yəni 40 dəqiqə keçirilməsi, iddiaçının imtahan müddətinin ilk 15 dəqiqəsini tarda, 10 dəqiqəsini isə fortepianoda ifa edərək sualları cavablandırması, tar müəllimi olduğu halda ona fortepianoya aid suallar verilməsi və fortepianoda ifa edilməsinin tələb edilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, əmək qanunvericiliyində attestasiyanın keçirilmə müddəti (dəqiqə və ya saatla) konkret olaraq müəyyən edilməmişdir. Həmçinin, video baxış zamanı iddiaçı iddia etdiyi kimi ondan fortepianoda ifa edilməsi tələb edilmir. Əksinə ona verilmiş sualları iddiaçı özü fortepiano üzərində göstərməklə cavablandırmağa çalışır. Bundan başqa, iddiaçıya tarda ifa etməsi üçün kifayət vaxt verilməklə imkan yaradılmışdır. Lakin, məhkəmə iclasında baxış keçirilmiş iddiaçı ilə aparılmış attestasiyanın audio-video yazısına baxış keçirilərkən müəyyən edilmişdir ki, attestasiya vərəqəsində qeyd edilmiş sual və cavablar aparılmış attestasiya uyğun tərtib edilmişdir. Belə ki, iddiaçı tərəfindən “Tar məktəbi kitabının neçə nəşri var?”, Xasiyyətli intervallar hansılardır?, Üçtonlu intervallar?, Si bemol major neçə işarəlidir? kimi sualları da cavablandırmamışdır. Həmçinin, attestasiyanın obyektiv və əsaslandırılmış, işçinin şəxsi ləyaqətini alçaltmadan və ya süni şəkildə çətinləşdirmədən, attestasiya qaydaları barədə işçiyə əvvəlcədən məlumat verilməklə keçirilmiş, bununla Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarında təsbit edilmiş prinsiplərə əməl edilmişdir. Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları və bu qərarlardakı formalaşdırılmış hüquqi mövqelər işəgötürənlər üçün də məcburidir. Belə ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4- cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli Qərarına əsasən işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. Hazırkı halda iddiaçı ilə bağlı əmək münasibətlərinə xitam verilərkən Məcəllənin 79cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlərin olmasına dair iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı iddia tələbinin əsası kimi attestasiya qaydalarının pozulmaqla ona ixtisasına uyğun olmayan sualların verilməsini, həmçinin imtahan zamanı həddindən artıq həyəcanlı olması ilə əsaslandırmağa çalışsa da, istər məhkəmə iclasında verdiyi izahatları, istərsə də tərəflərin iştirakı ilə tədqiq edilmiş videogörüntü ilə həmin halların öz təsdiqini tapmamışdir. “Attestasiyada iddiaçıya qarşı qərəzli mövqe tutulması” barədə iddianın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.6-cı maddəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Bu qanunvericilik aktlarında attestasiyanın ədalətli və obyektiv keçirilməsi, işçilərin peşəkarlığının düzgün qiymətləndirilməsi nəzərdə tutulur. Həmçinin, attesatasiya komissiyanın işçilərə qarşı qərəzsiz yanaşması və qiymətləndirmə zamanı hər hansı mənfi mövqeyin nümayiş etdirilməməsi vurğulanır. Məhkəmə qeyd edir ki, bərabərlik prinsipi attestasiya zamanı bütün işçilərə eyni vəzifə üzrə eyni tələblər və meyarlar əsasında sualların verilməsini tələb edir. Əgər bir işçiyə digərlərindən daha çətin və ya daha çox suallar verilirsə, bu onun haqsız yerə uğursuz nəticə göstərməsinə səbəb ola bilər. Həmçinin suallar obyektiv və işçinin peşə bacarıqları ilə əlaqəli olmalı, bütün işçilər eyni tələblər və meyarlar əsasında qiymətləndirilməlidirlər. İşçilərə fərqli və qərəzli yanaşılıbsa, bu qərəzsizlik prinsipinin pozulması deməkdir. İddiaçı ümumi şəkildə ona qarşı qərəzin olduğunu bildirsə də, həmin qərəzə əsas verə biləcək səbəblərin nədən qaynaqlandığını açıqlaya bilməmiş, təqdim edilmiş videogörüntü əsasında iddiaçının attestasiyanın qərəzli və qeyri-obyektiv keçirilməsi barədə dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının iştirakını özündə əks etdirən videogörüntülərdə onun həqiqətən də suallara konkret cavablar verə bilmədiyi, verilən suallar ətrafında ümumi cümlələr əsasında fikirlər söylədiyi görünü. Beləliklə, məhkəmə attestasiya vərəqəsində iddiaçı barəsində attestasiyanın nəticələrini əks etdirən qeydlərlə attestasiyanın audio-video yazısını müqayisə edərkən müəyyən etmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının cavabladığı suallar attestasiya vərəqəsində “cavab verdi”, cavablandıra bilmədiyi suallar isə “cavab verə bilmədi” kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların mütləq əksəriyyətinə ya cavab verə bilməmiş və ya səhv cavab vermişdir. Beləliklə, məhkəmə tərəfindən cavabdeh təşkilatda attestasiya keçirilərkən qanunvericiliyin tələblərinin, o cümlədən attestasiyanın keçirilməsi prosedurların pozulması müəyyən edilməmişdir. Həmçinin attestasiyanın nəticəsi olaraq iddiaçının barəsində mübahisələndirilən əmr qəbul olunarkən əmək qanunvericiliyin tələblərinin pozulması müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh X3 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar