Məhkəmə qərarları › İş №2(036)-3371/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3371/2022

13.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3371/2022 13.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, İddiaçı və cavabdeh İmişli Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh İmişli Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması və işə bərpa tələbi barədə” iddia ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İmişli Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin 30 avqust 2022-ci il tarixli, 640-a nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə, yəni İmişli Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin TTTY stansiyasının sürücüsü vəzifəsinə bərpa edilməsi və məhrum olduğu əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 1988-ci ildən İmişli Rayon Mərkəzi Xəstəxanasında sürücü vəzifəsində işləyir. O, işinə daim məsuliyyətli yanaşmış və heç bir qanunazidd hərəkətlər etməmişdir. Lakin, buna baxmayaraq cavabdeh İmişli Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsi onun razılığı olmadan xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə dəyişikliklər etməklə onu başqa bölməyə, aşağı vəzifəyə, yəni əmək haqqı aşağı olan sürücü vəzifəsinə keçirmişdir. Hesab edir ki, bununla bağlı cavabdeh İmişli Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin 30 avqust 2022-ci il tarixli, 640-a nömrəli əmri qanunsuzdur və ləğv olunmalıdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh İmişli Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İmişli Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin 30 avqust 2022-ci il tarixli, 640-a nömrəli əmri qanuni və əsaslıdır, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan arayışdan görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təsərrüfat şöbəsinə sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə keçidlə bağlı yaranmış yeni struktur və ştat cədvəlində TTTY şöbəsinə sürücü yerləşdirilmişdir. İmişli Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin 30 avqust 2022-ci il tarixli, 640-a nömrəli əmrinin surətindən görünür ki, İddiaçı vəzifə təlimatı ilə tanış olduğu halda təlimata uyğun öz əmək funksiyasına düzgün əməl etmədiyi üçün əmək müqaviləsində müvafiq dəyişiklik edilməklə həmin tarixdən Texniki dəstək bölməsinə sürücü vəzifəsinə yerdəyişmə olaraq keçirilmişdir. İşdən görünür ki, işəgötürən İmişli Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsi işçi İddiaçı əmək müqaviləsinə birtərəfli qaydada dəyişiklik etməklə başqa vəzifəyə keçirməsi barədə 30 avqust 2022-ci il tarixli, 640-a nömrəli əmrini işçinin əmək funksiyasına düzgün əməl etməsi ilə əsaslandırmışdır. Lakin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 60-cı maddəsinə görə işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, işçi İddiaçı əmək müqaviləsinə dəyişikliklər edilərkən onun razılığı olmamış, əmək müqaviləsinə dəyşikliklər onun razılığı olmadan əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla dəyişikliklər edilmiş və o, aşağı isxtisaslı işə keçirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İmişli Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin 30 avqust 2022-ci il tarixli, 640-a nömrəli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, işçi İddiaçı əvvəlki işinə, yəni İmişli Rayon Mərkəzi Xəstəxanasının TTTY şöbəsinin sürücüsü vəzifəsinə bərpa olunmalı və bərpa olunduğu günədək ona əvvəlki vəzifəsi ilə qanunsuz keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233-234, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İmişli Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin 30 avqust 2022-ci il tarixli, 640-a nömrəli əmri ləğv edilsin. İşçi İddiaçı əvvəlki işinə, yəni İmişli Rayon Mərkəzi Xəstəxanasının TTTY şöbəsinin sürücüsü vəzifəsinə bərpa olunsun və bərpa olunduğu günədək ona əvvəlki vəzifəsi ilə qanunsuz keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar