Məhkəmə qərarları › İş №2(036)-3397/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3397/2022

07.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3397/2022 07.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X6 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və mirasın qəbulu müddətinin uzadılması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X1nun vərəsəsi kimi tanınması ilə bağlı buraxılmış müddətin üzrlü hesab edilməsi və mirasın qəbulu müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, onun X1 04 avqust 1972-c ildə İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olmuşdur. X1 İ Qarabağ müharibəsində iştirak etmiş, müharibədə yaralanmış və oradan Bakı şəhərində yerləşən hospitala göndərilmişdir. Qardaşı 03 sentyabr 1992-ci ildə hospitalda vəfat etmişdir. Qeyd etmişdir ki, qardaşı müharibə zamanı şəhid olsa da, ona indiyədək şəhidlik statusu verilməmişdir. Hazırda o, qardaşına şəhidlik statusunun verilməsi üçün lazimi orqanlara müraciət etdikdə ona bildirmişdilər ki, ilk öncə o, mərhumun vərəsəsi kimi tanınmalıdır. O qardaşının vərəsəsi kimi tanınması və vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün X9 Xidmət mərkəzinin notariat ofisinə müraciət etmiş, lakin ona bildirmişdirlər ki, müddət keçib. Savadsızlıq üzündən üzürlü olaraq müddəti ötürmüşdür. Ona görə də, ötürülmüş müddət üzürlü sayılmalıdır. Odur ki, bütün bunların nəzərə alınmasını və ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh İmişli regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx xxxx 1966-cı il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, atası X5, anası X2r. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixli arayışdan görünür ki, X4 04 avqust 1972-ci il tarixdə İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olmuş, atası X5, anası X2r. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli arayışdan görünür ki, X4 03 sentyabr 1992-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixli arayışdan görünür ki, 04 avqust 1972-ci il tarixdə İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olmuş, 03 sentyabr 1992-ci ildə tarixdə vəfat etmiş X3 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 04 avqust 1990-cı ildən 03 sentyabr 1992-cı ilədək “Vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat informasiya sisteminə daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 nikahı haqqında akt eydi aşkar olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcələnin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən 6 ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnamə altı aydan da tez verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mərhum X3 vərəsəsi kimi tanınması ilə bağlı buraxılmış müddət üzrlü hesab edilməli və mirasın qəbulu müddətin uzadılması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mərhum X3 vərəsəsi kimi tanınması ilə bağlı buraxılmış müddət üzrlü hesab edilsin və mirasın qəbulu müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar