Məhkəmə qərarları › İş №2(036)-398/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-398/2024

06.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-398/2024 06.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh şəxsi cehiz əmlaklarını İmişli rayonu, Xəlfəli kəndində yerləşən sahibliyində və istifadəsində olan yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvlərilə birlikdə İmişli rayonu, Xəlfəli kəndində mülkiyyətində olan torpaq sahəsində yerləşən yaşayış evində yaşayır. X1 xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha girməklə evlənmiş və həmin vaxt cavabdehin cehiz əmlakı müvəqqəti olaraq onun evə yığılmışdır. Qısa müddət yaşadıqdan sonra oğlu ilə cavabdehin xasiyyəti uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuş və İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə boşanmışlar. Cavabdeh ona məxssus evdə yaşamadığı halda cehiz əmlakını onun evindən çıxarmır. Onun evi darısqaldır. İki subay oğlu vardır. Cavabdehin əmlakları onun evinin bir hissəsini tutduğundan evində yer qalmamış və bu səbəbdən övladları ailə qura bilmir. Dələlərlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh cehiz əmlakları olan 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd yataq çarpayısı, 2 ədəd tumba, 1 ədəd stol, 6 ədəd stul, 2 ədəd kreslo, 1 ədəd gəbə, 1 ədəd güzgü, 2 ədəd yorğan, 2 ədəd döşək, 1 ədəd televizor, 1 ədəd vedrə, qab-qacağ və digər xırda əşyaları yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxartmamışdır.

3. JN-061A Kod 90716018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə müəyyən olur ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə İmişli rayonu, Xəlfəli kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsində iddiaçıya məxsus 70 kv.m sahəsi olan yaşayış evi mövcuddur. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri

4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazı olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

5. İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.

6. Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Аzərbaycan Respublikasının Konistitusiyası

7. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

8. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi

9. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

10. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

11. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

12. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

13. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

18. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.

20. Belə ki, iş materialları ilə müəyyən olur ki, JN-061A Kod 90716018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə müəyyən olur ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə İmişli rayonu, Xəlfəli kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsində iddiaçıya məxsus 70 kv.m sahəsi olan yaşayış evi mövcuddur. İddiaçı ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır. İddiaçının X1 xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha girməklə evlənmiş və həmin vaxt cavabdehin cehiz əmlakı müvəqqəti olaraq onun evinə yığılmışdır. Qısa müddət yaşadıqdan sonra onların xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuş və İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə boşanmışlar. Cavabdeh iddiaçıya məxsus evdə yaşamadığı halda cehiz əmlakını onun evindən çıxarmır. Hazırda cavabdehin cehiz əmlakı – şifoner, servant, çarpayı, tumba, stol, stul, kreslo, gəbə, güzgü, yorğan-döşək, televizor, qab-qacağ və digər xırda əşyalar iddiaçıya məxsus yaşayış evində qalmaqla, onun sahiblik və istifadə hüququnu pozur və xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən həmin əmlaklar çıxarılıb aparılmamışdır.

21. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».

24. Prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir.

25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

26. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

27. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

28. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, Cavabdeh şəxsi cehiz əmlaklarını İddiaçı məxsus İmişli rayonu, Xəlfəli kəndində yerləşən sahibliyində və istifadəsində olan yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarmamaqla, sonuncunun mülkiyyət hüququnun pozulmasına səbəb olur.

29. Ona görə də, iddia qanuni və əsaslı olduğundan təmin edilib, Cavabdeh məxsus cehiz əmlakları İddiaçı məxsus İmişli rayonu, Xəlfəli kəndində yerləşən yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh məxsus cehiz əmlakları – 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd yataq çarpayısı, 2 ədəd tumba, 1 ədəd stol, 6 ədəd stul, 2 ədəd kreslo, 1 ədəd gəbə, 1 ədəd güzgü, 2 ədəd yorğan, 2 ədəd döşək, 1 ədəd televizor, 1 ədəd vedrə, qab-qacağ və digər xırda əşyalar İddiaçı məxsus İmişli rayonu, Xəlfəli kəndində yerləşən yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar