Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-41/2024 31.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********14 reyestr nömrəli çıxarışa əsasən onun və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş İmişli rayonu, Qaralar kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1.5328 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və torpaq sahəsindən istifadə etməyinə mane olan qanunazidd hərəkətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan İmişli rayonu, Qaralar kəndi ərazisində yerləşən 1.5328 ha pay torpaq sahəsi vardır. Torpaq sahəsinin Dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin planı və ölçüsü tərtib və təsdiq edilərək ona verilmişdir. Ailə baçısı olaraq torpaqdan istifadəni ona həvalə etmişlər. Kənddən kənarda olduğu üçün torpaq sahəsinə gec-gec gəlir. Sonradan ona məlum olmuşdur ki, Ağdərə rayonundan məcburi köçkün kimi gəlib İmişli rayonu, Qaralar kəndində məskunlaşmış və heyvandarlıqla məşğul olan Cavabdeh1 onun torpaq sahəsini 2003-cü ildən zəbt edib və əkin sahəsi kimi istifadə edir. Hazırda isə həmin torpaq sahəsindən İmişli rayonu, Qaralar kənd sakini Cavabdeh2 istifadə edir.
3. Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin **********14 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, İmişli rayonu, Qaralar kəndi ərazisində yerləşən 1.5328 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilmiş, iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9763 saylı rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən **********14 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 1.5328 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütünlüklə Cavabdeh2 tərəfindən istifadə olunur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
6. İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.
8. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
9. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
10. Maddə 29. Hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
12. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
13. Maddə 157.4. Mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
14. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
15. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
16. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
17. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
18. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
25. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
26. Belə ki, iş materialları ilə müəyyən olur ki, Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin **********14 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İmişli rayonu, Qaralar kəndi ərazisində yerləşən 1.5328 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilmiş, iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin torpaq sahəsi qanunsuz tutularaq istifadə edilir və iddiaçının mülkiyyət hüququ pozulmaqda davam edir.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9763 saylı rəyi qanuni və əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə iş üzrə sübut növü kimi qəbul edilməlidir.
28. Qanunvericiliyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
29. Hər kəsin məhkəmədə iddia qaldırmaq, pozulmuş hüquq və azadlıqlıqlarının bərpası üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ vardır.
30. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
32. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
33. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
34. Cavabdeh tərəf iddianın rədd edilməsi barədə öz etirazlarının əsasını təsdiq edən heç bir sübut təqdim etməmişdir.
35. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olub, işin faktiki hallarına uyğun olduğuna görə təmin edilməlidir.
36. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir.
37. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 100 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı xeyrinə ödənilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan İmişli rayonu, Qaralar kəndində yerləşən 1.5328 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın və torpaq sahəsi üzərində cavabdehlərin qanunazidd hərəkətlərinə son qoyulsun. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 100 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev